Ana Sayfa > Siyasət > Türk birliyi ideyasının dərin kökləri var
Türk birliyi ideyasının dərin kökləri var8-11-2024, 21:20. Yazar: sevinc1 |
Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilib. Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib. Cənab Prezident bildirib ki, “Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır. Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim. 200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləmişdir.Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”. Prezident çıxışında əməkdaşlığın hərtərəfli inkişafından da danışıb. Cənab Prezident ən mühüm tədbirlərdə belə bu məsələnin aktuallığını və vacibliyini diqqətə çatdrıb. Hətta cənab Prezident andiçmə mərasimindəki nitqində söylədiyi fikirlərdə Azərbaycanın bu təşkilat daxilində vizyonu elan olundu, fəaliyyət istiqamətləri, yol xəritəsi göstərildi. Əslində Türk birliyi ideyası yeni ideya deyil. XX əsrin əvvəllərində Türkiyədə və türklərin yaşadıqları digər ərazilərdə bu ideyaya könül verən insanlar çox olmuşdur. Beləliklə, bu ideya bir məfkurə halına gətirilib. Türk dünyasının birliyi, Turan dövləti qurmaq istəyi türklərin yaşadığı coğrafiyada getdikcə yayılmağa başlayıb. Bunun əsas memarlarından biri də Bağçasarayda fəaliyyət göstərən “Tərcüman” qəzetinin yaradıcısı və redaktoru İsmayıl bəy Qaspıralı idi. XX əsrin əvvəllərində Azərbaycandan gedən maarifpərvər ziyalılar Osmanlı dövlətində bu ideyanın yayılmasına və bir düşüncə sistemi kimi cəmiyyətin nüfuzlu dairələrində yer almasına nail oldular. Daha sonra Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyət istiqamətlərində də bu ideya yer almağa başladı. Belə ki, İttihat ve Terakki partiyaları bu ideyanı mənimsəyib yaymağa başladılar. Birinci Dünya müharibəsindən sonra Ənvər paşa Mərkəzi Asiyaya gələrək Turan ordusu qurmaq təşəbbüsünü irəli sürdü. Ancaq bu ideya uğurla nəticələnmədi. Türklərin yaşadığı Mərkəzi Asiyada və digər dövlətlərdə müstəqillikləri süquta yetiriləndən sonra siyasi repressiyalar başladı. Türkçülük düşüncəsinin daşıyıcısı olan insanlar 1937-1938-ci illərdə repressiyalara məruz qaldılar. Ancaq xalqların qəlbində hər zaman Türk dünyasının birliyi ideyası hökm sürürdü. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan müstəqil olduqdan sonra bu ölkələrin ziyalıları Türk birliyi məsələsini zamanla gündəmə gətirdilər. Nəhayət 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında türkdilli dövlətlərin başçıları bir araya gəldilər və onlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaratdılar. Məlumdur ki, təşkilatın yarandığı ilk illərdə onun statusu bir o qədər də geniş olmayıb. Amma bu Əməkdaşlıq Şurasını hərbi, siyasi, iqtisadi qurum kimi formalaşdırmaq üçün keçirilən Zirvə görüşləri daha sonrakı illərdə nəticəsini verdi. Artıq Türk Dövlətləri Təşkilatı adında bir qurum var və Türk dövlətləri bu təşkilat çərçivəsində iqtisadi, siyasi, hərbi və mədəni sahələrdə əməkdaşlıq edir. Bəzi hallarda bu təşkilatın fəaliyyətinə kənar qüvvələr tərəfindən paxıllıq və qibtə edənlər də olur. Ancaq Türk Dövlətləri Təşkilatı müstəqil qurum kimi heç bir başqa dövlətin daxili işlərinə qarışmadan eyni dilə və köklərə malik olan ölkələrin mədəniyyətlərin birliyi kimi formalaşmağa başlayıb. Bütün bunlar olduqca qürur verən məsələlərdir. TDT-nin çox böyük perspektivi var və yaxın gələcəkdə bu dövlətlər öz sıralarına dövləti olmayan türk xalqlarını da cəlb edə bilərlər.Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. Bu siyasi-iqtisadi və hərbi birlik gələcəkdə Türk dövlətlərinin birləşdirilməsində mühüm rol oynayacaq. Azərbaycan üçün də bu təşkilatın çox böyük əhəmiyyəti var. Çünki coğrafi məkan baxımından Şərqdən Qərbə uzanan bütün kommunikasiya xətləri Azərbaycandan keçir. Ona görə də Azərbaycan regionun lider dövləti qismində çıxış edir. Dövlətimizin başçısı da çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin davam etdirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırdı. Bu təşkilatın Azərbaycan üçün əsas beynəlxalq qurum olduğunu, Türk dünyasından başqa ailəmizin olmadığını vurğuladı. Bu doğma təşkilatın bundan sonra daha da gücləndirilməsi gələcəkdə hər hansı təhlükələrdən qorunmaq baxımından da əhəmiyyətli olacaq. Arif Fərzəliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Geri dön |