Ana Sayfa > Yazar1 > Nə qədər ki, sevgi var... -

Nə qədər ki, sevgi var... -


Bu gün, 11:00. Yazar: sevinc1
Nə qədər ki, sevgi var... -



/Dahi şairimiz Nüsrət Kəsəmənlinin işıqlı xatirəsinə ithaf edirəm.\


Öz dövrünün gənclərinin maraqla oxuduğu bir şair vardı: Nüsrət Kəsəmənli. Şeirləri əl-əl gəzirdi, sevgi məktublarını əvəz edirdi. Çünki bu şeirlər adi şeirlər deyildi. Məhəbbətdən, sevgidən yoğrulmuşdu.Nüsrət Əyyubov. Əsl ad və soyadı belə idi. 1946- cı ildə Qazax mahalında doğulmuşdu. Bu səfalı yerlərin saf havası, çayları, bulaqlarının şırıltısı onun ruhuna köçmüşdü. O sonradan dillər əzbəri olan şeirlərini Nüsrət Kəsəmənli imzası ilə yazırdı. Uca boy, enli kürək, xoş sima, incə təb - bütün bunlar onu gənclərə, istəkli oxucularına sevdirən keyfiyyətləri idi. Nüsrət müəllimin həyat yolu hamar və rahat olmamışdı. Nənəsinin himayəsində böyümüşdü. Çox çətinliklərlə üzləşmişdi. Sonralar çox məşhur " Biri vardı, biri yox" şeirində etiraf etdiyi kimi həmyaşıdları hər şeylə təmin olunduqları halda, onda "biri vardı, biri yox"... Mənim Nüsrət Kəsəmənlinin yaradıcılığı ilə ilk tanışlığım onun " Özümə bənzədiyim günlər" şeirlər kitabından başlamışdı. Nüsrət Kəsəmənlinin bütün şeirləri sevgidən, məhəbbətdən dil açırdı.

O, məhəbbət, sevgi şairi idi. Bu mövzu onun şeirlərindən qırmızı xəttlə keçirdi. İncə rübablı Nüsrətin sevgiyə, məhəbbətə öz baxışı vardı. O, ilk sevgini yuvasından düşmüş quşcuğaza bənzədirdi. Nə gözəl bənzətmə?! Gənclərin dilinin əzbərinə çevirilmiş " Sən demə, təzədən sevmək olarmış", " Getmək istəyirsən bəhanəsiz get", " Nə biləydik", " Mən səni unuda bilmirəm axı", və bu kimi digər şeirlərində də incə sevgi motivləri Nüsrət qələmə aldığı bu şeirləri yaşayaraq yazırdı, onu duya-duya yazırdı. Hərdən fikirləşirəm: Görəsən Nüsrət hər hansı bir digər sahədə olsaydı, məsələn, müəllim, mühəndis, həkim kimi özünü təsdiqləyə bilərdimi?! Bu qədər sevilə, populyar ola bilərdimi?! Yox, Nüsrət yalnız poeziya üçün doğulmuşdu. Necə deyərlər, balıq susuz yaşaya bilmədiyi kimi, o da poeziyasız yaşaya bilməzdi. Poeziya onun həyatı idi. Heyif min heyif ki, bu ömür yolu çox qısa oldu. Dillər əzbəri olacaq şeirləri də onun vaxtsız ölümü ilə əbədiyyətə qovuşdu. Nüsrət ilk təhsilini Dövlət İncəsənət İnstitunda almışdı. Sonra jurnalist ixtisasına yiyələnmək üçün Bakı Dövlət Universitetində təhsilini davam etdirirdi. Həm də hərbi xidmətini başa vurub qayıtmışdı. " Bakı" və " Baku" axşam qəzetlərində işləyirdi. Həmin illərdə Nüsrət Kəsəmənli gənclər tərəfindən bəlkə də, ən çox oxunan, ən çox sevilən şairlərdən idi. "Dünyaya pəncərə" adlı televiziya verilişinin həm ssenari müəllifi, həm də aparıcısı idi. Onun şeirlərinə bəstələnən mahnıların sayı gündən-günə artırdı. Bu mahnılar o illərdə, elə indi də çox populyardır. Nüsrət müəllimi yaxşı tanıyanlardan çox eşitmişəm: O, hər şeyə vaxt tapa bilirdi. Gecə yarısına qədər davam edən dost məclisləri, bəstəkarlarla, müğənnilərlə mahnı yaradıcılığı, ailə qayğıları, görüşlər, səfərlər... Hətta imkan tapıb " Doğma sahillər" filmində çəkilməyi də bacarmışdı. Ancaq onun ürəyi poeziya ilə döyünürdü. Nüsrət yazmaya bilmirdi. Ürəklər oxşayan sevgi misraları ağ vərəqlərə axdıqca, rahatlıq tapırdı. Sanki sakitləşirdi. Çox keçməmiş bu atəş yenidən alovlanırdı. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, " Tərəqqi" medallı jurnalist - publisist Mirzə Müşfiq:
- Nüsrət Kəsəmənli 70 - ci illərdə hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini jurnalistika fakültəsində, bizim qrupda davam etdirməyə başladı. Onda Nüsrət həm " Bakı" və " Baku" axşam qəzetlərində əməkdaşlıq edirdi. Əsasən mədəniyyət xəbərlərindən yazırdı. Həmin illərdə Nüsrətin əsgər şeirləri də çox məşhur idi. Qrupumuzda artıq tanınan başqa şairlər də vardı: Tacəddin Şahdağlı,Zamin Mahmudov, Mikayıl Şəfəqli...Ancaq fasilələrdə hamı Nüsrətin başına toplaşırdı. Onun söhbətləri çox maraqlı olurdu.

Bir dəfə fasilə vaxtı Nüsrətlə yanaşı dayanmışdıq. Əslən Masallıdan olan qrup yoldaşımız Həsənağa yaxınlaşıb: "Nüsrət müəllim bir şeir yazmışam. Bəlkə qulaq asasınız"... - dedi. Nüsrət, "yaxşı şeirə qulaq asmağa həmişə vaxt tapmaq olar", - söylədi.

Həsənağa şeirini oxumağa başladı. Şeiri dəqiq xatırlamıram. Çünki üstündən düz yarım əsr keçir. Ancaq, o yadımdadır ki, ilk misralardan birinin sonunda " cığır" sözü vardı.

Nüsrət cəld onu saxladı: Bir dəqiqə bağışla, qəhrəmanın adı yəqin ki, Bağırdır?! Həsənağa təsdiq etdi. Nüsrət bilirsən: " cığır" və " Bağır" sözləri qafiyədir. Ona görə bildim ki, qəhrəmanın adı " Bağır" olacaq"...

Onu da deyim ki, həmin illərdə bizə dərs deyən Bəxtiyar Vahabzadə, Famil Mehdi, Nurəddin Babayev Nüsrətə çox böyük hörmətlə yanaşırdılar"... Bilmirəm, kimin sözüdür, amma çox düz deyir: Biri var şair, biri də var şeir yazan. Nüsrət əsl şeir yazan idi"...

Bəli, Nüsrət üçün sevgi, məhəbbət hissləri onun şeirlərinin ən uca zirvəsi idi. Bu şeirlər çox həzin, ürəyə yatan, ana laylası qədər şirindir.

- Sənsiz elə bilmə öləcəyəm mən,
Qara bir kədərə dönəcəyəm mən,
Gecələr yuxuna gələcəyəm mən,
Sən məni unuda bilməyəcəksən.

Ömründə narahat izim qalacaq,
Alovum sönsə də, közüm qalacaq,
Arxanca həmişə gözüm qalacaq,
Sən məni unuda bilməyəcəksən.

Və yaxud:

- Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr,
Mən gedərəm ikimizin yerinə.

Taleyimdə son açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə,
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm ikimizin yerinə.

Görəsən ürəkləri ehtizaza gətirən bu incə hissləri bundan gözəl necə ifadə etmək olar?!
Nüsrət Kəsəmənli şeir yazmırdı. Ürəyinin odunu, atəşini vərəqlərə köçürürdü.

Haşiyə: Haçansa Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə nəşr olunan jurnalların birində şairin sədaqətli ömür-gün yoldaşı Rəhilə xanımın Nüsrət Kəsəmənli ilə bağlı xatirələrini oxumuşam. Bəlkə də bu yaşımadək oxuduğum xatirələr içində ən təsirlisidir. Düz deyirlər, şair xanımı olmaq çox çətindir. Üstəlik Nüsrət Kəsəmənli kimi hüdusuz dərəcədə sevilən, daim üzdə olan bir şairin xanımı olmaq, onun " şıltaqlıqları"na dözmək onqat çətin idi. Rəhilə xanım bütün bunları biruzə vermədən, dözürmüş, yatmayıb onu gözləyirmiş.Bildiyim bir həqiqət var. İnsan kimi böyük adamların böyük ürəyi olur. Rəhilə xanım da Nüsrətin iki övladının anası, vəfalı ömür-gün yoldaşı, son dərəcə həssas bir xanım idi. Qadın qısqanclığı həmişə olub: dünən də, bu gün də sabah da olacaq. Bunu hədsiz sevgi ilə əlaqələndirənlər də vardır. Amma, Nüsrət müəllimə dəryalar qədər olan sevgisinə baxmayaraq, Rəhilə xanım Nüsrət Kəsəmənlini vaxtı ilə onu sevən, elə Nüsrət Kəsəmənlinin də onu bir zamanlar sevdiyi, lakin taleyin hökmü ilə "ulduzları barışmayan" xanımla görüşməsini təkid edirmiş. Hətta həmin xanım xəstəxanada ölümlə çarpışdığı son günlərdə Nüsrətlə birlikdə xəstəxanaya - ona baş çəkməyə məcbur edib. Belə böyüklük, mində, yüz mində yox, milyonlarla qadından birində olur... Nüsrət Kəsəmənli bir şeirində deyir: "Daha nağıllara inanmıram mən"... Biz də sənin yoxluğuna, bizi əbədi tərk etməyinə inana bilmirik. Çünki hər saat, hər an oxucuların səni xatırlayır.

Mən belə düşünürəm ki, nə qədər ki, sevgi var, məhəbbət var, Nüsrət Kəsəmənli də, yaşayacaq, sağ olacaq. Hər efirdə, məclislərdə sözlərinə bəstələnmiş nəğmələri səslənəndə, şeirləri qiraət olunanda ruhu efirlərdə, məclislərdə dolaşacaq.

Öz ömrü qısa olsa da, bütün türk dünyasının ona olan məhəbbəti, sevgisi qısa olmadı, əsrlər boyunca da, olmayacaq.

Çünki əsl sevgi əbədidir...


*** *** ***

Nəriman HƏSƏNZADƏ, Xalq şairi:

HƏSRƏT

"Biri vardı, biri yox"
İkisi də var idi:
o Davud, o da Nüsrət.
Ulduz kimi söndülər,
xatirəyə döndülər.
Biri ataya həsrət,
biri anaya həsrət.
Vətəndə vətən idi,
millət yanında millət, -
O Davud, o da Nüsrət.
Onun nəvəsi oldu,
bunun oğlu tutuldu.
Biri nəvəyə həsrət,
biri oğula həsrət.
Davud yağışa düşdü,
fikirliydi zavallım.
Əyləci saxlayınca,
vaxtı saxladı, zalım.
Cavanşiri* oyatdı,
özü əbədi yatdı.
Gözləyirdim Nüsrəti,
gözlərimdə xiffəti.
Yola saldım İrana,
tabut döndü bu yana.
Nüsrət Davuda həsrət,
Davud Nüsrətə həsrət. Yer üstü, yer altına-
iki həsrətə həsrət.


Dəmir GƏDƏBƏYLİ, şair - professor:

QӘLBİM YAMAN YUXALIB ...

Yerin cənnət olsun qardaşım Nüsrət !

Sənin bu yoxluğun gözəllərə dərd,
Sevgi şeirləri yoxa çıxıbdı.
Şairlər içində sən hamıdan mərd,
Ürək dostlarını kədər yıxıbdı!

Məhəbbətdən şeir yazan çoxalıb,
Çoxlarının Tanrısı yox, piri yox!
Şair Nüsrət qəlbim yaman yuxalıb,
Yadımdadı ,,Biri vardı, biri yox!,,

Yadımdadı əli qanlı düşmənin,
Azman kimi bir yeridik üstünə!
Neçə - neçə xam xəyala düşənin,
Sonra bildik, fikri nədi, qəsdi nə!

O siyasət oynunda,
Qaldıq əli qoynunda!
El töhməti boynunda;
Uduzan biz!
Udan kim?!
Azadlığı biz aldıq,
Ləzzətini dadan kim?!



Ölməyib,ölümü öldürən şair!

/ Nüsrət Kəsəmənliyə ağı.\

Ürəyim ağradı bu səhər sənə,
Yanıb qovruluram vaxtsız ölmünə,
Niyə fələk qıydı sənin kiminə?
Ölməyib, ölümü öldürən şair!

Süfrən açıq oldu dosta, qonağa,
Sınmadın, tutdular səni qınağa,
Sən ki, bənzəyirdin sönməz çırağa,
Ölməyib, ölümü öldürən şair!

Dağ qüruru vardı o vüqarında,
Saflıq, paklıq vardı əhd - ilqarında,
Söz idi şöhrətin, həm də varın da,
Ölməyib, ölümü öldürən şair!

Köksündə nə boyda dağ aparmısan,
Neçə gözəl illər, çağ aparmısan,
Meyvəsi tağında bağ aparmısan,
Ölməyib, ölümü öldürən şair!

Qalxmışdı göylərə Qarabağ ahın,
Qürbətdə qaraldı gələn sabahın,
Səni əlimizdən aldı Allahım,
Ölməyib, ölümü öldürən şair!

Oğluna qoymuşdun çay adın Araz,
Sənin yadigarın Reşatla, Araz,
Onlar idi sənə həm arzu, muraz,
Ölməyib, ölümü öldürən şair! (((((((



Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü , Prezident mükafatçısı.




Geri dön