Ana Sayfa > Manşet / Siyasət / Özəl > Adəm İsmayıl Bakuvi: “Prezident İlham Əliyevin birbaşa nəzarəti altında reallaşan “Böyük Qayıdış”ı bütün dünya heyranlıqla izləməkdədir”

Adəm İsmayıl Bakuvi: “Prezident İlham Əliyevin birbaşa nəzarəti altında reallaşan “Böyük Qayıdış”ı bütün dünya heyranlıqla izləməkdədir”


16-10-2024, 09:56. Yazar: sevinc1
Adəm İsmayıl Bakuvi: “Prezident İlham Əliyevin birbaşa nəzarəti altında reallaşan “Böyük Qayıdış”ı bütün dünya heyranlıqla izləməkdədir”

“XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüsünə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını da işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il oktyabrın 30-da işğal olunmuş Zəngilan rayonu həmin tarixə qədər 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayon əhalisinin sayı 45 min nəfərdən çox olub. İşğaldan sonra bütün bu insanlar məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıblar. Rayon iqtisadiyyatının əsasını təşkil edən 29 kolxoz-sovxoz, 1 arıçılıq təsərrüfatı, 4 kooperativ və 3 kəndli-fermer təsərrüfatının maddi-texniki bazası işğal dövründə tamamilə dağıdılaraq talan edilmişdir. Həmçinin rayon ərazisində olan zəngin təbii resurslar – qiymətli ağac növləri, tikinti daşı, qara mərmər, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı, qızıl və molibden yataqları da işğal dövründə erməni qəsbkarları tərəfindən qeyri-qanuni istismar olunmuş, ölkəmizin sərvətləri xaricə daşınmışdır.”

Bu sözləri 20 oktybr Zəngilan Şəhəri Günü münasibətilə aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi deyib.

Müsahibimiz daha sonra Zəngilanın azad olunmasından bəhs edərək bildirib ki, hərbi əməliyyatların gedişində Cəbrayıl rayonunda düşmənə vurulan sarsıdıcı zərbələr Zəngilan əməliyyatının uğrla həyata keçirilməsi üçün əlverişli taktiki şəraitin yaranmasına səbəb olub: “2020-ci ilin 27 sentyabr tarixində Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə əsasən torpaqlarımızın işğaldan azad olunması məqsədilə başlanan Vətən müharibəsinin gedişində Zəngilandan şərqdə yerləşən Cəbrayıl rayonunda ordu hissələrimiz düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla əlverişli taktiki mövqelərə çıxdılar. Məhz bundan sonra ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Artıq oktyabrın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Düşmən Azərbaycan Ordusunun hücumları qarşısında iki gün belə duruş gətirə bilmədi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Xüsusilə vacib məqamlardan biri də budur ki, Zəngilanın işğaldan azad olunması ilə işğal altında olmuş 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədi tam bərpa edildi. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.”

Fikirlərini davam etdirən politoloq bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində yenidənqurma işlərinin böyük vüsətlə davam etdiyini vurğulayıb: “Bu gün bütün dünya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə buranın əsil sahiblərinin geri dönüşünü, “Böyük Qayıdış” layihəsinin getdikcə daha böyük vüsətlə reallaşdığını heyranlıqla izləməkdədir. Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərazilərə etdiyi müntəzəm səfərlər bu işlərin daha böyük dinamikasını və effektivliyini təmin edir. Artıq “Böyük Qayıdış” layihəsinin birinci pilot layihəsi Zəngilanın Ağalı kəndində icra edilib. Ağalıda 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Artıq keçən ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bir məqamı da qeyd edək ki, Zəngilan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor kimi çıxış edir. Bütün bu proseslər Azərbaycan xalqının yaradıcı ruhunu bütüb dünyaya aydın şəkildə nümayiş etdirir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Geri dön