Ana Sayfa > Siyasət > İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır
İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır15-11-2024, 18:04. Yazar: sevinc1 |
Azərbaycan beynəlxalq səviyyədə ilin ən mühüm tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bakı bu istiqamətdə hazırlıq işlərinə hələ xeyli əvvəldən başlayıb, ayrı-ayrı dövlət və hökumət başçılarına dəvətlər göndərilib, bəşəriyyət üçün qlobal problem kimi xarakterizə edilən iqlim dəyişikliklərinin müzakirə ediləcəyi COP29-un məqsəd və məramı anladılıb. Bu tədbirdə müzakirə ediləcək mövzular da aktuallıq baxımından mühüm önəm daşıyır. Bir müddət əvvəl Almaniyada keçirilən Petersberq İqlim Dialoqu zamanı COP29-un əsas mövzusunun iqlim dəyişikliyinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi olacağı açıqlanıb. Əslində dünyada iqlim dəyişikliyi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi məsələsi ciddi müzakirələrə yol açır. Bu məsələdə müxtəlif dövlətlərin mövqelərini və yanaşmalarını uzlaşdırmaq çox çətindir. Ekspertlər COP29-a bütün bəşəriyyəti təhdid edən iqlim dəyişmələri ilə mübarizədə maliyyənin ayrılması istiqamətində ortaq qərarın verilməsi üçün fürsət kimi baxırlar. Bakıda keçirilən COP29 tədbirində yoxsul ölkələrə iqlimlə bağlı maliyyə vəsaiti ayırmaq, onlara istixana qazı emissiyalarını azaltmaq və ekstremal havanın təsirlərinə uyğunlaşmaqda kömək etmək istiqamətində razılığa gəlinməsi gözlənilir. Bu baxımdan COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tarixi görüş hesab olunur. Belə ki, COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək istiqamətində konkret addımlar atmaq üçün bir fürsətdir. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi bir daha tədbirin möhtəşəmliyini sübut etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çıxışı isə çox mühüm məsələləri əhatə etdi. Cənab Prezident bildirib ki, “Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”. Bakının qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində irəli sürdüyü təşəbbüslər də var bunlar olduqca maraqlıdır. Məsələn, üç ölkə mexanizminin yaradılması. Cənab Prezident İlham Əliyev bu yaxınlarda "Euronews" kanalına müsahibəsində bu təşəbbüsü COP tarixində yenilik kimi təqdim edib. "Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə "siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız" deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik. Olduqca maraqlı və məntiqli yanaşmadır. Belə demək mümkündür ki, bu təşəbbüs hədəfə doğru gedən yolu müəyyən edəcək, konkret işlərin görülməsini təmin edəcəkdir. Azərbaycan da qlobal dünyanın bir parçası olaraq iqlim dəyişikliklərinin yaratdığı problemlərlə üz-üzədir. Dövlət başçısının da vurğuladığı kimi, Xəzərin sahilinə nəzər salmaq kifayətdir. "İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq". Bakı həm COP29-un ev sahibi kimi, həm də neft-qaz istehsalçısı olaraq iqlim dəyişiklikləri ilə mübarizədə digərlərinə nümunə sayıla biləcək addımlar da atır. Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Yaşıl iqtisadiyyata keçid və yaşıl enerji təchizatçısına çevrilmək ölkəmizin iqtisadi siyasətinin prioritetlərindəndir. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Bakı 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək niyyətində olduğunu elan edib. Yaşıl enerjiyə keçiddə regional lider kimi Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını, həmçinin Naxçıvan bölgəsini 2050-ci ilə qədər "sıfır emissiya zonasına çevirmək niyyətindədir. İndiyədək əldə edilən təcrübəni nəzərə alaraq, bu missiyanın uğurla reallaşdırılacağını əminliklə söyləyə bilərik. Gülər Sultanzadə, YAP Yasamal rayon təşkilatının fəal üzvü. Geri dön |