Ana Sayfa > Siyasət > Azərbaycan Cənubi Qafqazda söz sahibi olan dövlətdir
Azərbaycan Cənubi Qafqazda söz sahibi olan dövlətdir29-10-2024, 09:44. Yazar: sevinc1 |
2003-cü ildən keçən 21 il ərzində Ümummilli lider Heydər Əliyevin siyasi kursunu dinamik şəkildə və uğurla inkişaf etdirən cənab Prezident İlham Əliyev tərəfindən çoxşaxəli və milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Bir ciddi məsələni xatırlatmaq məncə yerinə düşər. 2020-ci ilin yanvar ayında 14-cü dəfə Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident İlham Əliyev moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı böyük önəm kəsb edir. Dövlət başçısının bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, Azərbaycan üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də müstəqillik illəri ərzində qazandığımız bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunub. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlətimizin başçısının qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz. Bu məslə Kazanda keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında cənab Prezidentin çıxışında və keçirdiyi görüşlərdə də öz aktuallığını saxladı. Cənab Prezident bir daha bildirdi ki, “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”. Bütün bunların belə bir mötəbər tədbirdən səsləndirilməsi əslində Azərbaycanın gücü və siyasi kursun uğurla inkişafı, davam etdirilməsidir. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də dediyi kimi BRICS yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. “Hesab edirik ki, BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Eyni zamanda qlobal idarəçiliyin təkmilləşdirilməsinə və beynəlxalq nizamın daha ədalətli istiqamətdə inkişafına töhfə verir”. H.Hacıyev onu da qeyd edib ki, Azərbaycanın BRICS-ə qoşulmaq istəyi ölkənin fəal müstəqil xarici siyasətinin məntiqi davamı olacaq. Azərbaycan BRICS-ə əlavə dinamika gətirə bilər, təşkilata üzvlük isə ölkənin mövcud iştirakçılarla çoxtərəfli platformada yaxşı əlaqələrinin davamı olacaq. Bəxtiyar Mustafayev, YAP Mingəçevir təşkilatının sədri Geri dön |