Ana Sayfa > Siyasət > Zəfər missiyamız Füzuli rayonundan başlanıb

Zəfər missiyamız Füzuli rayonundan başlanıb


17-10-2024, 11:11. Yazar: sevinc1
Zəfər missiyamız Füzuli rayonundan başlanıb

Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzuli rayonu inzibati ərazi vahidi kimi 1827-ci il sentyabr ayının 10-da yaradılmışdır. İlkin adı Qarabulaq olmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Füzuli rayonunun ərazisi 1386 kvadrat kilometrdir. Füzuli rayonu Azərbaycanın İranla həmsərhəd olan rayonlarındandır. Rayonun ərazisində axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

1993-cü il avqustun 23-də Füzuli rayonunun böyük hissəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Füzulilər öz doğma torpaqlarından məcburi köçkün düşərək Azərbaycanın 50-dən çox rayon və şəhərlərində məskunlaşmışlar. Füzuli rayonundan 663 nəfər öz doğma torpaqlarını işğalçılardan azad edərək şəhidlik zirvəsinə ucalmışdır, 181 nəfər əsir və itkin düşmüş, 400 nəfərədək döyüşçü isə sağlamlığını itirərək əlil olmuşdur.

Qədim insan məskənlərindən olan Füzuli rayonu işğaldan əvvəl tarixi-dini abidələr və türbələrlə zəngin bir ərazi olmuşdur. Füzuli şəhərindən cəmi 17 kilometr qərbdə yerləşən məşhur Azıx mağarası və Tağlar mağarası dünyanın ən qədim insan məskəni kimi YUNESKO-nun maddi-mədəni irs siyahısına salınıb.

Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

Erməni quldurlarının işğalından sonra demək olar ki, ilk olaraq hələ 1994-cü ildə dahi insan, böyük siyasətçi, həmin dövrdə Azərbaycanın prezidenti olmuş Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.

2020-ci il sentyabr ayının 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bizim uğurlu əməliyyatımız məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Yəni, biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq”.

Tarixi torpaqlarımızı qısa müddətdə işğaldan azad edən Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil edilmişdir.

Lakin düşmən torpaqlarımızı tərk edərkən ərazilərimizə yüz minlərlə mina basdırmışdır. Füzuli rayonu isə ən çox çirklənən ərazilərdən hesab olunur ki, cinayətkar ermənilər bu rayonun ərazisinə yüz mindən çox mina basdırıblar.


2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir”.

Bu gün Qarabağ və ətraf rayonlarda tikinti-bərpa işləri davam etdirilir. Məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar. Artıq minlərlə soydaşımız doğulub boya-başa çatdığı ata-baba torpaqlarında yaşayış yeri və işlə təmin olunub.

Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacağı nəzərdə tutulub.

Abdulla Məmmədov
Vətən Müharibəsi şəhidi İlkin Məmmədovun atası, Abşeron rayon sakini
Geri dön