Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycan qlobal təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmaya nail olunması istiqamətində səylərini artırır”
Novruzəli Aslanov: “Azərbaycan qlobal təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmaya nail olunması istiqamətində səylərini artırır”25-10-2024, 15:28. Yazar: sevinc1 |
“BRICS 2006-cı ildə Brazilya, Rusiya, Hindistan və Çin tərəfindən təsis olmuş geosiyasi koalisiyadır. Təşkilatın ilk adı olan BRIC sözü də sadalanan üzv ölkələrin ingiliscə adlarının baş hərflərindən götürülmüşdür. İlk sammiti 2009-cu ildə Rusiyada keçirilmişdir. 2010-cu ildə Cənubi Afrika Respublikasının da bloka qoşulmağı ilə BRIC akronimi BRICS ilə əvəzlənmişdir. 2023-cü ildə Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri də təşkilata daxil olduqdan sonra blok qeyri-rəsmi olaraq BRICS+ adlandırılmışdır. Cari ilin 24 oktyabr tarixində Kazan şəhərində keçirilən BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. Bu gün BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Qeyd olunmalıdır ki, BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alırlar. Bu prinsiplərin Azərbaycanın xarici siyasətində də əsas yer alması ölkəmizin BRİCS ilə əlaqələrinin yüksək səviyyədə qurulmasına zəmin yaradıb. Bu il isə ölkəmiz rəsmi olaraq təşkilata üzvlük üçün müraciət edib. BRİCS-in Kazan Sammitinin ilk plenar iclasında cənab Prezident İlham Əliyevin iştirakı təşkilatın Azərbaycana marağını bir daha təsdiq edir.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Daha sonra millət vəkili Prezident İlham Əliyevin öz çıxışında səsləndirdiyi fikirləri əhəmiyyətini vurğulayaraq bunları deyib: “İlk növbədə cənab Prezident Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olmasını diqqətə çatdırmaqla bu gün yeni dünya düzəninin formalaşdırılması adı altında bəzi ölkələrin planetar miqyasda hegemonluğu ələ almaq cəhdlərinin yolverilməzliyini diqqət mərkəzinə gətirmiş oldu. Bu gün ölkəmizin dünyada neokolonializm siyasətinə qarşı aparılan mübarizənin öz sıralarında durması da Azərbaycanın bu prinsiplərə sadiqliyinin daha bir təzahürüdür. Həmçinin Azərbaycan, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə də bunu əyani şəkildə nümayiş etdirib. Məhz ölkəmizin dördillik uğurlu sədrliyi dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük nailiyyətlər əldə edib, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Gələn ay Bakıda keçiriləcək COP29 tədbiri də Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu oynayaraq iqlim dəyişikliyinin fəsadları ilə mübarizə xüsusunda birgə əməkdaşlığa daha böyük töhfələr verməsinə əlverişli zəmin yaradacaq. Bu imkanlardan yararlanan Azərbaycan həm də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunması istiqamətində səylərini daha da artıracaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |