Ana Sayfa > Özəl > 18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günüdür

18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günüdür


Bu gün, 10:46. Yazar: sevinc1
18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günüdür

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Son 21 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.
2020-ci il sentyabrın 27-də Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 il ərzində xalqımızın qarşısında duran ən mühüm problem - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi həll edilmişdir.
Hazırda həm ölkəmizdə, həm də regionumuzda yaranmış yeni reallıqlar aydın şəkildə göstərir ki, düşünülmüş, qətiyyətli, prinsipial və milli maraqlara əsaslanan siyasət, bacarıqlı və səmərəli idarəçilik, cəmiyyətin vahid məqsəd və milli ideya ətrafında sıx birliyi və həmrəyliyi sayəsində ən mürəkkəb məsələlərin həllinə nail olmaq mümkündür.
Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir!

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Geri dön