Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Qubadlıda möhtəşəm yenidənqurma işləri böyük vüsətlə davam etdirilir”

Novruzəli Aslanov: “Qubadlıda möhtəşəm yenidənqurma işləri böyük vüsətlə davam etdirilir”


19-10-2024, 10:00. Yazar: sevinc1
Novruzəli Aslanov: “Qubadlıda möhtəşəm yenidənqurma işləri böyük vüsətlə davam etdirilir”

“2020-ci ilin 25 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin gedişində əhəmiyyətli dönüş nöqtəsi olub. Ermənilər Qubadlının geostrateji əhəmiyyətini düzgün qiymətləndirərək, rayonun müdafiə xətti boyunca güclü istehkamlar qurmuş, şəhəri əhatə edən yüksəkliklərdə öz hərbi birləşmələrini yerləşdirmişdilər. Şəhəri azad etmək üçün, ilk növbədə, məhz bu yüksəkliklər alınmalı idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizi atəşə tuturdu. Ona görə də Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə qələbə əldə etmək üçün hərbi əməliyyatın xüsusi peşəkarlıq və fədakarlıq nümayiş etdirə biləcək heyət tərəfindən aparılması tələb olunurdu. Azərbaycan Ordusu isə bu peşəkarlığı və fədakarlığı Vətən müharibəsinin bütün gedişi dövründə göstərib. Qubadlı əməliyyatında da ilk növbədə, şəhərə hakim olan yüksəkliklər, daha sonra ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və digər strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan dövləti tərəfindən bir sıra tədbirlər həyata keçirilib. O cümlədən, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 nəfər hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Həmçinin cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir və bu Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən edilib.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat bu gün azad edilmiş bütün rayon və bölələrimizdə irimiqyaslı bərpa-yenidənqurma işlərinin aparıldığını vurğulayıb və bildirib ki, hazırda Qubadlı rayonunda da möhtəşəm yenidənqurma işləri böyük vüsətlə davam etdirilir: “Qubadlının bütün kəndləri, o cümlədən Qubadlı şəhəri tamamilə yenidən qurulur. Qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş Qubadlıya artıq bir neçə dəfə səfər edib. Bu səfərlərdən birincisi tarixi Qələbəmiz əldə olunan il, dekabr ayının 23-də baş tutub. Həmin gün cənab Ali Baş Komandan Qubadlıda Azərbaycan bayrağının ucaldıb. Növbəti səfərlər zamanı dövlət başçısı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının açılış mərasimində, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında, Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində və bir çox digər mühüm tədbirlərdə şəxsən iştirak edib, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirib. Keçən ilin may ayının 4-də isə cənab Prezident Qubadlıya etdiyi növbəti səfəri çərçivəsində Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. Möhtərəm dövlət başçımızın işğaldan azad edilmiş rayonlara səfərləri zamanı bir tərəfdən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası yerində yoxlanılır, digər tərəfdən də bu səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin real göstəricisi kimi çıxış edir” – deyə, Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.
Geri dön