Ana Sayfa > Siyasət > Böyük qələbənin simvolu
Böyük qələbənin simvolu15-10-2024, 11:34. Yazar: sevinc1 |
Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərindəki çıxışı, Azərbaycanın tarixi mədəniyyəti və milli ruhunu canlandıran, xalqımızın böyük qələbəsinin simvolu olan bir hadisədir. O gün, bayrağımızın Xankəndidə dalğalanması, Azərbaycan dövlətinin və xalqının uğurlu mübarizəsinin ən parlaq ifadəsidir. Bu, illər boyunca arzu edilən, axtarılan bir anın reallığa çevrilməsi idi. Azərbaycan xalqı üçün bu qələbə, 30 il ərzində çəkilən çətinliklərin, itkilərin və yorulmadan aparılan davamlı mübarizənin nəticəsi idi. Bu müddət ərzində ürəklərimizdə daima ümid, mübarizə istəyi və Vətən sevgisi yaşadı. Hər bir Azərbaycanlı, bir gün Xankəndidə, Xocalıda, Şuşada, Laçında Azərbaycan Bayrağının dalğalanacağına inanırdı. Bu arzu, 2020-ci il Vətən müharibəsi ilə gerçəklik oldu və qələbə bizi əbədi qürurlandıracaq bir mirasa çevrildi. Bu Şanlı Qələbənin arxasında, Ulu Öndər Heydər Əliyevin prinsipial siyasəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi durur. Prezident, işğal altında olan torpaqların azad edilməsi, Azərbaycan Bayrağının bizə əbədi məxsus olan bu yerlərdə dalğalanması üçün əzmkar iradəsi ilə durmadan çalışdı. Güclü iqtisadiyyat və güclü ordu müstəqilliyimizin təməl daşlarıdır. Möhkəm təməl üzərində qurulan iqtisadi model olmadan müstəqil bir dövlətin yaşaması çətindir. Bu, ölkəmizin dünya arenasında öz yerini tapmasında da mühüm rol oynamışdır. Azərbaycan Prezidenti İlham Əliyev 21 ildir ölkəyə rəhbərlik edir və müasir dövrdə ölkənin simasını müəyyən edən tarixi şəxsiyyətdir. Onun rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, iqtisadi islahatlar aparıldı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəldildi, ərazi bütövlüyü bərpa olundu. Bu nailiyyətlər birbaşa Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, uzaqgörən siyasəti ilə bağlıdır. Həyata keçirilən mühüm layihələr Azərbaycanın milli maraqlarına tam uyğun formalaşıb. “Əsrin müqaviləsi”nin başladığı neft strategiyası ardıcıl surətdə davam etdirildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi nəhəng enerji layihələri Azərbaycanı qlobal enerji təhlükəsizliyində əsas ölkələrdən birinə çevirdi. Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sahəsində dərin biliyi və çevik diplomatiyası Azərbaycanın xarici siyasətini müəyyən edir. O, ölkələrin suverenliyinə hörmət prinsiplərinə əsaslanan qarşılıqlı əməkdaşlıq modelini inkişaf etdirir. Bu yanaşma nəticəsində Azərbaycan dünya arenasında etibarlı tərəfdaş və nüfuzlu aktor kimi qəbul olunur. Aparılan siyasət nəticəsində Azərbaycan siyasi, iqtisadi və hərbi sahədə beynəlxalq nüfuza malik güc mərkəzi kimi tanınır. Azərbaycan praktiki əməlləri ilə bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında əməkdaşlıq təklif edir. Azərbaycan istənilən ölkənin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalaraq mürəkkəb beynəlxalq münasibətlər fonunda müstəqil xarici siyasət yeritməyə nail olur. Bu səbəbdən də Prezident İlham Əliyevin təşəbbüsləri bütün dünyada dəstəklənir. Vətən müharibəsində qazanılan şanlı qələbə və antiterror tədbirlərinin möhtəşəm uğurla başa çatması nəticəsində ölkəmiz tarixdə ilk dəfə olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Döyüş meydanında göstərilən şücaət, birliyimiz və Vətənə bağlılığımızın ən önəmli ifadəsi oldu. Bununla yanaşı, Vətən müharibəsi və 1 gündən də az davam edən antiterror əməliyyatı müddətində canlarından keçən, şəhid olan qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Onların qəhrəmanlığı, qorxmazlığı bizə ilham verir. Eyni zamanda, qazilərimiz, müharibədən sonra da mübarizələrinin simvolu olaraq, cəmiyyətimizin fəal üzvü olmağına, Vətənlərini tanıtmağa dəstək verərək, bizim üçün bir nümunədir. Bu gün, Xankəndidə dalğalanan Azərbaycan Bayrağı, yalnız bir dövlət simvolu deyil, eyni zamanda, şəhidlərimizin xatirəsini əbədiləşdirən, qazilərimizin mübarizəsini yaşadan bir rəmzdir. Ermənistanın işğalçılıq siyasəti artıq geridə qalmışdır. Bizim haqqımız olan torpaqlara qayıtmaq, onları yenidən canlandırmaq, birliyimizi və gücümüzü daha da gücləndirmək naminə çalışmalıyıq. Prezident İlham Əliyevin çıxışı, həm də Azərbaycan xalqına verilmiş əhəmiyyətli bir vəddir: Xankəndi də daxil olmaqla, bütün işğal altındakı torpaqlarımıza geri dönəcəyimizə olan inancımızın gerçəkləşməsidir. Bu önəmli tarix, Azərbaycan xalqının tarixi zəfəri, qazanılan uğurların bir parçası olmaqdan ötrü bizdən sonra gələn nəsillər üçün əbədi bir səhifədir. Bu qələbə, təkcə müstəqil Azərbaycanın deyil, Ulu Öndər Heydər Əliyevin irsinin, onun illərlə apardığı siyasi mübarizənin nəticəsidir. Xalqımızın müstəqilliyi və suverenliyi, onun yüksək siyasi iradəsinin bəhrəsi və bu ruhun daşıyıcısı isə Prezident İlham Əliyevdir. Azərbaycan xalqı, öz azadlığını, müstəqilliyini və gücünü qanı və canı bahasına əldə etdi. Bugünkü Azərbaycanın gücü, birliyi, azadlığı və əzmkarlığı heç vaxt məğlub olmayacaq. Bayrağımız, əbədi olaraq Xankəndi, Xocalı, Şuşa, Laçın və digər azad edilmiş torpaqlarımızda dalğalanacaq. Bu gün Xankəndi, Azərbaycanın digər qədim və tarixi əraziləri kimi, xalqımızın iradəsi və mübarizəsi nəticəsində yenidən öz milli ruhuna qovuşur. Bu müqəddəs torpaqlarımızda sülh və əmin-amanlıq bərqərar olacaq, Azərbaycan bayrağı Xankəndinin göylərində daim ucalacaq. Azərbaycan xalqı heç vaxt bu yoldan dönməyəcək, müstəqillik və azadlıq əbədi olaraq qorunacaq! Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda əldə etdiyi tarixi qələbə ilə regional reallıqları dəyişdi və əməkdaşlıq üçün yeni perspektivlər yaratdı. İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri ilə yanaşı, yaşayış kompleksləri, məktəblər, sosial obyektlər tikilir. “Böyük qayıdış” proqramı çərçivəsində artıq yüzlərlə ailə öz doğma yurdlarına qayıdıb. Bütün bunlar Azərbaycanın gələcəyinin parlaq olacağının göstəriciləridir. Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrünü yaşayır, bu, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və strateji qərarlarının nəticəsidir. Onun rəhbərliyi ilə Azərbaycan gələcəyə inamla addımlayır və hər bir yeni uğur ölkəmizin dünyadakı mövqeyini möhkəmləndirir. Hicran Hüseynova Milli Məclisin komitə sədri, professor Geri dön |