Ana Sayfa > Gündəm > Asiya Parlament Assambleyasının Koordinasiya iclası keçirilib

Asiya Parlament Assambleyasının Koordinasiya iclası keçirilib


15-10-2024, 14:28. Yazar: sevinc1
Asiya Parlament Assambleyasının Koordinasiya iclası keçirilib

İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində Asiya Parlament Assambleyasının Koordinasiya iclası keçirilib. Hazırda Azərbaycanın sədri olduğu Asiya Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri, təşkilat sədrinin təmsilçisi Rizvan Nəbiyev koordinasiya iclasına sədrlik edib.
Rizvan Nəbiyev çıxışında Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin sona çatmasından sonra Cənubi Qafqazda yaranan siyasi reallıqlar və post-münaqişə dövründə baş verən proseslər haqqında məlumat verib. O, Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsus olduğunu nümayəndə heyətlərinin diqqətinə çatdırıb. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və münasibətlərin tam normallaşması üçün Ermənistanın öz Konstitusiyasına dəyişiklik etməsinin və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsinin mütləq şərt olduğu qeyd edilib.
Nümayəndə heyətinin rəhbəri, həmçinin 300 000 azərbaycanlı qaçqını təmsil edən Qərbi Azərbaycan İcmasının müraciətlərinə baxmayaraq, Ermənistan hökumətinin dialoqdan qaçdığını və onların insan hüquqları haqqında müxtəlif beynəlxalq sənədlərdə təsbit olunmuş qayıdış hüququnu təmin etməkdən yayındığını diqqətə çatdırıb.
Rizvan Nəbiyev çıxışında bu ilin noyabr ayında Azərbaycanın Cənubi Qafqazda və bütövlükdə regionda ilk dəfə olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP-29-a ev sahibliyi edəcəyini qeyd edib. Azərbaycan Respublikası tərəfindən maliyyə, insan kapitalı, sülh və bir sıra digər məsələlər üzrə 14 təşəbbüsdən ibarət olan iddialı Fəaliyyət Proqramının hazırlanması diqqətə çatdırılıb.




Geri dön