Ana Sayfa > İqtisadiyyat / Karusel > Sığortada nağd ödəmələrə qadağa – YENİ QAYDA

Sığortada nağd ödəmələrə qadağa – YENİ QAYDA


12-01-2017, 12:26. Yazar: admin



Bu il yanvarın 1-dən etibarən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, həm sığorta haqqlarının qəbulu, həm də sığorta ödənişləri nağdsız şəkildə həyata keçirilməlidir.

Oxu.Az xəbər verir ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4.2-ci maddəsinə əsasən “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər aparılan zaman vətəndaş ilə sığorta şirkəti arasındakı bütün ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Nağdsız hesablaşma bütün sığorta növlərinə aid edilib

Vergi və hüquq sahəsi üzrə ekspert Vəli Əliyev yeniliklə bağlı münasibət bildirib. Onun sözlərinə görə, bu məsələnin sadə dillə izahı ondan ibarətdir ki, nəqliyyat vasitəsini icbari sığorta etdirən vətəndaş ilk növbədə sığorta haqqını ya sığorta şirkətinin bank hesabına ödəməli, yaxud ödəniş kartından istifadə etməklə nağdsız qaydada ödəməlidir:

“Qanunvericilik sığorta təşkilatlarına sığorta haqqının nağd qəbulunu qadağan edir. Bu səbəbdən ödəniş kartı olmadığı halda qısa vaxt ərzində avtomobillərin icbari sığortasını həyata keçirmək mümkün olmayacaq.

Bundan əlavə, növbəti mərhələdə yol nəqliyyat hadisəsi, yəni sığorta hadisəsi baş verdikdə sığorta şirkəti vətəndaşa dəymiş ziyanın qarşılığında nağd pul vəsaitini verə bilməyəcək. Çünki qanunvericilik yenə sığortalıya ödənilməli pul vəsaitinin nağd verilməsini sığorta şirkətlərinə qadağan edir. Odur ki, hər bir nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsini sığorta etdirdikdə bilməlidir ki, sığorta ödənişini almaq üçün mütləq bank hesabına malik olmalıdır”.

Pozuntuya yol verən şirkətlər cərimələnəcək

Ekspert bildirir ki, həm sığorta haqqını, həm də sığorta ödənişi nağdsız şəkildə qəbul etməyən sığorta şirkətləri cərimə olunacaq:

“Vergilər Məcəlləsinin 58.7 maddəsinə əsasən ilk dəfə qanun pozuntusu aşkar edilərsə, nağd hesablaşma aparılan məbləğin 10%-i, növbəti dəfə 20%-i, daha sonra isə 40%-i cərimə ediləcək”.
Geri dön