Ana Sayfa > Gündəm > “Ölüm tələsi” sosial çarxının təqdimat mərasimi keçirilib

“Ölüm tələsi” sosial çarxının təqdimat mərasimi keçirilib


26-10-2024, 17:10. Yazar: sevinc1
“Ölüm tələsi” sosial çarxının təqdimat mərasimi keçirilib

26 oktyabr saat 12:00-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən hazırlanan “Ölüm tələsi” sosial çarxının təqdimat mərasimi keçirilib.

“Füyuzat”ın məlumatına görə, sosial çarx Qarabağda erməni işğalı dövründə və ondan sonra da davam edən mina terroru və terrordan əziyyət çəkən azərbaycanlılara həsr edilib. Sosial çarxda minalanmış ərazilərdə davam edən təhlükələr, bu təhlükələrə qarşı görülən işlər barədə maarifləndirici məlumatlar verilib.

Tədbirdə MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov, aparatın əməkdaşı Azadə Novruzova, ANAMA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Məhəmmədəli Ələkbərov, Türkiyənin Bakıdakı səfirliyinin kommunikasiya müşaviri Cahangir İşbilir, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları, mina qurbanı olan Sirac Abışovun qardaşı Şirzad Abışov və digərləri iştirak edib.

Tədbirin açılış sözündə ssenari müəllifi Mahir Qəribov layihənin ideyasından və məqsədindən danışıb və sözü MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirova verib.

Pərviz Əmirov işin ərsəyə gəlməsindən, mina təhlükəsindən, mina qurbanlarından danışıb və layihənin hazırlanmasına dəstək olmuş qurumlara, şəxslərə təşəkkür edərək izləyiciləri video-çarxın nümayişinə dəvət edib.

Sosial çarxın nümayişindən sonra ANAMA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Məhəmmədəli Ələkbərov tədbir iştirakçılarını salamlayıb, ANAMA-nın müstəsna xidmətlərindən, Vətən Müharibəsindən sonra böyük qayıdış proqramından, mina axtarmaq sahəsinin şərəfli və dəqiq peşə olmasından danışıb və layihənin başa gəlməsində zəhməti olan hər kəsə təşəkkür edib.

Daha sonra Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudova söz verilib.

O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva adından tədbir iştirakçılarını salamlayıb və təşəkkürünü bildirib. Mina dəhşətinin insan həyatına təhlükəsindən, işğaldan azad edilmiş torpaqlarımızda minaların tamamilə zərərsizləşdirilməsindən sonra əhalinin əraziyə köçürülməsindən, Ombudsmanın bununla bağlı fəaliyyətlərindən danışıb. Layihədə zəhməti keçən bütün şəxslərə minnətdarlığını bildirib.

Türkiyənin Bakıdakı səfirliyinin kommunikasiya müşaviri Cahangir İşbilir söz alaraq hər kəsi salamlayıb və şəhidlərimizə, mina qurbanlarına rəhmət diləyib.
O bildirib: “İki dövlət arasında sülh olacaqsa, burada ediləcək ən böyük iş əhalinin təhlükəsizliyini təmin etməkdir. ANAMA-ya yardım edən Türkiyə dövləti bundan sonra da sülhün təmin edilməsi üçün hər şeyi edəcək. Xəritələrin bir qismi verilsə belə, ermənilər özü də bunun doğru olduğundan əmin deyillər, buna görə də qarşımızda ciddi iş və öhdəliklər durur. Uzun bir yolumuz var, bu yolda biz birlikdə işləyəcəyik”.

Filmin rejissoru Vasif Məmmədzadə MİMTA Fondunun əməkdaşlarına, filmin ərsəyə gəlməsində rolu olan şəxslərə təşəkkürünü bildirərək mina təhlükəsindən qorunmaq zərurətini bildirib və bu sahədə görülən işlərdən danışıb.

Mina qurbanı olan jurnalist Sirac Abışovun qardaşı Şirzad Abışov xalqımızın bir daha mina təhlükəsi kimi bəlalarla üz-üzə qalmamasını arzulayaraq Vətən Müharibəsində şəhid olmuş və mina qurbanı olan şəxslərə rəhmət diləyib.

Əməkdar jurnalist Firuzə Nadir layihə ilə bağlı müsbət təəssüratlarından danışıb və video-çarxın olduqca maarifləndirici xarakter daşıdığını vurğulayıb. Sonda isə telekanallara müraciət edərək bu və buna bənzər filmlərin tez-tez yayıma verilməsinin vacibliyini qeyd edib.

aia.az
Geri dön