Ana Sayfa > Siyasət > Üçtərəfli bəyanat Ermənistanın hərbi kapitulyasiyası oldu
Üçtərəfli bəyanat Ermənistanın hərbi kapitulyasiyası olduDünən, 20:02. Yazar: sevinc1 |
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat 30 ildən çox davam edən münaqişənin aradan qaldırılması istiqamətində atılan mühüm addım oldu. Bəyanatın imzalanması ilə bir sıra əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlar əldə edildi. Ən əsası isə, bu bəyanat regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət edəcək, “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi “Mehri dəhlizi”nin açılması olacaq ki, bu da, ilk növbədə, Naxçıvana və sonra da qardaş Türkiyəyə dəmir yolunun açılması deməkdir. Həm də bu kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək. Üçtərəfli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda da bu məqamı xüsusi vurğulayaraq demişdir: "Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq". Bəyanat status-kvonu da dəyişdi. Azərbaycan Prezidenti İlham Əliyev 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra xalqa müraciətində bildirdi ki, bu bəyanatda Dağlıq Qarabağın statusu məsələsi yoxdur və bu tarixi Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları Bəyanat müzəffər ordumuzun zəfər yürüşü nəticəsində yaranmış reallıqdır, Azərbaycanın tam və şərtsiz Qələbəsinin əyani sübutudur. Bəyənatdan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhəri, Zabux və Sus kəndləri qan tökülmədən qaytarıldı. Azərbaycanla Türkiyə arasında 2021-ci il iyunun 15-də tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipi irəli sürüldü. Ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması məsələləri gündəmə gəldi. Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyalar yaradıldı. Cənab Prezident İlham Əliyevin 2022-ci 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyü tanındı. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimiz yenidən qurulmağa başladı. Öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə qayıtmağa başladı. 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam bərpa edildi. Bütü bunlar üçtərəfli bəyənatdan sonra baş verdi. Qürur yaşadıq, şərəf duyduq, cənab Prezidentin şəriksiz liderliyinin gerçək həqiqətlərini yaşadıq. Arif Fərzəliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri. Geri dön |