Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Azərbaycan Türk dünyasının önəmli bir parçasıdır
Anar Nəbiyev: Azərbaycan Türk dünyasının önəmli bir parçasıdır14-11-2024, 12:06. Yazar: sevinc1 |
Bu günlərdə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü günümüzün əsas çağırışlarından olan türk dünyasının birliyinə, həmrəyliyinə bir daha işıq saldı. Dövlət başçısı İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu önə çəkərək bildirdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil: “Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”. Qeyd edək ki, 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb. Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Tarixin bütün dönəmlərində türklər özlərinin qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri ilə seçilmiş, dünyanın ən üstün dəyərlərə malik sivilizasiyalarından birinə sahib olublar. Türk sivilizasiyası dedikdə bəşəriyyətin inkişafına saysız-hesabsız töhfələr vermiş, qədim mədəniyyətə, incəsənətə, hərtərəfli elmə və biliyə, həmçinin sağlam gücə malik olan sivilizasiya nəzərdə tutulur. Bəşər sivilizasiyası tarixində özünəməxsus yeri olan türk sivilizasiyası əsrlər boyu şərəfli yol qət edərək hazırkı inkişaf səviyyəsinə çatıb. Dünyanın ikili standartlara əsaslanan siyasətinin davam etdiyi bir dövrdə Türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə göstərir. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyev sözügedən Zirvə görüşündəki çıxışında bu reallıqları da diqqətə çatdırdı ki, ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər: “Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim”. Münasibətlərin inkişafında nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında qeyd etdi ki, son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək. Prezident İlham Əliyev türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirləri ilə bir daha təsdiqləyir: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”. Dövlətimizin başçısı hələ bir neçə il əvvəl Türk Dövlətləri Təşkilatının gözəl gələcəyinin olacağını bildirmişdir: “Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir”. Ümumilikdə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının gücləndirilməsində əhəmiyyətli rol oynayır. TDT-yə üzv dövlətlər Prezident İlham Əliyevin bu istiqamətdəki fikirlərini bölüşür, eyni zamanda, təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır. Anar Nəbiyev YAP Qazax rayon təşkilatının sədri Geri dön |