Ana Sayfa > Gündəm > Kərim Rzayev: “Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Qələbə qazandı”
Kərim Rzayev: “Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Qələbə qazandı”Bu gün, 14:24. Yazar: sevinc1 |
“2020-ci il sentyabr ayının 27-də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təxribatlarının qarşısını almaq və 30 il işğal altında qalan torpaqlarımızı azad etmək üçün bütün cəbhə boyunca hücuma keçdi. Qısa müddət ərzində hərbi əməliyyatlar Vətən müharibəsinə çevrildi. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ruhunu daha da gücləndirdi. Bütün xalq öz Prezidenti, Ali Baş Komandanı ətrafında bir yumruq kimi sıx birləşdi. Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu. Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı.” Bu sözləri Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizin dördüncü ildönümü münasibətilə aia.az-a verdiyi müsahibəsində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev deyib. Müsahibimiz belə bir məqamı da vurğulayıb ki, bu gün Cənubi Qafqazda sülhün və inkişafın davamlı olması üçün Azərbaycan Ordusu öz döyüş hazırlığını daim ən yüksək səviyyədə saxlamalıdır: “Məlumdur ki, 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o zamandan ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi son 21 il ərzində böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Məhz bu məqsədlərlə ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlərin, Silahlı Qüvvələrdə aparılan islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə olaraq irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə ən güclü ordular sırasında olduğunu bir daha təsdiq etdi. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş antiterror əməliyyatlarına başlanılması barədə qərar 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır” – deyə, Kərim Rzayev fikirlərini tamamlayıb. Geri dön |