Ana Sayfa > Özəl > Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik

Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik


Bu gün, 15:47. Yazar: sevinc1
Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik

“2023-cü il oktyabrın 15-i Azərbaycan xalqının, eləcə də dünya azərbaycanlılarının yaddaşına əbədi həkk olunan gündür. Məhz həmin gün Prezident, Ali Baş Komandan Xankəndinin mərkəzində Azərbaycanın Bayrağını qaldırdı. Dövlətimizin başçısı bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edərək dedi ki, düz 20 il bundan əvvəl Azərbaycan xalqı ona böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçib. O vaxt doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Son 20 il ərzində verdiyi bütün vədlər, qarşıya qoyduğu bütün vəzifələr icra edildi”.
Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmiz tədricən dünyada söz sahibinə çevrildi, nüfuzlu beynəlxalq təşkilatların üzvü, bir çox hallarda həmin təşkilatların bəzilərnə rəhbərlik də etdi. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, ölkəmizdə güclü iqtisadiyyat yaradıldı. Müstəqilliyi möhkəmləndirmək, əbədiyyətə çevirmək üçün əsas şərtlərdən biri güclü iqtisadiyyata, qüdrətli orduya malik olmaq vacibdir. Ölkə Prezidenti Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdı. Ölkəmizdə elə bir güclü ordu yaradıldı ki, qarşıya qoyulan bütün vəzifələri yerinə yetirməyə qadir olsun. Bunu 2016-il Aprel döyüşlərində, 2020-ci ilin Tovuz əməliyyatında, 2020-ci il Vətən Müharibəsində və 2023-cü il lokal xarakterli antiterror tədbirlərində gördük. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Ordumuzla, Silahlı Qüvvələrimizlə Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
Biz Şuşanı - bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq.
Xankəndidə keçirilən Zəfər paradı ölkəmizin gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidən xalqa müraciətində demişdi: “Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı

Geri dön