Ana Sayfa > Özəl > Müzəffər Ali Baş Komandan, Fateh, Cənab Prezident İlham Əliyev - 21 il

Müzəffər Ali Baş Komandan, Fateh, Cənab Prezident İlham Əliyev - 21 il


Bu gün, 11:14. Yazar: sevinc1
Müzəffər Ali Baş Komandan, Fateh, Cənab Prezident İlham Əliyev - 21 il

Son 21 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu  uğurla davam etdirən cənab İlham Əliyev müstəqillik tariximizin ən parlaq səhifəsini-Zəfərimizi yazdı  
“Mən bu etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”
15 oktyabr 2003-cü il  prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilən cənab İlham Əliyev 31 oktyabr tarixində  andiçmə mərasimində  bu vədini də vermişdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”
Ölkə Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevə bu müraciətindən 17 il sonra, 44 günlük Vətən müharibəsinin hər gününü xalqımıza qələbə sevinci yaşatmaqla noyabrın 8-də  Qarabağımızın tacı Şuşanın işğaldan azad olması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən keçirdiyi xoşbəxtlik hissini belə ifadə etdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” Bu Qələbə möhkəm təmələ əsaslanan siyasətin son 18 ildə uğurla davam etdirilməsinin nəticəsidir.  
Cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycana ən yüksək zirvələri fəth etdirir. İmzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın bu gün üçrəngli bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasının təqdimatıdır.  
44 gün davam edən və Azərbaycanın Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi bir çox məqamlara işıq saldı. Bir daha  təsdiqləndi ki, dünya ikili standartlardan yaxa qurtara bilmir, ədalət meyarı zamana və məkana görə tətbiq edilərək, maraqların arxasında əriyir, ölkələr arasında  münasibətlərdə «əbədi dost yox, əbədi maraqlar» prinsipi əsas götürülür, ən əsası dəyişən dünyada güc amili öndə dayanır. Azərbaycan bütün hallarda beynəlxalq hüququn norma və prinsiplərini əsas götürdü, 30 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün istər danışıqlar yolu ilə, istərsə də  iqtisadi imkanlara söykənərək ordumuzun maddi-texniki bazasını möhkəmləndirərək lazım gələrsə,  hərb meydanında mübarizəyə hazırlıq həyata keçirdi. Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində daim  bu məqama diqqət yönəldirdi ki,  dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “Kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir: «Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik.»
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra inkişaf yolunda  daha sürətlə gedəcək. Azərbaycan Ordusunun gücü sayəsində işğaldan azad edilmiş torpaqlarımızda, eyni zamanda, 10 noyabr Bəyanatına uyğun olaraq geri qaytarılan Ağdamda, Kəlbəcərdə, Laçında  yeni həyat başlayır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Artıq Ermənistana 30 ildə havadarlıq edən dövlətlər də bu reallığı təsdiqləyir, öz bəyanatlarında Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirirlər.  Yalan təbliğat, yazılan saxta tarix heç zaman zamanın hakimliyini, tarixin yaddaşını üstələmək iqtidarında deyil.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı  işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Böyük Qayıdış strategiyasının effektivliyindən və perspektivliyindən  xəbər verir.
Bütün bu qeyd olunanları Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsi dövründə  Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində «Siz tarixdə necə qalmaq istərdiniz» sualına cavabı ilə tamamlamaq istərdik: «Bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.»

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Geri dön