Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına mühüm töhfələr verəcək”
Novruzəli Aslanov: “COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına mühüm töhfələr verəcək”13-11-2024, 15:21. Yazar: sevinc1 |
“Azərbaycan qlobal miqyasda növbəti möhtəşəm uğura imza atdı. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başladı. Keçən ilin dekabr ayında dünyanın 200 ölkəsinin yekdil rəyi ilə COP29-a ev sahibliyi hüququ Azərbaycana verilmişdi. Əlbəttə ki, ölkəmizə göstərilən bu böyük etimad və hörmət ilk növbədə cənab Prezident İlham Əliyevin son iyirmi bir ildə gördüyü möhtəşəm işlər, hər zaman nümayiş etdirdiyi siyasi iradə və qətiyyət, eləcə də davamlı olaraq həyata keçirdiyi müstəqil xarici siyasət sayəsində qazanılmışdır. Azərbaycan irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində kifayət qədər təcrübəyə malikdir. Lakin COP29 bu vaxta qədər keçirilmiş tədbirlərin heç biri ilə müqayisəyə gəlmir. Bu gün Azərbaycanda keçirilən Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün 196 ölkədən 72 min xarici nümayəndə qeydiyyatdan keçib. Bununla belə, hətta qlobal beynəlxalq tədbirin ilk günündə artıq heç kim şübhə etmir ki, ölkəmiz üzərinə götürdüyü bu məsuliyyətli işin öhdəsindən ləyaqətlə gələcək. COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə vermək üçün, Qlobal Cənubla Qlobal Şimal arasında qarşılıqlı faydalı əlaqələrin qurulması üçün əlindən gələni edəcək.” Bu fikirləri Bakıda keçirilən COP29 tədbiri ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib. Deputat daha sonra COP29-un ilk günündə baş tutmuş “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Son bir neçə ildə Avrasiya məkanında cərəyan edən məlum geosiyasi proseslər enerji amilinin siyasi hadisələrə təsiri fonunda Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyətini getdikcə artırır. Avropa Birliyi enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini yüksək dəyərləndirir. İkinci bir tərəfdən də regionun özündə enerji məsələsi getdikcə daha aktual problem kimi ortaya çıxır. Azərbaycan istər region ölkəlri, istərsə də Avropa dövlətləri ilə əməkdaşlıqda özünü etibarlı tərəfdaş kimi təqdim edə bilib. Bununla belə, hazırda bərpaolunan enerji ilə bağlı dünya və Avropa şirkətləri də Azərbaycana böyük maraq göstərirlər. Əlbəttə ki, Azərbaycan energetikanın bu sahəsində də lider mövqelərini tutmağa iddialıdır. Hələ iki il bundan əvvəl Buxarest şəhərində keçirilmiş yaşıl enerjiyə dair mühüm tədbirdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək, yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzaladılar. Bu layihə çərçivəsində Azərbaycan ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcək. Məlumdur ki, Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var və bu potensial bütünlüklə xalqımızın rifahına, dövlətimizin daha da güclənməsinə yönəldiləcək. Öz çıxışında cənab Prezident İlham Əliyev Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi sayəsində ölkəmizin yaşıl enerjini Avropaya nəql edəcəyini diqqətə çatdırdı və bildirdi ki, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Əlbəttə ki, COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi Azərbaycanın öz məqsədlərinə doğru inam və qətiyyətlə getdiyini bir daha nümayiş etdirmiş oldu. Bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. “Şəfəq” GES-də illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir. Bu layihənin icrası həm milli iqtisadiyyata, həm də konsorsium üzvlərinin, o cümlədən SOCAR-ın dekarbonizasiya səylərinə mühüm töhfə verəcək” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb. Geri dön |