Ana Sayfa > Siyasət > Şuşa Azərbaycan əsgərinin vətən sevgisidir
Şuşa Azərbaycan əsgərinin vətən sevgisidir6-11-2024, 12:30. Yazar: sevinc1 |
Şuşa təkcə təbiətin yaratdığı gözəlliyin ünvanı deyil, həm də müqəddəs hisslərimizin, ən ülvi arzularımızın, Azərbaycan əsgərinin qəhrəmanlığının, vətən sevgisinin ünvanıdır. 30 ilə yaxın idi ki, sinəmizdə Şuşa boyda bir dərd böyüdürdük. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Şuşanın işğaldan azad olunması ilə bitdi! Qəhrəman Azərbaycan əsgəri Şuşanı azad edən gün düşmən diz çöküb aman dilədi. Görünən budur ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin də son ümid yeri Şuşa idi. Onu da itirəndən sonra düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın işğaldan azad edilməsi hərb tarixinin möcüzəsi hesab ediləcək qədər nadir hadisələrdən sayılır. 4 ildir biz bu sevinci, qüruru yaşayırıq. 4 il əvvəl - 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı cənab Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Cənab Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbənin təmin edilməsində mühüm rol oynadı. Azərbaycan Prezidenti Şuşaya ilk səfəri zamanı vaxtilə ermənilərin güllələdiyi söz, sənət adamlarının abidələrini apardı. Elə ilk səfərində Şuşanın yenidən, daha gözəl bərpa olunacağı barədə konkret göstərişlər verdi. Dərhal da əməli addımlar atıldı. Şuşa işğaldan azad olunandan sonra Müzəffər Ali Baş Komandan ordusu ilə işğaldan azad etdiyi şəhərə dəfələrlə səfər etdi. Bu davamlı səfərlər qədim yurdun xalqımız üçün əhəmiyyətinin, torpağa sahiblik hissinin, onun müqəddəsliyinə ali dəyərinin ifadəsidir. Şuşa bu gün cənab Prezidentin birbaşa nəzarəti altında yenidən qurulur, bərpa edilir. Qədim şəhəri daha da gözəlləşdirib ona həyat verməklə yaralarına dövlət başçısı özü məlhəm qoyur. Bu şəhərdə təkcə dağıdılmış binalar, infrastruktur bərpa edilmir, ulu yurdun milli ruhu da özünə qaytarılır. Şuşa mədəniyyət paytaxtımız elan olundu. Qısa zamanda bura siyasi diskussiyaların, möhtəşəm beynəlxalq tədbirlərin mərkəzinə çevrildi. Şuşada musiqi festivalları, müsabiqələr, poeziya günləri keçirilir. Şuşa işğaldan azad olunandan sonra ilk dəfə dost, qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər etdi. Səfər zamanı iki ölkənin dövlət başçıları tərəfindən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu bəyannamə imzalanmaqla ölkələr arasında Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsi başlandı. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin güclənməsinə və ölkələrimizin regional güc mərkəzi kimi beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə müstəsna töhfədir. Azərbaycan və Türkiyə arasında bu zamana qədər hərbi-texniki və strateji əməkdaşlıq olsa da, Şuşa Bəyannaməsi müttəfiqlik haqqında imzalanan ilk sənəddir. Şuşa Bəyannaməsi hərbi-siyasi təhlükəsizliyin təmin olunması ilə yanaşı, başqa qüvvələrdən gələcək təhdidlərlə mübarizə baxımından hüquqi əsaslar formalaşdırır. Şuşa indi nəinki bizim, dünya azərbaycanlılarının, böyük Turanın diqqət mərkəzində olan ən möhtəşəm şəhərdir. Şəhər günün mübarək olsun Qarabağın baş tacı olan Şuşa. Hər sabahın uğura, yüksəlişə açılsın. David İbramxəlilov, YAP Qusar rayon təşkilatının sədri. Geri dön |