Ana Sayfa > Gündəm > QHT-lərin qeydiyyatına fərqli rakusdan baxılır

QHT-lərin qeydiyyatına fərqli rakusdan baxılır


4-11-2014, 12:16. Yazar: Sevinc
QHT-lərin qeydiyyatına fərqli rakusdan baxılır



Ayaz Məmmədov: “Vətəndaş cəmiyyəti institutlarının yalnız bir mənbədən maliyyələşməsi isə onların müstəqilliyini şübhə altına alır”
Cəmiyyətin inkşafının müəyyən pilləsində vətəndaşlar könüllü şəkildə birləşərək cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında daha yaxından iştirak etməyə başlayıblar. Sonradan isə vətəndaş cəmiyyəti məsələsi gündəmə gəlib. Cəmiyyət isə o zaman vətəndaş cəmiyyəti şəklini alır ki, vətəndaş onun bir parçası olur. Əgər vətəndaş özünü cəmiyyətin bir parçası olduğunu hiss etmirsə, o zaman vətəndaş cəmiyyətinin formalaşmasından danışmaq çətindir. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında, avrointeqrasiya prosesində Qeyri-Hökumət Təşkilatları müstəsna rol oynayır. Çünki vətəndaş cəmiyyəti institutlarının ölkədə, dünyada ictimai-siyasi vəziyyətin formalaşmasında böyük rolu var. QHT-lərin maarifçilik istiqamətində fəaliyyəti, onların cəmiyyətin alt qatlarına asanlıqla nüfuz edib, dövlətin öz üzərinə götürə bilmədiyi funksiyaları reallaşdırması işini xüsusi qeyd etmək lazımdır. Respublikamız bir sıra sahələrdə Cənubi Qafqazda ön yerlərdən birini tutsa da, vətəndaş cəmiyyəti institutlarının sayına görə geridədir. Rəsmi məlumatlara görə, Azərbaycanda 3 minədək QHT dövlət qeydiyyatına alınıb. Amma yüzlərlə QHT var ki, hələ də Ədliyyə Nazirliyi tərəfindən qeydə alınacağı günü gözləyir.
“İctimai Vəkillik İnstitutu” İctimai Birliyinin üzvü Ayaz Məmmədov deyir ki, respublikamızda vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün bir sıra işlərin görülməsinə ehtiyac var: “Hazırda Azərbaycanda hər min nəfər vətəndaşa 3 QHT düşür. Halbuki qonşu Gürcüstanda hər min nəfərə 22, Litvada 53, Slovakiyada 60, Çexiyada 67 QHT düşür. Hazırda da Qeyri-Hökumət Təşkilatlarının qeydiyyata alınmasındakı bürokratik əngəllər, mürəkkəb qeydiyyat proseduru, hakimiyyətin QHT-lərin fəaliyyətinə əsassız müdaxiləsi bu sektorun inkişafına mane olur. Vətəndaş cəmiyyətinin formalaşması sahəsində əsas ağırlıqlardan biri də Qeyri-Hökumət Təşkilatlarının üzərinə düşdüyündən gözlənilirdi ki, vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün respublikamızda qanunvericilik bazası təkmilləşdiriləcək. Vətəndaş cəmiyyətinin effektiv funksionallığı üçün tam qanunlar paketi qəbul ediləcək. Amma gözlənilənlərin əksinə olaraq qanunvericiliyə mürtəce maddələr gətirildi. QHT-lərin fəaliyyətini əngəlləyən yeni maddələrin qanuna gətirilməsindən sonra bu institutun fəaliyyəti daha da çətinləşdi. Xarici fondların Azərbaycanda fəaliyyəti məhdudlaşdırıldı. QHT-lər demək olar ki, ancaq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının verdiyi maliyyədən asılı vəziyyətə düşdü. Vətəndaş cəmiyyəti institutlarının yalnız bir mənbədən maliyyələşməsi isə onların müstəqilliyini şübhə altına alır”.
Ayaz Məmmədov deyir ki, hökumətin müstəqil vətəndaş cəmiyyəti institutlarına münasibəti təkcə qeydiyyat məsələsi ilə yekunlaşmır: “Müxtəlif əsassız bəhanələrlə dövlət qeydiyyatına alınmayan QHT-lərin qanunun verdiyi imkanlardan yararlanıb hüquqlarını bərpa etmək istəməsi də nəticə vermir. Ölkədə müstəqil məhkəmə sistemi olmadığından demək olar ki, heç bir məhkəmə instansiyası Ədliyyə Nazirliyinə qarşı qərar vermir. Bu səbəbdən qeydiyyatan imtina olunan əksər QHT-lərin təsisçiləri Avropa Məhkəməsinə şikayət edərək hüquqlarının bərpasına çalışır. Amma Avropa Məhkəməsinin qərarından sonra da o insanlara qarşı daha bir qərəz başlayacaq. Çünki hazırda Avropa Məhkəməsinə şikayət edən şəxsləri də “vətən xaini” kimi qələmə verirlər. Amma yaxşı olardı ki, QHT-lərin qeydiyyat proseduru elə formada sadələşdirilsin ki, məhkəməyə müraciət etməyə də lüzum qalmasın”.
A.Məmmədovun qənaətinə görə, hüquq müdafiəçilərinin və siyasi fəalların həbsdə saxlanılması ən azı yaxın gələcəkdə bu sahədə müsbət irəliləyişlərin olacağına ümidi azaldır: “Hakimiyyət bütün imkanlarından istifadə edib cəmiyyətin maarifləndirilməsində aparıcı rol oynaya bilən şəxsləri təcrid etmək yolunu tutub. İlqar Məmmədov, Əli İnsanov, “NİDA”çılar və digər
fəalların timsalında biz bunun şahidi oluruq. Hazırda həmin insanların həbsdə saxlanılması üçün heç bir əsas olmasa da, onlar azadlığa buraxılmır. Üstəlik yeni həbslər dalğasının şahidi oluruq”.
A.Məmmədov təklif edir ki, kommersiya təşkilatlarının qeydiyyatı ilə bağlı qaydalar qeyri-kommersiya təşkilatlarına da şamil edilsin: “Artıq neçə illərdir respublikamızda kommersiya təşkilatlarının qeydiyyatı məsələsi sadələşdirilərək bir pəncərə sistemi tətbiq edilib. Hazırda da istənilən kommersiya təşkilatı 3 gün ərzində dövlət qeydiyyatına alınır. Amma qeyri-kommersiya təşkilatlarının yəni, QHT-lərin qeydiyyatına fərqli rakusdan baxılır. İnsan hüquqları, demokratiya, media, siyasi məhbuslar, ifadə azadlığı ideyası altında birləşərək fəaliyyəıt göstərmək isyən təşkilatların qeydiyyatından isə ümumiyyətlə, söhbət gedə bilməz”.
Geri dön