Ana Sayfa > Siyasət > Uğurlu hərbi əməliyyat
Uğurlu hərbi əməliyyat16-10-2024, 10:01. Yazar: sevinc1 |
Vətən müharibəsində Silahlı Qüvvələrimizin ilk uğurlu hərbi əməliyyatları məhz Füzuli rayonundan başlayıb. Müharibənin ilk günündə - 2020-ci il sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Düşmən üzərində əldə edilən qələbə cəbhədə bütün vəziyyəti ordu bölmələrimizin xeyrinə dəyişdi, böyük ruh yüksəkliyi yaratdı. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərində Araz çayına qədər maili düzənlikdə yerləşir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun ərazisi 1386 kvadratkilometr, əhalisi isə təxminən 144 min nəfərdir. Rayonun ərazisindən Quruçay, Köndələnçay, Qozluçay və Çərəkən çayları keçir. Burada zəngin tarixi abidələr mövcuddur. Ən yaxın tarixə qısa bir nəzər salaq və qeyd edək ki, 1993-cü il avqustun 23-də Füzuli rayonu Ermənistan ordusu, muzdlu dəstələr, terrorçular və onların havadarları tərəfindən işğal olunub. İşğal nəticəsində 51 kənd və rayon mərkəzi ermənilər tərəfindən zəbt edilib və 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından didərgin düşüb. İşğaldan təxminən beş ay sonra cəbhədə erməni silahlı qüvvələrinin hücumu dayandırıldı. Yeri gəlmişkən, burada tarixi bir məqama nəzər salaq. Belə ki, 1993-cü il dekabr ayının əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Füzuli bölgəsinə səfəri, döyüşçülərlə və əhali ilə görüşləri heç də təsadüfi xarakter daşımırdı. Bu səfərdən heç bir ay keçməmiş, 1994-cü ilin yanvar ayında milli ordu hissələri əks-hücuma keçərək düşmənə ağır və sarsıdıcı zərbələr vurdu, Horadiz qəsəbəsi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ərəfəsində işğaldan azad edilən Füzulidə ən iri infrastruktur layihə həyata keçirilib. Bölgədə analoqu olmayan Füzuli Hava Limanı səkkiz aya ən müasir səviyyədə inşa edilərək istifadəyə verilib. Hava limanı ilk təyyarələri qəbul edib. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, burada VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometrdir. Hər iki yol boyunca tunellər, körpülər inşa edilib, bütün zəruri infrastruktur yaradılıb. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Bu gün tək füzulilər yox, bütün Azərbaycan sevinc içərisindədir. Şəhər günün mübarək doğma şəhər! Bəxtiyar Mustafayev, YAP Mingəçevir təşkilatının sədri Geri dön |