Ana Sayfa > Manşet / Siyasət / Özəl > A.İ.Bakuvi: “Prezident İlham Əliyev sonda məhz hərbi əməliyyatların həlledici vasitə olacağını hələ əsrin əvvələrindən çox yaxşı bilirdi”
A.İ.Bakuvi: “Prezident İlham Əliyev sonda məhz hərbi əməliyyatların həlledici vasitə olacağını hələ əsrin əvvələrindən çox yaxşı bilirdi”4-11-2024, 10:52. Yazar: sevinc1 |
“Bu gün Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin dördüncü ildönümünü böyük coşqu ilə qeyd edir. 2020-ci ilin sentyabr-noyabr aylarında Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu XXI əsrdə genişmiqyaslı hərbi əməliyyatlar apararaq öz ölkəsinin ərazi bütövlüyünü bərpa etmiş ilk ordu oldu. İşğalın davam etdiyi 30 il ərzində bu münaqişəni dinc yolla həll etmək səlahiyyətinə malik olan beynəlxalq təşkilatlar və ilk növbədə 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk Qrupu daim hərbi yolu istisna etməyə çalışırdılar. Əlbəttə ki, əslində Azərbaycanda müharibənin əleyhinə idi və hər zaman da əleyhinə olub. Amma bu şərtlə ki, torpaqlarımızı dinc yolla geri qaytaraydılar. Lakin bu baş vermədi. Səlahiyyətli təşkilatlar nəinki işğala son qoymaq üçün heç nə etmədilər, əksinə onların münaqişəni həmişəlik dondurmaq və Azərbaycanı işğal faktı ilə barışdırmaq üçün əl atmadıqları üsul qalmadı. Beləliklə, ölkəmizə və xalqımıza qarşı tətbiq olunan ikili standartlar, beynəlxalq riyakarlıq Azərbaycana öz problemlərini özünün həll etməli olacağını aşkar şəkildə göstərdi. Lakin Ölkə Prezidenti cənab İlham Əliyev sonda məhz bu vəziyyətin yaranacağını hələ əsrin əvvələrindən çox yaxşı bilirdi. Buna görə də 2003-2020-ci illər ərzində Azərbaycanın Vətən müharibəsinə hazır olması üçün dövlətimizin başçısı tərəfindən bütün zəruri tədbirlər görülür, məqsədyönlü addımlar atılırdı. Bu illər ərzində Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan ölkəyə çevrildi. Məhz bu göstəricilər sonda Vətən müharibəsinin müqəddəratını həll edən əsas amillər kimi çıxış etdilər.” Bu sözləri ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi aia.az-a verdiyi açıqlamasında deyib. Fikirlərini davam etdirən müsahibimiz daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin 17 il ərzində həyata keçirdiyi zəruri tədbirlər sayəsində ölkəmiz təkcə iqtisadi-hərbi cəhətdən deyil, həm də siyasi-diplomatik müstəvidə böyük üstünlüklər əldə etmiş oldu: “Aydındır ki, 2020-ci il sentyabr ayının 27-də başlanmış Vətən müharibəsinin nə ilə nəticələnəcəyi artıq ilk gündən məlum idi. Dövlət başçımızın 2003-2020-ci illər ərzində həyata keçirdiyi əhatəli və effektiv hazırlıq işlərinin nəticəsi olaraq Azərbaycan bütün parametrlər üzrə Ermənistanı qat-qat üstələyirdi. İşğalçı ölkə bu dəfə də dünyada olan havadarlarının dəstəyinə, Azərbaycana ediləcək təzyiqlərə və hətta əgər mümkün olarsa üçüncü tərəf kimi hansısa digər ölkələri münaqişəyə cəlb edə biləcəklərinə ümid edirdilər. Əlbəttə ki, bu, onların yeganə şansı ola bilərdi. Lakin bu dəfə ermənilər çox ciddi şəkildə yanılmışdılar. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci ilin 8 noyabrında Şuşanın azad olunmasından cəmi bir gün sonra Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli bəyanatla Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu. Qeyd olunmalıdır ki, hərbi əməliyyatların gedişində cənab Ali Baş Komandan dəfələrlə bəyan etmişdi ki, düşmən silahları yerə qoyarsa, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini verərsə, Azərbaycan müharibəni dayandırmağa hazırdır. Buna görə də, düşmən təslim olmaq niyyətini bildirən kimi, Azərbaycan hərbi əməliyyatları dayandırdı. Bu gün paytaxt Bakıda yaradılmış Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. 5 hektar ərazini əhatə edən Parkda təqdim edilən eksponatlar, düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnika, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.” Həmçinin politoloq Azərbaycanın 2020-ci ildə işğala son qoymaq üçün hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldığı kimi, keçən il də Qarabağda konstitusiya quruluşunu bərpa etmək üçün anti-terror əməliyyatının keçirilməsinin yeganə yol olduğunu vurğulayıb: “Biz bunu hər zaman demişik və bundan sonra da deyəcəyik: Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb. Ölkəmiz son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu da dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir haldır. Lakin nə Ermənistan, nə də onun havadarları bu şansı düzgün dəyərləndirə bilmədilər. Buna görə də Azərbaycan özü bu münaqişəni başa çatdırdı, öz ərazilərini işğaldan azad etdi və bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdirməyə müvəffəq oldu. Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra Azərbaycan Ermənistanın 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə tam əməl etməsi üçün daha üç il gözlədi, qarşı tərəfə şans verdi, yenidən qan tökülməsinin qarşısını almaq üçün əlindən gələni etdi. Lakin Ermənistan bu dəfə də reallıqları düzgün dəyərləndirə bilmədi. Ölkəmizə qarşı hərbi təxribatlarına davam etdi. Buna görə də Şanlı Ordumuz 19 sentyabr 2023-cü il tarixində antiterror əməliyyatına başlamalı oldu. Cəmi 23 saat davam edən bu əməliyyatın nəticəsi olaraq Azərbaycan Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi və artıq bütün ölkə ərazisində öz suverenliyini tam bərpa etdi” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini sona çatdırıb. Geri dön |