Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-1 > Səttar Möhbalıyev: “Azərbaycan qlobal iqlim məsələlərinin müzakirəsi üçün vacib platformadır"

Səttar Möhbalıyev: “Azərbaycan qlobal iqlim məsələlərinin müzakirəsi üçün vacib platformadır"


Dünən, 13:26. Yazar: sevinc1
Səttar Möhbalıyev: “Azərbaycan qlobal iqlim məsələlərinin müzakirəsi üçün vacib platformadır"

“İnsanların iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısının alınması məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer sammitində Çərçivə Konvensiyası imzalanmışdır. COP adlanan bu saziş ingilis dilindən tərcümədə (Conference of Parties) sözlərinin baş hərflərinin birləşməsindən götürülüb, mənası “tərəflərin konfransı” deməkdir. COP tədbirləri 1995-ci ildən indiyə kimi hər il keçirilmişdir. İlk tədbir 1995-ci ilin mart ayında Berlində baş tutmuşdur. COP, hər ilin müəyyən bir ayında dünya liderlərinin iştirakı ilə keçirilən konfransdır. İqlim böhranı və su qıtlığı kimi qlobal problemlərin həlli yollarını tapmaq və bu problemlərlə mübarizə üçün gələcək strateji planların hazırlanması məqsədi daşıyır. Tərəflər konvensiyaya üzv olan 198 ölkədən ibarətdir. Katibliyi Almaniyanın Bonn şəhərində yerləşir. COP Paris Sazişinin məqsədlərinə nail olmaq üçün hər il dünyanın aparıcı ölkələrində keçirilən tarixi bir görüşdür.
COP 29-un ölkəmizdə keçirilməsinə dair qərar həm yerli, həm də xarici müşahidəçilər tərəfindən mühüm bir hadisə kimi qiymətləndirilir. Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Bunun həm siyasi, həm də iqtisadi əhəmiyyəti vardır. Bu tədbirin ölkəmizdə keçirilməsinin mühüm tərəflərindən biri də odur ki, dünyanın hər yerindən gələcək 70-80 min qonaq işğaldan azad edilmiş rayonlarımıza səfər edəcək, bu ərazilərimizlə yaxından tanış olacaq. Bu həm də gələcək illərdə turizmin inkişafına da güclü təkan verəcəkdir.”

Bu sözləri aia.az-a müsahibəsində Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləmişdir.

Müsahibimiz qeyd edib ki, “noyabrın 11-də Azərbaycanın paytaxtında İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 fəaliyyətə başlayıb. COP29 tədbirində iştirak üçün 196 ölkədən gəlmiş 72 min nəfər qeydiyyatdan keçib. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Bu da onu göstərir ki, Azərbaycanın ev sahibliyi etdiyi bu mühüm beynəlxalq tədbir kifayət qədər önəmlidir, dünyada gedən proseslərin idarə edilməsində xüsusi əhəmiyyətə malikdir.
Noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək lkəmizin mövqeyini ifadə etmişdir.”

Səttar Möhbalıyev bildirib ki, bir sıra Qərb dairələri bu prosesə mane olmağa, konfransı boykot etməyə çalışsalar da öz niyyətlərinə çata bilməyiblər. Çünki Azərbaycan öz müdrik rəhbərinin siyasi xəttinə sadiq qalaraq dünya üçün, bəşəriyyət üçün əhəmiyyətli olacaq addımlar atır və atmaqda davam edir.
Ölkəmizin başçısı qeyd etmişdir ki, Azərbaycan BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik edən, təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan, Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayan və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edən bir ölkədir: “ Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq.”
Millət vəkili qeyd edib ki, qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malik olan ölkəmizi dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası neft dövləti adlandırıb bizi ekologiyanı korlamaqda ittiham etməsi absurddur. Necə deyərlər, öz gözlərində tiri görməyənlər, özgə gözündə tük axtarmaqla məşğuldurlar. Halbuki Azərbaycanda həyata keçirilən meqalayihələr göstərir ki, bu, tezliklə bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək. Ölkəmizin başçısı öz çıxışında deyib: “Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.”
Müsahibimiz sonda qeyd edib ki, bütün maneələrə baxmayaraq, ölkəmizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət bir daha göstərdi ki, Azərbaycan qlobal iqlim məsələlərinin müzakirəsi üçün vacib platformadır".
Geri dön