Ana Sayfa > Siyasət > Azərbaycan Avrasiyanın nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib

Azərbaycan Avrasiyanın nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib


26-10-2024, 10:00. Yazar: sevinc1
Azərbaycan Avrasiyanın nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib

XVI BRICS Sammitinin “Outreach”/“BRICS+ formatının ilk plenar iclasına Azərbaycanın da dəvət alması, həmçinin Prezident İlham Əliyevin sözügedən tədbir çərçivəsində keçirdiyi görüşlər, ölkəmizin regional və qlobal proseslərdə mühüm rola malik olduğunu nümayiş etdirir. BRİCS hazırda iqtisadi potensial və insan resursları baxımından dünyanın ən önəmli və böyük perspektiv vəd edən təşkilatlarından biridir. Təşkilatın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipini əsas götürməsi, müstəqil hüququn subyekti olan dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşması Azərbaycanın bu istiqamətdəki ardıcıl və prinsipial mövqeyi ilə tamamilə uyğunluq təşkil edir. Bu isə öz növbəsində BRİCS çərçivəsində əməkdaşlığın ölkəmiz üçün əhəmiyyətini daha da artırır. Məlum olduğu kimi, Azərbaycan çoxtərəflilik prinsipinin fəal tərəfdarından biri kimi çıxış edib və cənab Prezidentin öz nitqində vurğuladığı kimi, ölkəmiz 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bu yanaşmanı əyani şəkildə nümayiş etdirilib.

Azərbaycan həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqa, əməkdaşlığa və həmrəyliyə can atır. Ölkəmizin baxış bucağına görə, səmərəli beynəlxalq münasibətlər sisteminin qurulmasının yolu qarşılıqlı faydaya, hörmətə və əsl çoxtərəfliliyin gücləndirilməsinə əsaslanan ədalətli münasibətlərdən keçir.

Yeni dünya düzəninin formalaşması kontekstində Azərbaycan Cənubi Qafqazın aparıcı oyunçusu kimi qlobal Cənubun əsasını təşkil edən ölkələrlə münasibətləri dərinləşdirməyə çalışır.

Cənab Prezidentin öz nitqində qeyd etdiyi kimi öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Məlum olduğu kimi, ölkəmiz uzun müddətdir ki, özünü mühüm tranzit qovşağı kimi tanıda bilib. Azərbaycan infrastruktura, o cümlədən dəmir yollarına, avtomobil yollarına və logistika mərkəzlərinə əhəmiyyətli investisiyalar yatırıb. 2023-cü ildə ölkəmiz dəmir yolu ilə yük daşımalarının rekord həcminə - təqribən 18-19 milyon ton - nail olub və qarşısına 2030-cu ilə qədər bu həcmin ildə 30 milyon tona çatdırılması kimi iddialı məqsəd qoyub.
Bu baxımdan, Azərbaycanın Avropa və Asiya arasında körpü kimi strateji coğrafi mövqeyi BRİKS ölkələri ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər. Bu strategiyanın mərkəzində Azərbaycanın Orta Dəhlizdə - Transxəzər beynəlxalq nəqliyyat marşrutunda rolu dayanır. BRİKS ölkələri ticarət yollarını şaxələndirməyə və əlaqələri genişləndirməyə çalışdıqları üçün, Azərbaycanın Orta Dəhlizdəki aparıcı rolu onların da məqsədlərinə uyğundur.

Azər Kərimli,
Milli Məclisin deputat

Geri dön