Ana Sayfa > Siyasət > Tarixi ədaləti bərpa edən Lider!”
Tarixi ədaləti bərpa edən Lider!”14-10-2024, 17:30. Yazar: sevinc1 |
Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasında ilk dəfə prezident seçilməsinin 21 illiyi ilə əlaqədar “Tarixi ədaləti bərpa edən Lider!” adlı konfrans keçirilib. YAP Veteranlar Şurasının üzvlərinin, Milli Məclisin deputatlarının və digər tanınmış ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin partiyanın Yasamal rayon təşkilatının qərargahında yerləşən büstü önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib. Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Prezident İlham Əliyevin 21 illik uğurlu fəaliyyətinə həsr olunmuş “Tarixi ədaləti bərpa edən Lider!” adlı videoçarx təqdim olunub. Giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının uğurla reallaşması respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çevirib: “Azərbaycanın son 21 ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, Prezident İlham Əliyevin müdrik siyasətinin bariz nümunəsidir. Dövlət başçısı tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük zəfərlərinin memarıdır. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi dövlət başçısı kimi fəaliyyətinin 21-ci ili tamam olan Prezident İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu. Xalqımıza böyük qürur bəxş edən 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin bərqərar olması, eləcə də 2023-cü ilin oktyabr ayının 15-də Xankəndi və digər ərazilərimizdə üçrəngli dövlət bayrağımızın ucaldılması, Xankəndi şəhərindən Müzəffər Ali Baş Komandanın xalqımıza müraciəti Prezident İlham Əliyevin qətiyyətinin, qələbə əzminin, siyasi iradəsinin göstəricisi oldu”. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün xalqımız əmindir ki, Ümummilli Liderin siyasi kursu möhkəm əllərdədir. Bu kursu uğurla davam etdirən dövlətimizin başçısı Azərbaycanı hər ötən gün inkişaf etdirərək yeni zirvələrə, ölkəmizi və xalqımızı inamla daha firavan gələcəyə aparır. Xalqımız xoşbəxtdir ki, onun arzularını reallaşdıran, qələbədən qələbəyə doğru aparan qalib Lideri var. Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu”. YAP Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən Şahlar Əsgərov bildirib ki, zamanımızın dühası, Ulu Öndər Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dəyərli qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır: “Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 21 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Ali Baş Komandanın xalqa müraciətlərindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz Liderinə arxalanır”. Yekun nitq ilə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğulayıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub: “Ümummilli Liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident lham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha təsdiqini tapır. Genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəniyyət mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Ötən 21 il ərzində ölkə iqtisadiyyatının şaxələndirilməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə edilib”. Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında uğurlu fəaliyyətinə fərqlənən şəxslərə Fəxri fərmanlar və YAP sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim edilib. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib. Geri dön |