Ana Sayfa > Manşet / Siyasət > "Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi"

"Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi"


Dünən, 20:38. Yazar: sevinc1
"Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi"

"İki gündür davam edən yağışlar insanların müəyyən narahatlığına səbəb oldu. Nəzərə almaq lazımdır ki, bu adi bir təbiət hadisəsidir və istənilən ölkədə baş verir".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, bu günlərdə biz videokadrlarda Fransanın paytaxtı Parisin mərkəzi küçələrində iri tutumlu çayları xatırladan sel sularının axdığını gördük:

"Eləcə də İtaliyada, digər Avropa şəhərlərində, Çində, qardaş Türkiyədə daşqınlar, torpaq sürüşməsini əks etdirən kadrlar nümayiş olundu. Bunu obyektiv və subyektiv səbəblərlə izah etmək olar. Obyektiv səbəb odur ki, təbiət hadisələrinin əksəriyyəti qlobal istiləşmə, iqlim dəyişiklikləri ilə bağlıdır. Son iki gündə ölkə ərazisinə düşən yağıntının miqdarı normadan iki dəfə artıq olmuşdur. Ona görə də, sistemin, yağıntının tam həcmdə qəbul etməsi çətinləşmişdir.
Subyektiv səbəblər isə, insan faktoru ilə, sovet dövründən qalmış və sonralar 90-cı illərdə şəhərsalmada buraxılmış bəzi nöqsanlarla bağlıdır. Bakı şəhərini götürsək, səhv etmirəmsə, SSRİ Nazirlər Soveti tərəfindən 1982-ci ildə təsdiq olunmuş "baş plan" istismar müddətinin başa çatdırmışdır. Yeni Baş plan isə, işlənməyib. Baş planın olmaması, şəhərsalma prinsiplərini pozdu".

Deputat vurğulayıb ki, bir çox yüksəkmərtəbəli binaların layihələndirilməsində su, elektrik, qaz, kanalizasiya xəttlərinin yükgötürmə qabiliyyəti, texniki imkanları nəzərə alınmadı:

"Tikinti normaları pozuldu. Ona görə də, indi şəhər təsərrüfatında bəzi problemlərlə üzləşirik. Yenə də xüsusi olaraq vurğulamaq istərdim ki, bu uzun illərin problemidir, külli miqdarda maliyyə vəsaiti və vaxt tələb edir. Dramatikləşdirmək lazım deyil. Dünyanın hər yerində baş verir. İstər qar, istərsə yağış yağsın, maksimum iki gün ömrü olur. Təki, insan itkisi olmasın. Dözümlü yanaşmaq lazımdır.

Hansı addımların atılmasına gəldikdə isə, son yağışlar daha çox suların cəmləşdiyi, sistemin zəif yerlərini göstərdi. Müvafiq strukturlar həmin ərazilərin müayinəsini aparmalı, bir daha analoji vəziyyətin yaranmaması üçün tədbirlər görməlidirlər. Buraxılmış nöqsanlardan biri də, bir çox yerlərdə yağış sularının kanalizasiya xətlərinə qoşulmasıdır. Bu yanlışdır. Yağış suları kanalizasiya xəttləri ilə deyil, ayrıca kollektorlar vasitəsilə axıdılmalıdır. Yaxşı olar ki, yeni layihələndirilən binalarda yağış sularının cəmlənməsi üçün rezervuarların inşası nəzərdə tutulsun. Hər bir binada içməli su təminatı üçün rezervlərin olduğu kimi. Yığılan yağış suları ilə yanaşı, qrunt sularından da yaşıllıqları suvarma məqsədləri üçün istifadə oluna bilər.

Yeri gəlmişkən, 6-cı çağırış Milli Məclisdə "yağış sularından istifadə ilə bağlı" qanunun qəbul edilməsi barədə təklif vermişdim. Hesab edirəm ki, qlobal iqlim dəyişiklikləri, quraqlığın ildən ilə artdığı, kəskin su çatışmamazlığı fonunda belə bir qanunun qəbul olunmasına ehtiyac var"
Geri dön