Ana Sayfa > Siyasət > COP29 - Azərbaycan daha yaxşı, təmiz, ədalətli dünya üçün öz töhfələrini verir

COP29 - Azərbaycan daha yaxşı, təmiz, ədalətli dünya üçün öz töhfələrini verir


Bu gün, 16:57. Yazar: sevinc1
COP29 - Azərbaycan daha yaxşı, təmiz, ədalətli dünya üçün öz töhfələrini verir

Dünyada baş verən geosiyasi proseslər, hərbi münaqişələr, müharibələr, iqtisadi təlatümlər, ölkələrə, dövlətlərə, xalqlar münasibətdə ayrı-seçkilik, ətraf mühit və iqlim dəyişiklikləri kimi qlobal məsələlər bəşəriyyəti düşündürür. Və bu gün gündəlikdə dayan aktual mövzulardan biri məhz iqlim dəyişiklikləri və onun fəsadlarıdır. Çünki, bütövlükdə insanlığın tarixi hazırkı ekoloji problemlərin həllindən asılıdır. Gələcəyimizə qarşı təhlükənin qarşısını almaq və ya azaltmaq bizim əlimizdədir. Və Azərbaycan da bu prosesdən kənarda qalmır. Biz də bu dünyanın sakinləriyik, eyni məsələlər bizi də narahat edir. Artıq neçə gündür davam edən COP 29-da keçirilən toplantılar, panellər, aksiya və layihələr, imzalanan mühüm bəyannamələr, qəbul olunan qərarlar, səsləndirilən qlobal təşəbbüs və çağırışlar bir daha göstərir ki, tədbir çox məhsuldar və faydalı keçir.

Həmişə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən COP29 Liderlər Zirvə Toplantısının açılış mərasimindəki çıxışında da mühüm mesajlar verildi. Ölkə prezidenti ilk növbədə 200-ə yaxın ölkənin COP29-un Bakıda keçirilməsi ilə bağlı yekdil qərarının Azərbaycana hörmət əlaməti və beynəlxalq aləmdə fəal rolumuzun qiymətləndirilməsi olduğunu vurğuladı.

Azərbaycanda dini və milli tolerantlığın mövcudluğunu onun dövlətçilik tarixi təsdiq edir. Ölkəmizdə tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməmiş və dini qarşıdurma olmamışdır. Cənab Prezident İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər Azərbaycanı regionda və dünyada tolerantlıq nümunəsinə çevirmişdir. Həmçinin, Azərbaycanın bu təcrübəsi dünyada gedən proseslərə müsbət töhfələr verir. Ölkə başçısı çıxışı zamanı bu məsələyə xüsusi toxundu: “Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır”. Cənab İlham Əliyevin bu fikirləri əslində bir çox məsələlərə aydınlıq gətirir. Məlumdur ki, qloballaşma prosesi hər birimizi ümumi məkanın sakinlərinə çeviribdir. Burada insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik normaları, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır. Milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəmək tolerantlığın ən vacib amilidir. Bu prinsip və normalara əməl olunmadıqda düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırımı, müharibələr baş verir. Və əfsuslar olsun ki, bu qarşıdurmaların sayı azalmır, əksinə artır. Necə ki, biz bunun şahidiyik. Və Azərbaycan Prezidentinin bu mesajı “demokratiyadan”, “insan hüquq və azadlıqlarından”, “qanunun aliliyindən” bəhs edən ölkə və dövlətlərə idi. Hüquq bərabərliyi ikili standartlarla, xalqlar və millətlər arasında ayrı-seçkilik salmaqla tərs mütənasibdir. Sammitdə çıxış edən dövlətimizin başçısı bir daha qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini Azərbaycan öz gücü ilə icra etdi: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu. Həmin qətnamələr otuz il kağız üzərində qaldı. Biz həmin qətnamələrin tələblərini öz gücümüzlə icra etdik, beynəlxalq hüququ və ədaləti bərpa etdik, Ermənistanın işğalına son qoyduq”. Bu həm də bölgədə yeni reallığın yaranması ilə nəticələndi. Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndi, yeni imkanlar yaratdı. Digər tərəfdən xüsusilə vurğulamaq lazımdır ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrlik etdiyi müddət ərazində bir çox layihələr həyata keçirmişdir ki, bu da qurumun daha gücləndirilməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına öz müsbət təsirini göstərmişdir. Hazırda isə Azərbaycan tək region ölkələri üçün deyil, bütövlükdə Qlobal Cənubla Qlobal Şimal arasında əməkdaşlığın, münasibətlərin qurulması üçün addımlar atır. Cənab İlham Əliyevin dediyi kimi, “COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun”.

Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə seçilməsi ilə paralel olaraq ölkəyə qarşı “koordinasiyalı qarayaxma kampaniyası”nın “hədəfinə çevrildi”. Bunun fonunda özlərini müstəqil adlandıran bir sıra QHT və siyasətçilər Azərbaycan haqqında daha çox dezinformasiya yaymaq üçün sanki bir-biri ilə rəqabət aparırdılar. Beləliklə, İlham Əliyev xarici mediadan, beynəlxalq strukturlardan, belə deyək, “vətəndaş” birliklərdən bəzi qüvvələrin əslində heç də müstəqil olmadığını çox aydın nümayiş etdirdi. Eyni zamanda, dəfələrlə qeyd etdiyimiz kimi, rəsmi Bakı istənilən anti-Azərbaycan təxribatlarına, o cümlədən dünya geosiyasətinin ideoloji aspektlərinə hazırdır. Ona görə də istənilən sahədə, istər diplomatik, istər siyasi-iqtisadi, istər hərbi, istərsə də mədəni-tarixi sahədə Bakıdan həmişə dərhal əhəmiyyətli cavab gəlir. Üstəlik, azərbaycanofoblara ciddi reaksiya ölkədə müəyyən böyük forumların uğurla keçirilməsi prizmasından keçir. Bu qərəzli qüvvələrin səylərini mənasız edən mühüm fakordur. Və noyabrın 11-dən çox uğurla başlayan və əhəmiyyətli qərarlarla, təşəbbüslərlə davam edən COP29 buna əyani misaldır.

Artıq neçə gündür ki, dünya Bakıdan danışır. Aparıcı media quruluşlarının xəbərlərində Bakının, Azərbaycanın adı çəkilir. Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici dairələrin COP29-u boykot kampaniyası isə iflasa uğradı.

Azərbaycan dünya miqyaslı tədbirə ev sahibliyi etməklə təşkilatçılıq bacarığını ortaya qoydu. BMT-nin bu ali tədbirini yüksək səviyyədə təşkil edən ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmləndi. Bakıda keçirilən COP29 sammitində gərgin iş nəticəsiz qalmadı - ekspertlər əldə olunmuş ilk razılaşmalardan məmnunluqla danışırlar. Xüsusilə, forum iştirakçıları qlobal “yaşıl” gündəliyin mühüm vəzifələrini, BMT-nin məqsədlərinə çatmaq üçün atılan addımları, qlobal temperatur artımının məhdudlaşdırılması üzrə Paris Sazişində təsbit olunmuş iqlim öhdəliklərinə sadiqliyini fəal şəkildə nümayiş etdirərək müzakirə ediblər. COP29 əvvəlki konfranslardan yaxşılığa doğru fərqlənir. Bu, ilk növbədə iqlim layihələrinin maliyyələşdirilməsinin müzakirəsi ilə bağlıdır. COP29-da artıq 100 milyard dollar dəyərində iqlim dəyişikliyi proqramları üçün maliyyələşdirmə barədə razılığa gəlindi. Bu da onu göstərir ki, müxtəlif ölkələrin təmsil olunduğu dünya ictimaiyyəti buna bir neçə il əvvəlkindən qat-qat ciddi yanaşır. COP29-un digər uğurlarından biri də dünyanın Afrika ölkələrinin, Yaxın Şərq və Asiya dövlətlərinin səsini çox aydın eşitməsidir.

Məlumdur ki, Paris sazişi çərçivəsində həllini tapmayan əsas məsələlərdən biri də karbon bazarlarının tənzimlənməsini nəzərdə tutan 6-cı maddə idi. COP29-da bu məsələ ilə bağlı irəliləyiş qlobal iqlim siyasəti tarixində dönüş nöqtəsi desək yanılmarıq. Karbon kreditlərinin beynəlxalq mübadiləsi və iqlim maliyyəsi ilə bağlı mexanizmlər xüsusilə inkişaf etməkdə olan ölkələr üçün böyük əhəmiyyət kəsb edir. ABŞ və Avropa İttifaqının rəhbərliyi ilə əldə olunan razılaşma Azərbaycanın təşkil etdiyi tədbirin tarixi əhəmiyyətini daha da gücləndirdi. 2015-ci ilin dekabrında Parisdə COP21 çərçivəsində qəbul edilmiş Paris Sazişi qlobal iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm hüquqi sənəd kimi tarixə düşüb. Razılaşmanın əsas məqsədi qlobal istiləşməni Sənaye İnqilabından əvvəlki səviyyələrlə müqayisədə 2°C-dən aşağı saxlamaq və limiti mümkün qədər 1,5°C-ə yaxın saxlamaqdır. Bu məqsəd həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin birgə fəaliyyətini tələb edir və qlobal əməkdaşlıq üçün vahid çərçivə yaradır. COP29-dan əsas gözlənti iqlim maliyyəsi üçün ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) razılaşdırılmasıdır. COP29-un sədrliyi 14 təşəbbüs irəli sürmüşdür.COP29 zamanı əldə edilmiş iqlim maliyyəsi sazişləri qlobal səviyyədə davamlı inkişaf üçün yeni imkanlar açmışdır. Dünya Bankı maliyyə öhdəliyini 170 milyard dollara çatdıracağını açıqlayıb. Bundan əlavə, Aİ və digər beynəlxalq maliyyə institutları inkişaf etməkdə olan ölkələr üçün əlavə iqlim fondları ayırmağı öhdələrinə götürüblər. Bu vəsaitlər təmiz enerji texnologiyalarının tətbiqi, karbon emissiyalarının azaldılması və ekoloji layihələrin həyata keçirilməsi üçün istifadə olunacaqdır.

Bu tədbir vasitəsilə beynəlxalq maliyyə institutları ilə əlaqələrini daha da gücləndirən Azərbaycan qlobal iqlim siyasətində lider mövqeyə yüksəlmişdir. COP29-un təşkili zamanı göstərilən yüksək təşkilatçılıq və diplomatik səylər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Tədbir zamanı Azərbaycan dünya liderləri və maliyyə institutları ilə gələcək əməkdaşlıq üçün mühüm platforma yaradır. COP29 Azərbaycanın daxili inkişaf strategiyasında da mühüm rol oynamışdır. Təmiz enerji layihələrinin genişləndirilməsi, yaşıl texnologiyaların tətbiqi və karbon emissiyalarının azaldılması üçün yeni təşəbbüslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artıracaqdır. Azərbaycanın davamlı enerji siyasəti həm daxili ehtiyacların ödənilməsi, həm də qlobal iqlim siyasətində nümunə olmaq üçün yeni imkanlar açır.

Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova
Geri dön