Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Şəhərsalmanın müasir təcrübəsi təqdim edilir
Anar Nəbiyev: Şəhərsalmanın müasir təcrübəsi təqdim edilir21-10-2024, 14:01. Yazar: sevinc1 |
“Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq”. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarında yer alan bu fikirlər Azərbaycan Ordusunun Vətən müharibəsinin hər gününü tariximizə Zəfər səhifəsi kimi yazdığını nümayiş etdirir. 20 oktyabr Zəngilan Şəhəri Günüdür. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalaması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. 30 illik işğal dövründə Ermənistan tərəfindən bütün şəhər, kənd və qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Zəngilan rayonunun Ağalı kəndində birinci pilot layihə uğurla icra edildi. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. “Ağıllı kənd” konsepsiyası əsasında qurulan Ağalı dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın yaşıl enerji zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. İşğaldan azad edilmiş şəhər və kəndlərimiz Baş plan əsasında bərpa edilir. Əsas çağırış bu ərazilərin müasir tələblər səviyyəsində yenidən qurulmasıdır. Soydaşlarımızın gələcəkdə rahat yaşayışını və məşğulluğunu təmin etmək üçün bütün zəruri addımlar atılır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Ötən il Zəngilan şəhərində keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu özündə mühüm çağırışları ehtiva edərək işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri fonunda şəhərsalmanın Azərbaycan təcrübəsini dünyaya təqdim edir. 25 oktyabr Qubadlı Şəhəri Günüdür. İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlardandır. 27 ildən sonra işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını uğurla yerinə yetirdi. İkinci Qarabağ müharibəsi gücümüzü, milli ruhumuzu göstərdi. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunaladan bəyan etdi ki, heç vaxt işğalla barışmayacağıq. Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınıb. Rayon Azərbaycanın cənub-qərbində yerləşir və faydalı qazıntı ehtiyatlarına malikdir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan ilə, şimaldan Laçın, Xocavənd şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Bu məqamı da xüsusi qeyd etmək istərdik ki, Ermənistan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdi. Cenevrə Konvensiyasına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Dünya bu cinayəti gördü və 30 ilə yaxın dövrdə susmaqla Ermənistana dəstək olduğunu təsdiqlədi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı, dünyaya sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən anlayışlar var, onların tətbiqi üçün ikili siyasətə son qoyub vahid icra mexanizmi müəyyənləşdirilməlidir. Ermənistana 30 illik işğal dövründə heç bir təzyiqin göstərilməməsi, sanksiyaların tətbiq olunmaması onun yeni ərazilər uğrunda müharibə planları hazırlamasına yol açdı ki, bu da 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması ilə nəticələndi. Azərbaycan Ordusu 30 il ərzində əksər dünya güclərinin edə bilmədiklərini etdi, BMT qətnamələrinin icrasını təkbaşına həyata keçirdi. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. İlk növbədə, yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri azad edildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Ümumilikdə 44 günlük İkinci Qarabağ müharibəsində Qubadlı şəhəri daxil olmaqla rayonun 41 kəndi azad olundu. Artıq Qubadlı şəhərinin, rayonun işğaldan azad edilmiş kəndlərinin müasir tələblər səviyyəsində yenidən qurulması və bərpası işləri görülür. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərlər edir, görülən işlərlə yaxından tanış olur, bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edirlər. Şəhərin Baş planında Qubadlının təbiəti və tarixi keçmişi nəzərə alınıb. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Qubadlı yenidən qurulur, tezliklə sakinlərinə qovuşacaq. Anar Nəbiyev YAP Qazax rayon təşkilatının sədri Geri dön |