Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-6 > Göydəniz Qəhrəmanov: “Prezident İlham Əliyev Azərbaycanı güclü və dünya miqyasında nüfuzlu ölkəyə çevirib”

Göydəniz Qəhrəmanov: “Prezident İlham Əliyev Azərbaycanı güclü və dünya miqyasında nüfuzlu ölkəyə çevirib”


15-10-2024, 10:19. Yazar: sevinc1
Göydəniz Qəhrəmanov: “Prezident İlham Əliyev Azərbaycanı güclü və dünya miqyasında nüfuzlu ölkəyə çevirib”

“2023-cü il oktyabrın 15-də Ölkə Prezidenti cənab İlham Əliyev qədim şəhərimiz Xankəndidə Azərbaycan Bayrağını qaldırmaqla növbəti dəfə tarix yazdı. Bu tarixi Qələbəni Azərbaycan xalqı 30 ildən çox gözlədi. Dövlətimizin başçısı 2003-cü ildə ilk dəfə xalqın etimadını qazanaraq Ölkə Prezidenti seçildiyi vaxt müqəddəs Bayrağımızı o vaxt işğal altında olan bütün torpaqlarımızda, istisnasız bütün şəhər və kəndlərimizdə qaldırmağı öz qarşısında bir nömrəli vəzifə kimi qoymuşdu. Növbəti illər ərzində görülən bütün işlər, cənab Prezidentin bütün fəaliyyəti də məhz bu məqsədə nail olmağa yönəlmişdi. Məhz bu fəaliyyət nəticəsində Azərbaycan gücləndi, beynəlxalq nüfuzunu artırdı, güclü iqtisadiyyata və orduya sahib oldu. Azərbaycan özünün ən böyük probleminin həlli üçün, işğala son qoymaq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmək üçün güclü siyasi və hüquqi zəmin yaratdı.
Xalq ölkə rəhbərinin ətrafında birləşərək mənfur düşməni torpağlarımızdan qovaraq ərazı bütövlüyünü təmin etdi.
Keçən il Xankəndidə Dövlət Bayrağını qaldıran cənab Prezident İlham Əliyev xalqa müraciətlə etdiyi çıxışında demişdir: “Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.” Əlbəttə ki, bunun bir həqiqət olduğunu hər kəs təsdiq edə bilər. Lakin real həyatda bunları həyata keçirməyə, öz həqiqi müstəqilliyini beynəlxalq müstəvidə təsdiq etməyə heç də hər ölkəyə müyəssər ola bilmir. Bu gün biz bunu dünyada gedən proseslərdən, o cümlədən Azərbaycana coğrafi baxımdan yaxın və uzaq ölkələrdə yaşanan çətinliklərdən aydın şəkildə müşahidə edə bilirik.
Lakin Azərbaycan butün bu bəlalardan cənab Prezident İlham Əliyevin əzm və qətiyyətlə həyata keçirdiyi uğurlu xarici və daxili siyasət sayəsində hifz oluna bilib. Məhz bu siyasət sayəsində ölkəmizdə formalaşan və günü-gündən möhkəmlənən xalq-iqtidar birliyi Azərbaycanı güclü, nüfuzlu, öz ərazi bütövlüyünü və suverenliyini heç bir xarici dəstək olmadan bərpa etmiş,  mövcud olduğu regionda yeni geo-siyasi reallıqlar yaratmış və bu reallıqların bütün dünya tərəfindən qəbul edilməsinə nail olmuş ölkəyə çevirib.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
       
Fikirlərini davam etdirən deputat daha sonra keçmiş SSRİ dönəmində də Qarabağın ən parlaq inkişaf dövrünün məhz Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərə təsadüf etdiyini vurğulayıb: “Məlum olduğu kimi 2023-cü il ölkəmizdə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev ili elan olunmuşdu. Dünya miqyasında ən görkəmli siyasi liderlərdən biri kimi tanınmış Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi keçən il ərzində təkcə Azərbaycanda deyil, eləcə də bir sıra dost xarici ölkələrdə böyük təntənə ilə qeyd olunmuşdur. Cənab Prezident İlham Əliyevin xalqa müraciətində qeyd olunduğu kimi, 15 oktyabr 2023-cü il tarixində Ümummilli Liderimizin də, Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin də ruhları şad olmuşdur.
Məlumdur ki, 1923-cü ildə bolşevik Rusiyasının tələbi ilə tarixi Azərbaycan torpaqlarında yaradılmış qondarma “Dağlıq Qarabağ Muxtar Vilayətinin” də ən sabitlik dövrü məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-in rəhbərliyində olduğu 1969-1982-ci illərə təsadüf edir.
Vacib bir tarixi məqam da bundan ibarətdir ki, məhz həmin illərdə, eləcə də Ümummilli Lider Heydər Əliyevin Moskvada, SSRİ rəhbərliyində çalışdığı dövrdə bütün Qarabağda insanlar təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayırdılar. Lakin 1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldıqdan sonra mövcud vəziyyətkəskin şəkildə dəyişdi. Bu hadisədən dərhal sonra erməni millətçiləri Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılaraq Ermənistana verilməsi barədə məsələ qaldırdılar. Yeri gəlmişkən, çox maraqlıdır ki, 37 il bundan öncə Moskvada oturan bir erməni millətçisi tərəfindən qaldırılan bu məsələ də həmin vaxt məhz Fransızmətbuatında Avropa ictimaiyyətinə təqdim olunmuşdu. Bundan sonra Erməni millətçiləri Xankəndini faktiki olaraq zəbt etdilər. Bu gün birmənalı olaraq demək lazımdır ki, müasir Azərbaycanın Heydər Əliyev rəhbərlik etmədiyi altı il xalqımız və dövlətimiz üçün ən faciəvi tarixi zaman kəsiyi olmuşdur. Yalnız 1993-cü ildə Ulu Öndərimizin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycan artıq başına gəlmiş və hələ qarşıda üzləşəcəyi bəlalardan qurtuldu, tərəqqi yoluna qədəm qoydu. Bu tərəqqi yolu ilə xalqı inamla irəli aparan Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə 30 illik işğala son qoydu, keçən ilin sentyabr ayında isə özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Geri dön