Ana Sayfa > Özəl / Gündəm > Gülər Sultanzadə : “COP29-un Azərbaycanda keçirilməsi həyatın bir sıra sahələrinin inkişafına töhfə verəcəkdir”
Gülər Sultanzadə : “COP29-un Azərbaycanda keçirilməsi həyatın bir sıra sahələrinin inkişafına töhfə verəcəkdir”5-11-2024, 10:42. Yazar: sevinc1 |
“Dünyanın ən böyük beynəlxalq konfransı - COP29-un Azərbaycanda keçirilməsi özlüyündə mühüm əhəmiyyətə malikdir. 100-dən çox dövlətin nümayəndəsinin iştirak edəcəyi tədbir bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur. Xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin qatıldığı mötəbər tədbirdə hər bir dövlətin özünəməxsus formada pavilyonu olur. İqlim dəyişmələrinə həsr edilmiş sonuncu COP28 növbəti tədbirin 2024-cü ildə məhz Azərbaycanda keçirilməsi ilə bağlı çox ciddi qərar qəbul olundu. Əslində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycan üçün həm də siyasi baxımdan önəm daşıyır. İnsanların iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısının alınması məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer sammitində Çərçivə Konvensiyası imzalanmışdır. COP adlanan bu saziş ingilis dilindən tərcümədə (Conference of Parties) sözlərinin baş hərflərinin birləşməsindən götürülüb, mənası “tərəflərin konfransı” deməkdir. COP tədbirləri 1995-ci ildən indiyə kimi hər il keçirilmişdir. İlk tədbir 1995-ci ilin mart ayında Berlində baş tutmuşdur. COP, hər ilin müəyyən bir ayında dünya liderlərinin iştirakı ilə keçirilən konfransdır. İqlim böhranı və su qıtlığı kimi qlobal problemlərin həlli yollarını tapmaq və bu problemlərlə mübarizə üçün gələcək strateji planların hazırlanması məqsədi daşıyır. Tərəflər konvensiyaya üzv olan 198 ölkədən ibarətdir. Katibliyi Almaniyanın Bonn şəhərində yerləşir. COP Paris Sazişinin məqsədlərinə nail olmaq üçün hər il dünyanın aparıcı ölkələrində keçirilən tarixi bir görüşdür. Konfrans həm siyasi, həm enerji sektorunun, həm də miqrasiya sahələrinin inkişafı nöqteyi-nəzərindən çox vacib tədbirdir.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib. Müsahibimzi qeyd edib ki, “COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları olacaq. COP29 Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edəcək. Bu isə ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, havanın keyfiyyətini artıracaq. Nəticədə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edəcək. Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilə qədər 40% azaltmağı məqsəd qoyub. Bu da Paris Sazişinə uyğun olaraq qlobal iqlim məqsədlərinə töhfə verəcək. Yəni, Azərbaycanla bağlı BMT səviyyəsində mövcud olan etibarlı tərəfdaş mövqeyi ölkəmizin kifayət qədər siyasi nüfuzundan irəli gələrək hörmət əsasında formalaşır. Azərbaycanın digər qurumlarda və ya təşkilatlarda təmsilçiliyini, xüsusilə də Qoşulmama Hərəkatını buna nümunə olaraq göstərə bilərik. Ölkəmizin bu təşkilata sədrliyi əvvəlcə üç il olmuşdu. Sonra Azərbaycanın rolunu nəzərə alaraq müddət bir il də artırılmışdı. BMT-nin say etibarilə ikinci nüfuz sahibi olan platformasında Azərbaycanın rəhbər orqanlarında təmsil olunması ölkəmizə olan rəğbətdən qaynaqlanan mövqedir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Gülər Sultanzadə qeyd edib ki, “siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində məhz Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə gətirib çıxaracaq: “Çünki Azərbaycanda, yəni, Cənubi Qafqaz bölgəsində yaşıl ərazinin yaradılması önəmlidir. Vaxtilə ölkəmizin beşdəbir hissəsi işğal altında qalanda Ermənistan orada boz zona yaratmışdı. Bu zonada işğalçılıq siyasəti nəticəsində respublikamızın florası və faunası məhv edilmişdi. Eləcə də Azərbaycanın mədəni irsi, mədəni abidələri, şəhər, qəsəbə, kəndləri dağıdılıb, kənd təsərrüfatı ziyan görmüşdü. Arıq torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunub. Azərbaycanın həmin ərazilərdə alternativ, yaşıl enerjilər, karbohidrogen və karbon qazlarından azad olan seqmentlər üzrə inkişaf etdirilməsi yanaşmasının ortaya qoyulması faktiki olaraq yaşıl enerjiyə yeni münasibətin sərgilənməsindən və həmin sahədə siyasətin formalaşmasından xəbər verir. Məhz bu səbəbdən də vaxtilə boz zona olan əraziləri yaşıl zonaya çevirmək niyyətində olan Azərbaycan üçün 29-cu sessiyanın ölkəmizdə keçirilməsi olduqca vacibdir.” G.Sultanzadə sonda bildirib ki, “COP 29-un ölkəmizdə keçirilməsinə dair qərar həm yerli, həm də xarici müşahidəçilər tərəfindən mühüm bir hadisə kimi qiymətləndirilir. Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Bunun həm siyasi, həm də iqtisadi əhəmiyyəti vardır. Bu tədbirin ölkəmizdə keçirilməsinin mühüm tərəflərindən biri də odur ki, dünyanın hər yerindən gələcək 70-80 min qonaq işğaldan azad edilmiş rayonlarımıza səfər edəcək, bu ərazilərimizlə yaxından tanış olacaq. Bu həm də gələcək illərdə turizmin inkişafına da güclü təkan verəcəkdir.” Geri dön |