Ana Sayfa > Ölkə > "COP29" öncəsi Bakıda yaşıllıqların vəziyyətinə dair ictimai dinləmə keçirilib
"COP29" öncəsi Bakıda yaşıllıqların vəziyyətinə dair ictimai dinləmə keçirilib1-11-2024, 18:46. Yazar: sevinc1 |
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-"COP29" ilə əlaqədar ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların cari vəziyyətinin öyrənilməsi məqsədilə Bakı şəhərinin Səbail, Nəsimi, Yasamal, Nərimanov, Nizami və Xətai rayonları üzrə götürülməsi zəruri olan ağaclarla bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən online ictimai müzakirə keçirilib. Rayon icra hakimiyyəti və bələdiyyə əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə mövsümü aqrotexniki işlərin görülməsinin təmin edilməsi, qurumuş və ya qəzalı vəziyyətə düşmüş müxtəlif cinsli ağacların götürülməsi istiqamətində görüləcək işlər müzakirə edilib. Qeyd edilib ki, icra hakimiyyəti orqanları və bələdiyyələr öz ərazilərində mövcud olan yaşıllıqlara mülkiyyətləri kimi yanaşmalı, vaxtında və düzgün aqrotexniki qulluq tədbirləri görməlidirlər. Dövlətimiz tərəfindən ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. İctimai dinləmədə yaşıllıqların mühafizəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, icra hakimiyyətləri və bələdiyyələrin də rolundan danışılıb, vaxtında və düzgün aqrotexniki qulluq göstərilməməsi səbəbindən bəzi ağacların quruduğu və ya qəzalı vəziyyətə düşdüyü təəssüflə vurğulanıb. Həmçinin quruyan və ya qəzalı vəziyyətə düşən ağacların götürülməsi ilə bağlı müraciətin gecikdirilməməsi, rəy verildikdən sonra onun dərhal icra edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, gecikdirilən hər bir hal xoşagəlməz vəziyyət, hətta insan sağlamlığına ağır xəsarət yetirilməsi ilə nəticələnə bilər. İctimai dinləmədə icra hakimiyyəti, bələdiyyə və müstəqil ekoloqların təklifləri dinlənilib. aia.az Geri dön |