Ana Sayfa > Siyasət / Parlament > Zəfər və inkişaf missiyası

Zəfər və inkişaf missiyası


Dünən, 10:30. Yazar: sevinc1
Zəfər və inkişaf missiyası

21 il öncə Azərbaycanın dövlətçilik salnaməsinin ən parlaq səhifələri yazılmağa başlandı. Tarixin ən qüdrətli Azərbaycanının və ən möhtəşəm Zəfərinin əsasının qoyulduğu 15 oktyabr günü yalnız milli tariximizin dönüş məqamı olmadı, həm də bütün Qafqazın siyasi, iqtisadi taleyini dəyişən mühüm ana çevrildi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına son müraciətində "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" demişdi. Müdrik şəxsiyyətin bu fikirləri ötən dövrdə minlərlə uğur göstəricisinin timsalında öz təsdiqini tapdı.

Milli hədəf və məqsədin reallaşması üçün güclü dövlət və onu qətiyyətlə idarə edəcək qüdrətli lider ən vacib məsələdir. Bu gün Azərbaycanın müstəqil dövlət kimi dünyada qlobal nüfuz qazanması, regional lider kimi qəbul edilməsi məhz İlham Əliyev şəxsiyyətinin və onun rəhbəri olduğu dövlətin qüdrətinin məntiqi nəticəsi və təntənəsidir.

Prezident İlham Əliyev xalqın mütləq etimadı ilə Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoydu. O, fəaliyyətinin ilk günündən etibarən Ulu Öndərin milli tərəqqi strategiyasını davam etdirərək, onu dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirdi. Azərbaycan iqtisadi, siyasi qüdrəti, hərbi gücü və xalqın iqtidara birmənalı inamı ilə, əzmlə daha böyük nailiyyətlərə doğru irəlilədi. Nəticədə iqtisadi-sosial inkişafın, güclü dövlətçiliyin, hüquqi dövlətin və müzəffər zəfərin Azərbaycan nümunəsi yarandı. Bu nümunə - model artıq bütün dünyanın maraqla öyrəndiyi, yüksək dəyərləndirdiyi mükəmməl strateji yol xəritəsidir.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 21 il ərzində bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyətə malik nailiyyətlər əldə olundu, respublikamızın sosial-iqtisadi göstəriciləri mütəmadi olaraq yüksəldi, beynəlxalq nüfuzu artdı. Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoydu, ən güclü intibah dövrünə nail oldu. Dövlət başçısının müəllifi olduğu milli inkişaf modelinin uğurla tətbiq olunması nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi sistem formalaşdı, bölgələrin davamlı və tarazlı sosial-iqtisadi inkişafı təmin edildi.

Ötən 21 il müddətində dövlət başçısı verdiyi bütün vədləri reallaşdırdı, özünün dediyi kimi, əsl siyasəti - əməli fəaliyyəti konkret işlə birləşdirərək, layiqincə həyata keçirdi. Nəticə yalnız respublika iqtisadiyyatının modernləşməsi və güclənməsi olmadı, həm də vətəndaşlarımızın rifahı yüksəldi, güzəranı yaxşılaşdı. Azərbaycan Avropa ilə Asiyanı, şimalla cənubu bir-birinə sıx bağlayan nəhəng layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Bu gün Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində əldə etdiyi nailiyyətlərlə dünyanın müzakirə etdiyi güclü dövlətdir.

Prezident İlham Əliyev müasir dövrün ən mühüm çağırışlarından biri olan kompleks islahatlar kursunu uğurla hazırlayaraq, bütün sahələrdə tətbiq etdi. Yeni ictimai-siyasi konfiqurasiyanı yaradaraq, cəmiyyətdə siyasi dialoqun miqyasını genişləndirərək, Azərbaycanın demokratik inkişafını təmin etdi və milli həmrəyliyin güclənməsinə şərait yaratdı. Müasir qloballaşma dövründə daim Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi özünü təsdiq edən dövlət başçımız beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir. Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Azərbaycanın daha uğurlu gələcəyinin qarantıdır.

Möhtərəm Prezidentimiz Azərbaycan tarixinə yeni missiya ilə adını həkk etdirib. İlham Əliyevin xilaskarlıq və quruculuq missiyasının təntənəsi olaraq artıq tam yeni dövlət - Zəfər Azərbaycanı formalaşıb. Prezident həm də Ulu Öndərin ən böyük arzusunun - torpaqlarımızın azadlığı və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması diləyinin reallaşması üçün tarixi şərait yaratdı.

Vətən müharibəsində əldə olunan qələbə Prezident İlham Əliyevin 2003-cü ildə prezident seçkiləri zamanı xalqa verdiyi vədlərin real həyatda öz təsdiqini tapmasının təzahürüdür. 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış torpaqlarımızın təcavüzdən xilas edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması cənab İlham Əliyev tərəfindən onun Prezidentliyi müddətində gecəli-gündüzlü aparılan siyasətin təntənəsidir. Mürəkkəb geosiyasi şəraitdə, fövqəldövlətlərin toqquşan strateji maraqlarının fonunda bu zəfər salnaməsinin yaradılması, işğalçıların darmadağın edilərək layiqincə cəzalandırılması Müzəffər Ali Baş Komandanın nəyi necə və nə vaxt edəcəyini dəqiq bilən strategiyasının məntiqi nəticəsidir.

2020-ci ilin sentyabrınadək olan dövrdə Prezident İlham Əliyevin tərəqqiyə və qələbəyə hədəflənən siyasəti sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi tam təmin edildi, ölkənin maliyyə imkanları genişləndi. İqtisadi inkişaf Azərbaycanı tarixi zəfərə aparan çox mühüm və həlledici amil oldu. Bununla paralel olaraq ordu quruculuğu strategiyası müvəffəqiyyətlə icra edildi, Silahlı Qüvvələrin döyüş qabiliyyəti, hərbi hazırlıq səviyyəsi artırıldı, maddi-texniki təchizatı gücləndirildi. Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında təmin etməsi gerçəyə çevrildi. Beləliklə, milli maraqlara əsaslanan xarici siyasət kursunun, güclü iqtisadiyyatın və modern ordu quruculuğunun uğurlu vəhdəti, ən əsası isə milli həmrəyliyin, xalq-lider birliyinin yaradılması əsas milli hədəfin reallaşmasını təmin etdi.

Bu tarixi zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasəti, həmçinin Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qazandıq. Vətən müharibəsində Azərbaycan xalqı Prezidentin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, tarixi ədalətsizliyin aradan qaldırılmasına nail oldu.

44 günlük Vətən müharibəsindəki tarixi zəfərimiz Azərbaycanı bütün dünyaya qalib ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı. Bu müharibənin gedişində Azərbaycan haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar gördülər ki, xalqının maraqlarını hər şeydən üstün tutan, "Qarabağ Azərbaycandır və nida" kəlməsini Azərbaycan tarixinə əbədi həkk edən Lideri var, həm də XXI əsrin müharibəsini qələbə ilə apara bilən güclü, əzmkar, peşəkar Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Şübhəsiz ki, Prezident İlham Əliyevin qazandığı bu qlobal nüfuz və dəstək ölkəmizin daha uğurlu gələcəyinə töhfədir.

Bu gün Azərbaycan Vətən müharibəsindəki tarixi qələbəsi ilə regionda yeni reallıqlar yaradıb. Prezident İlham Əliyev sülh prosesində də güclü iradə, qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycan öz strateji hədəflərini addım-addım gerçəkləşdirir.

Artıq dörd ildir ki, işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bu ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işləri dövlətimizin gücünün təsdiqidir. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrası və bəzilərinin başa çatdırılması Prezident İlham Əliyevin böyük vətənpərvərliyinin, qətiyyətli fədakarlığının təzahürüdür.

Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda hər ay, bəzən hər həftə yeni infrastruktur layihələrinin təməlini qoyur. Böyük qayıdışın yeni ünvanlarında keçmiş məcbüri köçkünlərə yeni mənzillərinin açarlarını təqdim edir. Düşmənin viran qoyduğu Qarabağı və Şərqi Zəngəzuru Prezident İlham Əliyev dünyanın ən gözəl guşələrindən birinə çevirəcək.

Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq-bərpa prosesində Heydər Əliyev Fondu da yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunan yurdlarımızdakı tarixi abidələr həyata qaytarılır, mədəniyyət inciləri yenidən bəşəriyyətə bəxş edilir. Vətən müharibəsi vaxtı Mehriban xanım Əliyevanın xalqımızı qələbəyə ruhlandıran çağırışları, şəhid ailələrinə, yaralılara və müharibə iştirakçılarına həssas diqqət və qayğısı, Prezidentlə birgə işğaldan azad olunan rayonlara səfər etməsi və müharibədən sonrakı quruculuq fəaliyyəti vətəndaşlarımız tərəfindən böyük qədirbilənliklə qiymətləndirilir.

Ümumiyyətlə, Azərbaycanın strateji məqsədlərinin reallaşdırılmasında, uğurlu sosial siyasətin tətbiqində, xalq-iqtidar birliyinin möhkəmləndirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri, əlahiddə fəaliyyəti olub. Mehriban xanımın bütün sahələrdə irəli sürdüyü uğurlu təşəbbüslər, həyata keçirdiyi proseslər cəmiyyətdə onun müsbət imicini davamlı möhkəmləndirir, nəticə etibarilə İlham Əliyevin və iqtidarın nüfuzunun daha da yüksəlməsinə əməli töhfə verir.

Son 21 ildə Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq, multikulturalizm və tolerantlıq məkanı kimi tanınır, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir. Nəhəng enerji-nəqliyyat və infrastruktur layihələri dövlətimizin təşəbbüsü və liderliyi ilə reallaşdırılır, Azərbaycan regional güc mərkəzinə çevrilir. Bütün bunlar dövlət başçımızın müdrik siyasətinin, qətiyyətli iradəsinin, zəngin dövlətçilik təcrübəsinin, böyük vətənpərvərliyinin nəticələridir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz şanlı tarixinin ən şərəfli mərhələsini yaşayır. Bu mərhələnin davamlılığı və daha böyük hədəflərin reallaşması məhz Heydər Əliyev yolunun - İlham Əliyev dövlətçilik xəttinin əbədi istinad mənbəyimizə çevrilməsi ilə mümkündür. Bu yola, bu xəttə alternativ yoxdur.

Ötən 21 ilin məntiqi yekunu da elə budur ki, xalq Prezident İlham Əliyevin timsalında öz birmənalı inam, etimad ünvanını müəyyənləşdirib. Tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olan Prezident İlham Əliyev əminik ki, daha möhtəşəm zəfərlərlə, nailiyyətlərlə dövlətimizə və xalqımıza yeni qələbələr, uğurlar yaşadacaq.

Asif ƏSGƏROV,
Milli Məclisin deputatı

Geri dön