Ana Sayfa > Özəl > 20 OKTYABR ZƏNGİLAN ŞƏHƏRİ GÜNÜDÜR

20 OKTYABR ZƏNGİLAN ŞƏHƏRİ GÜNÜDÜR


21-10-2024, 10:14. Yazar: sevinc1
20 OKTYABR ZƏNGİLAN ŞƏHƏRİ GÜNÜDÜR

Azərbaycanın ən gözəl, mənzərəli,əsrarəngiz təbiətə malik olan bölgələrindən biri də qədim Zəngilan diyarıdır. Bu ərazi mövcud olub, Azərbaycan ərazisində bir yurd kimi formalaşdığı ilk günlərindən bu zamana qədər həmişə özünəməxsus relyefi, yaşam üçün əla şərtlərə uyğun iqlim şəraiti ilə hər bir kəsin diqqətini cəlb etməyi bacarmışdır.
Bir zamanlar hamımızın doğması olan bu diyar təəssüf ki, düşmənlərimizin də gözündən yayınmamış, qurduqları çirkin planda Zəngilana da dair murdar fikirlər daxil etmiş və ilk fürsətdə də bunu gerçəkləşdirməyi arzu etmişdilər. Təəssüflər olsun ki, fələyin dəyirmanı bu şeytanların əlinə keçdi və biz —Zəngilan torpağından güc alıb , suyundan, havasından həm cismani, həm də ruhi qidalanan zəngilanlılar uzaq düşdük doğma yurddan, el-obamızdan.
Amma bir gün olsun unutmadıq, sözümüzdə, söhbətimizdə xatırladıq, yasımızda kədərləndik, toyumuzda qürurlandıq. Görməyənlərə şəkilli albom, eşitməyənlərə təsirli melodiya kimi səsləndik. Yaşatdıq, yaşadıq, ümid edib arzuladıq.
Çox şükür olsun ki, təqvim ilinin ən gözəl ilində, ayında, günündə və saatında möcüzələr bəxş elədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və müzəffər ordusunun silahından çıxan qələbə arzusu ilə alovlanan mərmiləri.
Son qoyuldu 30 illik alovu-odu qəlblərdə əbədi məşəl kimi yanıb-tutuşan həsrətə, gözdən uzaq olsa da könüllərdən sadəcə tük qədər uzaq məsafədə olan Zəngilan firqətinə.
Sevinc sədaları bütün zəngilanlıların dilindən sanki səmaları nurlandıran fişənglər kimi işıqlandırdı bütün Azərbaycan səmasını.
27 ilin kiri, pası axdı getdi, o torpaqlara axan qanla, 27 ilin ağrı-acısı sanki dindi anaların, bacıların, ataların sevincdən gözlərindən süzülən yaşlarıyla.
Bu gün artıq biz günü-gündən inkişafının yeni mərhələlərinə qədəm qoyan müstəqil dövlətimizin azad Zəngilan elinin xoşbəxt, bəxtəvər zəngilanlılarıyıq.
Bizə xoşbəxtlik bəxş edib , hər dəfə gözümüzü sevinc parıltıları qamaşdıran bu günü möhtərəm cənab Prezidentimiz İlham Əliyevə və yenilməz ordusunun əsgərlərinə borcluyuq.
Bu gün Zəngilan öz yeni tarixinin təzə səhifələrini qızıl hərflərlə yazır. Cənab Prezidentimizin Zəngilana hər gedişi bizim qürur, fəxarət hissimizi artırır. Yenidənqurma və quruculuq işləri bu gün də davam etməkdə, doğma diyarımız günü-gündən inkişaf etməkdədir.
2020 - ci ilin 20 Oktyabr tarixi bizim tale kitabımızın qanla yazılmış qızıl səhifəsidir.O tarixə qədər yaşanmış heç bir ağrılı, acılı məqamı unutmur, yaşadıqlarımızı yaddaşımızdan silmirik. Lakin özümüzü qazanılan qələbənin havası ilə kökləyib, gələcəyə böyük inam və ümidlərlə baxırıq və bağlanırıq.
Bu gün bütün Zəngilan və zəngilanlılar müstəqil dövlətimiz və onun tarix yazan rəhbəri cənab İlham Əliyevin yanındayıq, dəstəkçisiyik və hər an əmrinə müntəzirik.

Quliyeva Simuzər
YAP Zəngilan rayon təşkilatının fəalı
Geri dön