Ana Sayfa > Siyasət > Tarixi Zəfər: Uğurlar və geosiyasi reallıqlar

Tarixi Zəfər: Uğurlar və geosiyasi reallıqlar


6-11-2024, 15:27. Yazar: sevinc1
Tarixi Zəfər: Uğurlar və geosiyasi reallıqlar

Xalqımız Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin dördüncü ildönümünü qeyd edir. Əlbəttə, İkinci Qarabağ müharibəsinin hər günü bir şanlı tarix, misli görünməmiş qəhrəmanlıq dastanı, Zəfər salnaməsidir. Ancaq birmənalı olaraq deyə bilərik ki, Qarabağ Zəfərinin baş tacı Şuşa qalibiyyətidir. Məhz Şuşa şəhərinin işğaldan azad edilməsinin xüsusi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla noyabrın 8-i Zəfər Günü kimi əbədiləşdirilib, şanlı tariximizin ən qürurverici təqviminə çevrilib. Müzəffər Ali Baş Komandan 8 noyabrın tarixi əhəmiyyətini dəyərləndirərkən vurğulayırdı ki, biz Şuşaya qayıtmışıq: “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür”.

Şuşa bütün dövrlərdə Azərbaycanın tarix və mədəniyyət rəmzi, milli iftixar simvolu, Qarabağın döyünən qəlbi olub. 30 il düşmən tapdağında olan bu müəqəddəs şəhərə qovuşmaq dövlətçiliyimizin memarı Ulu Öndər Heydər Əliyevin və Onun bütün ümdə arzularını gerçəyə çevirən Prezident İlham Əliyevin ən böyük arzusu idi. Dövlətimizin başçısı və xalqımız Şuşasız qaldığımız illərdə heç vaxt öz mübarizə ruhunu və azadlıq istəyini itirmədi, həmişə torpaqlarımızı azad etmək əzmi ilə yaşadı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində sarsılmaz inamlı qələbələrin əldə edildiyi ilk günlərdə yenə də hamının qəlbi Şuşa intizarı ilə çırpınırdı. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Ona görə də, rəşadətli ordumuz hər gün, hər saat, hər dəqiqə Şuşaya doğru dayanmadan, inamla irəliləyirdi. Qəhrəman əsgər və zabitlərimiz çətin və mürəkkəb relyefə, ağır hava və yolsuzluq şəraitinə baxmayaraq, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Şuşadan qovaraq çıxardı. Ata vəsiyyətini layiqincə yerinə yetirən cənab İlham Əliyevin tarixi missiyası uğurla tamamlandı və Zəfər Günümüzə qovuşduq.

Əlbəttə, Zəfərin qazanılması 44 günə ərsəyə gəlsə də, bu qürurverici tarixi salnamənin, müqəddəs yolun əsası Ulu Öndər tərəfindən qoyulmuşdu. Onun möhkəm təməl üzərində formalaşdırdığı peşəkar və intizamlı ordu quruculuğu cənab İlham Əliyevin unikal məharəti və qətiyyəti sayəsində ən qüdrətli mərhələyə yüksəldi. Dövlət başçısı fəaliyyətinin ilk günündən ölkəmizin bir nömrəli taleyüklü problemi olan torpaqlarımızın erməni işğalından azad edilməsi üçün iqtisadi potensialımızı nümunəvi ordu quruculuğuna və bu ordunun qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə yönəltdi.

“Güclü iqtisadiyyat - güclü dövlət” arxitekturası üzərində “Güclü Ordu” strategiyası Silahlı Qüvvələrimizi tamamilə Qələbə ruhuna hazırladı. Eyni zamanda, respublikamızın iqtisadi-enerji potensiallarının artması, dünya birliyində etibarlı tərəfdaşa çevrilməsi və saysız dost ölkələr qazanması, habelə özünün enerji-tranzit imkanlarından məharətlə istifadə etməsi geosiyasi dividentlər və diplomatik cəbhədə üstünlüklər qazandırdı. Bu mükəmməl siyasi hücum taktikası sayəsində qlobal miqyasda Ermənistanın işğalçı siması tamamilə təsdiqləndi. Azərbaycan, bu illər ərzində sülhsevər imicinə sadiq qalaraq beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasında təsirli addımlar atacağını, ədaləti bərpa edəcəyini səbirlə gözlədi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin davam etməsi və Ermənistanın yeni işğalçılıq planları hazırlayaraq 2020-ci ildə başlatdığı təxribatlar artıq dövlətimizin səbrinin son nöqtəsi oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun həyata keçirdiyi əks-hücum həmləsi nəticəsində düşmən öz layiqli cəzasını aldı, Ermənistanın hərbi təcavüzünə son qoyuldu və məhz Şuşanın azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Azərbaycan dünya siyasi tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini özü təkbaşına icra etdi.

Zəfər missiyasını hər bir azərbaycanlı özü üçün müqəddəs amal və borc hesab edərək bu şərəfli yolda Ali Baş Komandanın ətrafında sıx birləşdi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik, mütəşəkkillik və yetkinlik nümayiş etdirdi. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə Bəyanat və müraciətlər ünvanlaması, Onun ətrafında sıx birləşməsi ümummilli məsələlərdə siyasi mənsubiyyətindən asılı olmayaraq hamının bir cəbhədə və səngərdə olmasını təsdiqlədi. Bu çətin günlərdə və taleyüklü məsələlərdə yenə də milli xainlər, xarici ölkələrə qulluq edən satqınların kimliyi də gizli qalmadı. Çox təəssüf ki, AXCP, Müsavat Partiyası və Milli Şura kimi ünsürlər həmrəylik hərəkatına qoşulmamaqla anti-Azərbaycan xislətlərini yenə də büruzə verdilər.

Müharibənin ilk günlərindən Azərbaycanın yanında olan dost və qardaş ölkələrlə Qələbəmizi qısqanan, kölgə salmağa çalışan, hətta açıq-aşkar işğalçı Ermənistanı müdafiə edən dövlətləri də bütün çılpaqlığı ilə gördük. Qardaş Türkiyənin bizimlə bir yerdə olması qürurverici tarixi hadisə kimi hər kəsin yaddaşında silinməz izlər saldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibə başlayan andan “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” ifadəsi xalqımızın sarsılmaz mənəvi gücünü daha da möhkəmləndirdi. Qardaş ölkə Qələbədən sonra da bizə dəstəyini əsirgəmədi, Azərbaycana qarşı beynəlxalq arenada yönələn əsassız və haqsız hücumların qarşısının alınmasında fədakarlıq etdi, Ermənistanın havadarlarına öz layiqli yerini göstərdi. Həmin ilin dekabrında Bakıda keçirilən Zəfər paradında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin yanında olması, burada iki ölkənin əsgərlərinin çiyin-çiyinə addımlaması əsl qardaşlıq manifestini nümayiş etdirdi. Cəmi bir il sonra, cənab Ərdoğanın azad edilmiş ərazilərimizə və Şuşaya səfər etməsi, Şuşa Bəyannaməsinin imzalanması Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığının ən şanlı səhifəsinə çevrildi.
Eləcə də digər qardaş türk dövlətləri, dost Pakistan və digər bəzi ölkələr də Azərbaycanı haqq savaşında tək buraxmadı, sona qədər siyasi dəstək verdilər. Eləcə də, Qoşulmama Hərəkatına daxil olan ölkələrin həmrəyliyi, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı haqsız bəyanatın qəbuluna veto qoyması strateji tərəfdaşlığı bir daha təsdiqlədi. Ancaq həmin günlərdə aşkar şəkildə işğalçı Ermənistanı və separatçı qondarma rejimi dəstəkləyənlərin də şahidi olduq. Xüsusilə, Ermənistanın arxa-dayağına çevrilən Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsindən biri olmasına baxmayaraq, əsl riyakar və terrorçu qüvvələrə arxa olduğunu göstərən simasını sərgilədi. Azərbaycan bu hədə və təhdidlərə, təxribatlara baxmayaraq öz haqq savaşını qalibiyyətlə başa çatdırdı. Zəfərdən sonra da bu ölkələrin eyni mövqeyi ilə çox rastlaşdıq. Hətta 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistanda revanşistləri yeni müharibəyə alovalandıran, Xankəndidəki separatçı rejimi təxribatlara sövq edən güclər bununla, Qarabağda nəyinsə dəyişəcəyinə ümid edirdi. Onlar inanırdı ki, 30 il mənasız və nəticəsiz sülh danışıqları ilə vaxtı uzatdıqları kimi, Xankəndidə yaşayan ermənilərdən öz çirkin məqsədləri üçün istifadə edərək Azərbaycana qarşı siyasi ambisiyalarını yürüdəcəklər, hətta ərazilərimizdə ikinci erməni dövləti yaratmaq niyyətlərini gerçəkləşdirə biləcəklər. Bu məqsədlə post-münaqişə dövründə belə ATƏT-in Minsk qrupunu yenidən diriltməyə çalışır, sülh danışıqları xülyası qururdular.

Böyük Lider, uzaqgörən müdrik siyasətçi Prezident İlham Əliyev bu məkrli planların hansı məqsədlərə xidmət etdiyini çox aydın dərk edərək separatçı və neorasist erməni zehniyyətinin Qarabağda mövcudluğunun yenidən qanlı toqquşmalara səbəb olacağını, terror yuvasına çevrilmiş Xankəndi və ətraf ərazilərdə heç vaxt dinclik, sabitlik, sülh olmayacağını bilirdi. Ona görə də Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da bir günlük uğurlu antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin, separatizmin mövcudluğuna son qoyaraq 86,6 min kv.km ərazisində suverenliyimizi tam bərqərar etdi. Bu Zəfər Ermənistanla yanaşı, Fransa, ABŞ, Kanada, Hindistan, Niderland və digər ermənipərəst ölkələrə də sanki ağır zərbə oldu və onlar hələ də Azərbayanın möhtəşəm Qələbəsi və artan gücü ilə barışmaq istəmirlər. Ölkəmizə qarşı qərəzli və ədalətsiz sənəd layihələrinin hazırlaması, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası və digər qurumlarda qətnamələrin qəbul edilməsi də bu mənfur siyasətin rüsvayçı təzahürləridir.

Prezident İlham Əliyev Vll çağırış Milli Məclisin ilk iclasında çıxış edərkən bu məsələyə toxunaraq bildirdi ki, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində əldə etdiyimiz uğurlar anti-Azərbaycan və antimilli qüvvələr tərəfindən həzm edilmir, onlar hələ də Ermənistanın məğlubiyyəti ilə barışa bilmir. ABŞ başda olmaqla, Avropa İttifaqı və ona daxil olan bir sıra ölkələr, xüsusilə Fransa, eləcə də Hindistan Ermənistanı sürətlə silahlandırır və vandal ölkədə revanşizmi stimullaşdırır. Bununla kifayətlənməyən və erməni diasporunun təsiri altında olan ABŞ Konqresi, Fransanın hakim dairələri və Kanadanın Xarici İşlər Nazirliyi son vaxtlar Azərbaycana qarşı ədalətsiz hücumlarını genişləndirməkdədir.

Azərbaycan bu gün çox güclü dövlətdir və bu cür təxribatların qarşısını almağa əzmkarlığı və sarsılmaz iradəsi ilə qadirdir. Respublikamız öz suverenliyini tamamilə bərpa etməklə, dünyada və regionda öz nüfuzunu, qüdrətini daha da gücləndirib, yeni reallıqlar yaradıb və Ermənistan və onun havadarları bu reallıqlarla barışmağa məcburdur.

Azərbaycan Respublikası hərb meydanında qazandığı inamlı qələbələri azad ərazilərdə geniş tikinti meydanında davam etdirir, quruculuq missiyası böyük miqyas almaqla bölgədə əbədi sülh və firavanlıq yaratmaqdadır. Eyni zamanda, regionun geosiyasi landşaftını dəyişən Azərbaycan trans-kontinental tranzit-logistika şəbəkələri qurmaqla Asiya və Avropanı birləşdirən nəhəng əməkdaşlıq körpüləri inşa edir ki, onların ən böyük sütunlarından biri Zəngəzur dəhlizidir. Ölkəmiz geniş əməkdaşlıq, sülh və rifah dəhlizinə çevirdiyi Zəngəzur koridorunu bərqərar etməklə dünyadan təcrid olunmuş, qlobal logistika və tranzitlərə qapısı bağlı olan Ermənistanı da bu həmrəylik ailəsinə qoşmağa çalışır. Rəsmi İrəvan onun üçün açılmış bu tarixi fürsəti dəyərələndirərək Azərbaycanla sülh sazişi imzalamaqla həm bölgədə firavan həyat quruculuğunda yer ala, həm də əbədi təhlükəsiz səadətini qura və inkişaf edə bilər. Prezident İlham Əliyevin bəyan etdiyi Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik. Ermənistan anlamalıdır ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıqdan keçir. Əks halda, Ermənistan dalan ölkə olaraq qalacaq.

Samir Vəliyev
Milli Məclisin deputatı

Geri dön