Ana Sayfa > Siyasət > Türkiyə-Azərbaycan münasibətləri bütün dünyaya örnəkdir
Türkiyə-Azərbaycan münasibətləri bütün dünyaya örnəkdir29-10-2024, 12:30. Yazar: sevinc1 |
Bu gün qardaş Türkiyə Cümhuriyyətinin qurulmasının 101-ci ildönümünü qeyd edir. Ulu Öndər Mustafa Kamal Atatürk və silahdaşlarının rəhbərliyi, türk millətinin əzmi ilə qalib gələn Qurtuluş Savaşı 29 oktyabr 1923-cü ildə Cümhuriyyətin elan edilməsi ilə taclanıb. Türk millətinin müstəqillik və azadlığa doğru iradəsinin simvolu kimi tarixə düşən bu əlamətdar gün münasibətilə bütün türk xalqını təbrik edir, qardaş ölkəyə daim sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm. Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq və birlik əlaqələrinin dərin kökləri var. Ortaq kök, oxşar mədəniyyət, din və dilimiz, adət və ənənələrimiz bu əlaqələri şərtləndirən amillər arasında xüsusi yer tutur. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə dəstək olduqlarını, qardaşlıq münasibətlərini ən yüksək səviyyədə yerinə yetirdiklərini nümayiş etdiriblər. Bu münasibətləri tarix də isbat edir. Belə ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun müharibələr və münaqişələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün mühüm dönüş nöqtəsi olub. Bütün tarixi hadisələrə düzgün və dəqiq qiymət verən Ümummilli lider Heydər Əliyev bu tarixi hadisə barədə belə demişdi: “Türk Ordusunun Azərbaycana gəlməsi, vətənimizi daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır.” Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini əks etdirməklə yanaşı, iki xalq arasında dillər əzbəri olub. Sevincdə də, kədərdə də bir olan Türkiyə-Azərbaycan əlaqələri, Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev arasındakı qardaşlıq və dostluq münasibətləri bütün dünyaya örnəkdir. Mahir Süleymanlı Milli Məclisin deputatı Geri dön |