Ana Sayfa > Özəl > Şəhid Əkbər Hüseynlinin doğum günü qeyd edildi

Şəhid Əkbər Hüseynlinin doğum günü qeyd edildi


15-10-2024, 15:43. Yazar: sevinc1
Şəhid Əkbər Hüseynlinin doğum günü qeyd edildi

Bu gün UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 44 günlük Vətən müharibəsinin şəhidi Əkbər Hüseynlinin doğum günü qeyd edilib.

aia.az xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Kollecin rəhbər heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə tələbələr 23 yaşı qeyd olunan şəhid tələbə Əkbər Hüseynliyə həsr etdikləri şeirləri söyləyiblər, onun haqqında hazırladıqları videoçarxları nümayiş etdiriblər.

Şəhidin qrup yoldaşı, 44 günlük Vətən müharibəsinin iştirakcısı Murad Mənsimov çıxış edərək Əkbərin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişdir.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov çıxışında şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildirib.
Qeyd edək ki, Əkbər Hüseynli 2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olub. Əkbər Hüseynli Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil alıb. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirib.Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb.

Əkbər Hüseynli Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda başladılan II Qarabağ savaşının ilk günlərindən Murov istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı qolundan yaralanıb, əsgər yoldaşlarının təkidinə baxmayaraq döyüşə davam edib.
27-29 sentyabr tarixlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş yoldaşları ilə xeyli irəliləyərək düşmənin çox sayda hərbi qulluqçusunu məhv edib. 29 sentyabrda Murov zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən əsgər Hüseynli Əkbər ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən əsgər Hüseynli Əkbər ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən əsgər Hüseynli Əkbər ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Geri dön