Ana Sayfa > Özəl > Qubadlının yeni inkişaf tarixi başlanıb
Qubadlının yeni inkişaf tarixi başlanıb25-10-2024, 11:07. Yazar: sevinc1 |
Bu günlərdə qalib Azərbaycan öz əzəli Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin ildönümlərini qeyd edir. 2020-ci il oktyabrın 25-i isə Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb. 2020-ci il sentyabrın 27-dən - İkinci Qarabağ müharibəsinin başlandığı gündən Azərbaycan xalqı böyük ümid, həyəcan və inamla cəbhədən xoş xəbərlər gözlədi. Dövlətinin və xalqının misilsiz gücü, etimadı ilə rəşadətli Azərbaycan ordusu otuz ilə yaxın erməni işğalında qalan vətən torpağının hər qarışı uğrunda mübarizə apardı. Oktyabrın 20-də Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad etdikdən sonra istiqamət Qubadlı rayonu idi. Rayonun azad olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 22-də hərbi əməliyyatlara başlanıldı. Gərgin, şiddətli döyüşlər bir neçə gün davam etdi. Ermənistan otuz ilə yaxın işğal altında saxladığı və xarabalığa çevirdiyi Azərbaycan ərazilərində hərbi bazalar yaratmışdı. Onlar Qubadlı şəhərinin girəcəyində də hərbi baza, istehkamlar qurmuşdular. Ərazinin yüksəkliklərində də erməni ordusunun hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün əvvəlcə düşmənin müntəzəm olaraq hərbçilərimizi atəşə tutduqları yüksəkliklər götürülməli idi. Xüsusi peşəkarlıq və fədakarlıq tələb edən Qubadlı döyüşlərində Azərbaycan Ordusu addım-addım qələbəyə yaxınlaşdı. Azərbaycanın igid, vətənpərvər oğulları döyüş meydanında yağı düşmənə layiqli cavab verdilər. Erməni silahlı qüvvələri ağır zərbələr alaraq geri çəkilməli oldular. Strateji yüksəkliklər, ətrafda yerləşən kəndlər ələ keçirildi. Bundan sonra, oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi. Bu gün şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq, Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək. Bu gün Qubadlının yenidənqurma və bərpa işləri ən yüksək səviyyədə və sürətlə davam etdirilir. Qubadlıda aparılan bütün işlər rayonun təbiəti, meşələri, memarlığı, tarixi keçmişi diqqət mərkəzində saxlanılmaqla həyata keçirilir. Ümumiyyətlə, bu məsələ cənab Prezidentin ən çox diqqət yetirdiyi məqamlardan biridir ki, bütün rayonlarımız öz tarixi və təbii özünəməxsusluqlarını qoruyaraq bərpa edilməlidir. Prezident İlham Əliyevin tapşırığı ilə bölgədə mühüm infrastruktur layihələri də həyata keçirilir. Qubadlı rayonunun azad edilməsi və yenidənqurma prosesi yalnız tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına mühüm töhfədir. Qubadlıda həyata keçirilən genişmiqyaslı layihələr və strateji obyektlərin inşası bölgənin gələcək inkişafını təmin edəcək, sosial həyatını yenidən canlandıracaq. Ağaverdi Əliverdiyev YAP Qusar rayon təşkilatının əməkdaşı Geri dön |