Ana Sayfa > Siyasət > Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir15-11-2024, 18:31. Yazar: sevinc1 |
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Sammitin moderatoru, Millətlər Birliyi təşkilatının Baş katibi Patrisia Skotlend ilk sözü Azərbaycan Prezidentinə verərək qeyd etdi ki, bugünkü tədbiri Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyev ilə açmaqdan şərəf hissi duyuram. Cənab Prezident Azərbaycan iqtisadiyyatının tam və yaddaqalan transformasiyasına nail olub. Biz onun iqlim fəaliyyətində rolunun artmasının, daha güclü beynəlxalq tərəfdaşlığın qurulmasının, xüsusən də BMT, Qoşulmama Hərəkatı və Millətlər Birliyi kimi təşkilatlar vasitəsilə əməkdaşlığı gücləndirdiyinin şahidiyik. Prezident İlham Əliyev çıxışının əvvəlində Azərbaycanın COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərin yeni, daha yüksək səviyyəyə qalxdığını qeyd edərək bildirdi ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir, onlara maddi və texniki dəstək göstərmək lazımdır ki, ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Dövlət başçısı Azərbaycanın kiçik ada dövlətlərinə birmənalı dəstək nümayiş etdirdiyini vurğuladı: “Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”. Azərbaycan Prezidenti qeyd etdi ki, həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərlərinin Azərbaycana səfər etdiyini vurğulayan dövlət başçısı diqqətə çatdırdı ki, qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı. Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırdığını qeyd edən Prezident ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi - “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmasını xatırlatdı. Neokolonializm və iqlim dəyişmələrinə diqqət çəkən Prezident bildirdi ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsinin bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulduğunu vurğulayan dövlət başçısı bu gün, XXI əsrdə də onların da müstəmləkə hakimiyyətindən əziyyət çəkdiklərini diqqətə çatdırdı. Dövlət başçımız çıxışının sonunda dedi: “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”. Səlim Məmmədov Abşeron rayonu, Masazır kənd 5 saylı tam orta məktəbin direktoru Geri dön |