Ana Sayfa > Ölkə > 1 Noyabr “Füyuzat” dərgisinin ilk sayı çapdan çıxıb
1 Noyabr “Füyuzat” dərgisinin ilk sayı çapdan çıxıb1-11-2024, 10:18. Yazar: sevinc1 |
“Həyat” qəzetinin 1906-cı il sentyabrın 3-ü çap olunan sonuncu nömrəsində belə bir elan yerləşdirilmişdi: “Həyat qəzetəsi bu gündən etibarən tətil etdiyi üçün yerinə “Füyuzat” namlı həftəlik məcmuə intişara başlayacaqdır”. Beləliklə, dövrün görkəmli şəxslərindən Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə 1906-cı il, noyabrın 1-dən etibarən Azərbaycanın ictimai-siyasi və mədəni-ideoloji həyatında mühüm rol oynayan “Füyuzat” jurnalı nəşrə başlayır. Görkəmli ictimai-siyasi xadim Əli bəy Hüseynzadənin baş redaktorluğu ilə işıq üzü görən “Füyuzat”ın nuru qısa zamanda başının üzünü cahillik, işğal və zülmət buludları almış Azərbaycan xalqının həyatına və gələcəyinə nur kimi parladı. Jurnalın şöhrəti qısa zamanda bütün Azərbaycana yayıldı və dövrün əsas aydınlarının bir çoxunu öz ətrafında toplaya bildi. Hüseyn Cavid, Məhəmməd Hadi, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseyzadə, Abbas Səhət, Abdulla Şaiq, Həsən Səbri Ayvazov, İsmayıl bəy Qaspıralı və digər dühaların məqalə və şeirlərinin nəşr olunduğu “Füyuzat” jurnalı qısa zamanda Azərbaycan xalqının maariflənməsi, insanlarda milli şüurun oyanması və milli dövlətçiliyin nə qədər vacib olması fikirlərini aşılaya bildi. Məhz buna görə də Azərbaycanı ömür boyu müstəmləkəsi olaraq saxlamaq istəyən Rusiya imperiyası “Füyuzat”ın nəşrinin davam etməsini ciddi təhlükə kimi qəbul etdi. “Füyuzat”a qarşı sərt addımlarını davam etdirən Çar Rusiyası turançılıq və tükçlük ideyalarının cəmiyyətdə daha çox yayılmasının qarşısını almaq üçün 1907-ci il, noyabrın 1-də, elə “Füyuzat”ın doğum günündə dərginin fəaliyyətini qadağan edir… Bir il ərzində cəmi 32 nömrəsi çapdan çıxan jurnal qısa zaman ərzində nəşr olunmasına baxmayaraq, sonralar fütuzatçılıq ədəbi məktəbinin və cərəyanının əsasını qoyur. “Füyuzat” jurnalı fəaliyyətini dayandırsa da, 32 nömrədə təlqin etdiyi fikirlər yaşamağa və ideyalarını yaymağa davam edir. Təsadüfi deyil ki, bəzi tədqiqatçılar “Füyuzat”ın səhifələrindəki milli ideoloji və dövlətçiliklə bağlı fikirləri “cümhuriyyətə aparan yol” kimi də qiymətləndirirlər. Ümumiyyətlə, “Füyuzat” jurnalı əsarətə və assimilyasiyaya baş qaldıran, milli olmaq və bağımsız yaşamaq, hürriyyət ideyalarını aşılayan mətbu orqan kimi Azərbaycan dövlətinin formalaşmasında, insanlarımızın öz milli kimliklərini öyrənməsində, ən əsası maarif və mədəniyyət quruculuğunda, türklük və turançılıq ideologiyasının doğulmasında və inkişafında müstəsna rol oynadı. “Bizə fədai lazımdır! Türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai!” – deyən Əli bəy Hüseynzadə cəmi bir il nəşr etdirə bildiyi “Füyuzat”ın səhifələrində bu fikirləri yaymaqla qalmadı, müstəqil Azərbaycan dövlətinin bayrağının ideya müəllifinə çevrildi. Ən əsası isə, yüz il sonra – bu gün də Azərbaycanda milli ideoloji özünüdərkin təməl daşlarını atmış oldu. Məhz yüz il sonra “Füyuzat”ın nəşrinin dayandırılmasının 100 illiyi ərəfəsində Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tariximizin ən şanlı səhifələrindən biri olan “Füyuzat” ədəbi məktəbinin yaşaması və cəmiyyətin bütün təbəqələri üçün əlçatan olması məqsədilə 2007-ci il, yanvarın 7-də jurnalın fəaliyyətini bərpa etdi. Müasir “Füyuzat” ənənələrini və şərəfli yolunu davam etdirdiyi “Füyuzat”ın layiqli davamçısına çevrildi və bu istiqamətdə fəaliyyətini davam etdirir. Bəli, bizim olan, bizdən olan və bizi anladan hər şeyə sadiq olduğumuz kimi, bizi biz edən “Füyuzat”, onun ədəbi-mədəni-ideoloji irsi də var olacaq və hər zaman türklük, Vətən, müstəqil Azərbaycan deyəcək! aia.az Geri dön |