Ana Sayfa > Özəl > 8 noyabr Zəfər günüdür

8 noyabr Zəfər günüdür


8-11-2024, 13:35. Yazar: sevinc1
8 noyabr Zəfər günüdür

İkinci Qarabağ müharibəsini qısa müddətdə- cəmi 44 günə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə ilə başa vuran Azərbaycan Ordusu xalqımıza qürürverici anlar yaşatdı. Ordumuz 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi isə Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kapitulyasiya aktına əsasən, noyabrın 20-si Ağdam, 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana bir güllə atılmadan qaytarıldı. Bununla da ölkəmiz savaşı nəinki, döyüş meydanında, həm də geosiyasi məkanda uğurla bitirmiş oldu.

Bu fikirləri aia.az-a verdiyi müsahibəsində Elm və Təhsil Nazirliyi Fizika İnstititunun baş meneceri Xanlar Xanlarov deyib.

Daha sonra X. Xanlarov sözlərinə davam edərək deyib ki, Müzəffər Ali Baş Komandan vəd etdiyi kimi, qədim Şuşamızın işğaldan azad edilməsini təmin etdi. 8 noyabrda ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan hərbçiləri Şuşadan Ermənistan hərbi birləşmələrini bir gün ərzində qovub çıxarmışdılar. Ona görə də Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 3- də 8 noyabr tarixinin hər il Zəfər Günü kimi qeyd olunmasına dair Sərəncam imzaladı. Sərəncamda qeyd olunurdu ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.

aia.az
Bayram Xudayarov
Geri dön