Ana Sayfa > Gündəm > İbrahim Cəfərov : “Azərbaycanın müdafiə qüdrətinin artırılması cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı prioritet istiqamətdir”

İbrahim Cəfərov : “Azərbaycanın müdafiə qüdrətinin artırılması cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı prioritet istiqamətdir”


5-11-2024, 10:00. Yazar: sevinc1
İbrahim Cəfərov : “Azərbaycanın müdafiə qüdrətinin artırılması cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı prioritet istiqamətdir”

“Dörd il bundan öncə II Qarabağ müharibəsi Azərbaycanın parlaq Zəfəri ilə başa çatdı. Biz bu tarixi Qələbəni Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti və qəhrəmanlığı, xalqın birliyi və həmrəyliyi hesabına qazandıq. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə bu 44 günlük qəhrəmanlıq salnaməsi tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq hərbi əməliyyatlara başladı və bununla da özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Qısa müddət ərzində əldə olunmuş tarixi Qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.”

Bu sözləri Vətən müharibəsinin başa çatmasının dördüncü ildönümü ilə bağlı aia.az-a verdiyi müsahibəsində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov deyib.

Müsahibimiz fikirlərini davam etdirərək daha sonra Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin ən parlaq nöqtəsinin məhz Şuşanın işğaldan azad edilməsi gününün olduğunu qeyd edib: “2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Əslində tamamilə Azərbaycanın maraqlarına cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Biz onu məcbur etdik. Əlbəttə ki, bu bəyanatın imzalanmasının əsas səbəblərindən biri də noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Müzəffər Ordumuz Şuşanı azad etdikdən sonra Erməni tərəfi artıq bütün xülyalarının puç olduğunu daha aydın şəkildə dərk etdi. Bundan dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsinin və strateji əhəmiyyətli yüksəkliklərin ildırım sürətilə azad edilməsi isə düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Artıq vəziyyət elə bir həddə çatmışdı ki, bir çox erməni hərbi ekspertləri müxtəlif xarici informasiya agentliklərinə verdikləri açıqlamalarında hərbi əməliyyatların Ermənistan ərazisinə keçə biləcəyindən qorxduqlarını açıq etiraf edirdilər. Üçtərəfli bəyanatın daha bir önəmi də bundan ibarət oldu ki, bu sənəd digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən özümüzə qaytarmağa imkan verdi. Bu isə bir daha Ölkə Prezidenti cənab İlham Əliyevin insanlarımızın, əsgərlərimizin həyatını hər şeydən daha üstün tutduğunu aydın şəkildə göstərdi. Eyni zamanda da cənab Ali Baş Komandan bu sənədi imzalamaqla erməni xalqına daha bir şans – övladlarını hədər yerə qırğına göndərmək məcburiyyətindən qurtulmaq imkanı vermiş oldu. Bununla da möhtərəm dövlət başçımız bütün dünyaya əsil humanistlik nümunəsi göstərdi” – deyə,İbrahim Cəfərov müsahibəsini tamamlayıb.
Geri dön