Ana Sayfa > Manşet / Siyasət > Füzulidən başlanan Zəfər yolu…
Füzulidən başlanan Zəfər yolu…16-10-2024, 12:57. Yazar: sevinc1 |
44 günlük Vətən müharibəsinin gedişatında, 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin erməni işğalçılarından azad edilməsi Qarabağ probleminin həllində və ölkəmizin ərazi bütövlüyünün bərpasında mühüm bir dönüş nöqtəsi kimi qəbul edilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Gününün təntənəli şəkildə qeyd edilməsi qüdrətli və qalib Azərbaycan reallığını ifadə etməklə yanaşı, xalqımızın böyük sevincinə səbəb olub. Zəngin tarixi və mədəniyyəti ilə tanınan Füzuli rayonunda qədim yaşayış məskənləri, tarixi abidələr və təbii gözəlliklər var. Füzulidə aparılan abadlıq və yenidənqurma işləri, şəhərin və rayonun modernləşdirilməsi geniş miqyasda həyata keçirilir. Reallaşdırılan layihələr əraziyə həyat qaytarmaq və Füzulini müasir yaşayış mərkəzinə çevirmək məqsədi daşıyır. Burada yeni infrastrukturlar, o cümlədən yaşayış binaları, məktəblər, xəstəxanalar və yollar inşa edilir. Füzulinin gələcəkdə daha da inkişaf edərək Qarabağın iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilməsi planlaşdırılır. Füzuli Ermənistanın işğalı nəticəsində ən çox virana, talana və dağıntıya məruz qalmış rayonlardan biridir. Postmüharibə dövründə isə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Füzuli sürətlə yenidən qurulan və abadlaşan rayona çevrilib. Bu mənada, ilk növbədə Füzuli Beynəlxalq Hava Limanının 2021-ci il yanvarın 14-də təməlinin qoyulması və 2021-ci il oktyabrın 26-da açılışı qeyd edilməlidir. Cəmi 9 ay ərzində ən müasir standartlara cavab verən hava limanının inşa edilib istifadəyə verilməsi və bu layihənin tam dağıdılmış, heç bir adi infrastrukturu belə olmayan bir ərazidə həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətindən, cənab İlham Əliyevin möhkəm siyasi iradəsindən və uzaqgörən strateji baxışından irəli gəlir. Bu hava limanı Füzulinin xüsusən Qarabağın və Şərqi Zəngəzurun hava qapısı rolu oynadığını birmənalı surətdə təsbit edir. Füzuli rayonunun azad edilmiş ərazilər üçün rolu və əhəmiyyəti təkcə hava limanının inşası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun, o cümlədən Şuşanın azad edilməsinə doğru aparan Zəfər yolu məhz Füzulidən başlayır. Qəhrəman əsgərlərimizin faktiki olaraq yolsuzluq şəraitində irəliləyərək addım-addım canları və fədakarlıqları bahasına açdıqları cığırın üzərində Füzuli-Şuşa yolunun təməlinin qoyulması və qısa müddətdə müasir tələblər əsasında və keyfiyyətli surətdə istifadəyə verilməsi, eləcə də Füzuli-Ağdam, Füzuli-Hadrut və digər avtomobil yollarının inşası rayonun Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və məskunlaşması üçün hansı önəm daşıdığını əks etdirir. Strateji əhəmiyyət daşıyan Ağbənd-Horadiz dəmir yolunun inşası Naxçıvanın blokadadan çıxmasında mühüm rol oynayacaq, həmçinin Azərbaycanın Türkiyə və digər ölkələr arasında tranzit imkanlarını ciddi surətdə artıracaq. Nəhayət, bütün bu infrastruktur layihələrindən başqa, füzulilərin doğma yurda qayıtması və məskunlaşması üçün sosial obyektlərin inşası, infrastrukturunun yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması Füzuliyə həyatın yenidən qayıtması müjdəsini verir. Rayon ərazisində kənd təsərrüfatının inkişafı üçün aqroparklar salınır, eyni zamanda, yeni sənaye müəssisələri tikilir ki, bu da yerli iqtisadiyyatda canlanma deməkdir. Həmçinin turizm potensialının artırılması istiqamətində tarixi və təbii məkanların yenidən bərpası bölgəyə turist axınının artmasına şərait yaradır. Şəhərin abadlaşması çərçivəsində yeni parklar və yaşıllıq zonaları salınır. Bu layihələr, ərazinin ekoloji vəziyyətini yaxşılaşdırır. Füzuli şəhərinin və rayonunun bərpa edilməsi həm yerli əhalinin yaşayış şəraitini yaxşılaşdırmağa, həm də bölgənin iqtisadi və mədəni inkişafına xidmət edir. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzuli rayonunun gözlərimiz önündə, sözün əsl mənasında, yenidən doğulmasının şahidi oluruq. Asif Əsgərov, Milli Məclisin deputatı Geri dön |