Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-6 > Göydəniz Qəhrəmanov: “Füzuli Beynəlxalq Hava Limanı bütün bölgənin turizm imkanlarını daha da artırır”

Göydəniz Qəhrəmanov: “Füzuli Beynəlxalq Hava Limanı bütün bölgənin turizm imkanlarını daha da artırır”


Bu gün, 15:48. Yazar: sevinc1
Göydəniz Qəhrəmanov: “Füzuli Beynəlxalq Hava Limanı bütün bölgənin turizm imkanlarını daha da artırır”

“Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə ən çox dağıntılara məruz qoyulan şəhərlərimizdən biri də Füzuli olmuşdur. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Burada törədilən dağıntılar elə bir miqyas almışdı ki, Azərbaycan Ordusu Füzulini azad etdikdən sonra şəhərdə bayrağımızı sancmaq üçün bir dənə olsun belə salamat bina tapılmamışdı. Torpaqlarımızın 30 il davam edən işğalı dövründə anti-Azərbaycan qüvvələrin təsiri altında olan bir çox beynəlxalq təşkilatlar ümid edirdilər ki, illər keçdikcə Azərbaycanda Qarabağı, Şərqi Zəngəzuru heç zaman görməyən yeni nəsil yetişəcək və bu gənc nəsil öz dədə-baba yurdlarını unudacaq. Lakin bu baş vermədi. Əksinə, II Qarabağ müharibəsinin gedişində Azərbaycan gəncliyi öz sinəsini irəli verərək Vətən torpaqlarını düşməndən təmizlədi. O cümlədən Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Ölkə Prezidenti cənab İlham Əliyev keçən ilin oktyabr ayının 17-də, “Füzuli Şəhəri Günü”ndə bu şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında bu vacib məsələyə toxunaraq bildirdi ki, füzulililərin gənc nəslinin də öz doğma torpağına gəlməyə qərar verməsi son dərəcə qürurverici haldır və həqiqətən də böyük hadisədir. Bu gün Füzulinin timsalında bütün dünya erməni vandallığının nə demək olduğunu aydın şəkildə görür. Azərbaycan isə artıq öz ərazilərini yenidən qurur və bu torpaqlara yeni həyat verir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Daha sonra G. Qəhrəmanov Füzuli Beynəlxalq Hava Limanının bütün bölgənin turizm potensialını yüksəldəcək mühüm amil olduğunu vurğulayıb: “Cənab Prezident İlham Əliyev hələ işğal dövründə bütün rayonlardan olan keçmiş köçkünlərlə keçirdiyi çoxsaylı görüşlərində, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdi ki, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bu gün dövlət başçısının dediyi həmin sözlər reallaşır və azad edilmiş ərazilərimizdə yenidən salınan şəhər və kəndlərin, yaşayış məskənlərinin gözəlliyi insanları valeh edir. Xüsusi olaraq azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri bölgənin ümumi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. O cümlədən 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olmuş Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirdi və bölgənin inkişafı üçün yeni imkanlar açmış oldu. Əlbəttə ki, yeni beynəlxalq aeroportun açılması bölgədə turizmin inkişafına müstəsna şərait yaradacaq. Qeyd edim ki, bir müddət əvvəl Füzuli Beynəlxalq Hava Limanı üzərindən Qarabağa turistik səfərlərin təşkili və turistlərin cəlb edilməsi kimi məsələlər ilə bağlı aeroportun rəhbərliyi ilə müzakirələr də aparılıb. Son zamanlar Şuşaya və Laçına təşkil olunan turist səfərlərində və fərdi ziyarətlərdə əhəmiyyətli artımın müşahidə olunduğunu nəzərə alsaq, məhz Füzuli Beynəlxalq Hava Limanı üzərindən həm öz vətəndaşlarımız, həm də xarici turistlər üçün daha cəlbedici turpaketlərin hazırlanacağını birmənalı deyə bilərik. Azərbaycanda turizmin inkişafında Qarabağ bölgəsinin xüsusi çəkisi var və bu ərazilər turistlər arasında hər zaman böyük maraq doğurub. Heç bir şübhə yoxdur ki, bölgədəki hava limanlarının bu ərazilərə xarici turistlərin cəlb edilməsində oynayacağı rolun əhəmiyyətli getdikcə daha da artacaq” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Geri dön