Ana Sayfa > Manşet / Siyasət / Özəl > Adəm İsmayıl Bakuvi: “Azərbaycan ilə təhdid dili ilə danışmağın yolverilməz olduğunu hər kəs bilməlidir”

Adəm İsmayıl Bakuvi: “Azərbaycan ilə təhdid dili ilə danışmağın yolverilməz olduğunu hər kəs bilməlidir”


Bu gün, 10:00. Yazar: sevinc1
Adəm İsmayıl Bakuvi: “Azərbaycan ilə təhdid dili ilə danışmağın yolverilməz olduğunu hər kəs bilməlidir”

“İşğaldan öncə əhalisi təxminən 144 min nəfər olan Füzuli rayonu ərazisində 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. 23 avqust 1993-cü il tarixində Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Düşmənin qat-qat üstün və yaxşı silahlanmış qüvvələri ilə üz-üzə qalan füzulililər qanlı döyüşlərdə 663 nəfər şəhid vermişlər. Daha 400 nəfərə yaxın insan əlil olmuş və 181 nəfər əsir və ya itkin düşmüşdür. 27 ildən artıq davam edən işğal dövründə Füzuli rayonunun zəngin tarixi-mədəni abidələri erməni vandalları tərəfindən talan edilmiş, tamamilə dağıdılaraq yerlə-yeksan olunmuşdur. Bu istiqamətdə müvafiq araşdırmalar aparan mütəxəssislərin rəyinə görə, məhz Füzuli işğal dövründə bütün digər rayon və bölgələrimizdən daha çox dağıntılara məruz qoyulmuşdur. Həmçinin rayon ərazisində aparılmış ekoloji monitorinq zamanı müəyyən olunmuşdur ki, Ermənistanın işğalı dövründə meşə fonduna aid olmayan 5 688 ədəd ağac və kol kəsilmiş, habelə meşə fondu sahəsinin meşə ilə örtülü 2 hektar ərazisi, eləcə də rəsmi olaraq təbiət abidəsi statusu verilmiş 11 ədəd qədim ağac qırılaraq məhv edilmişdir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi səsləndirib.

Müsahibimiz Vətən müharibəsi günlərində Füzuli istiqamətində gedən döyüşlərin xüsusi gərginliyini vurğulayıb və bildirib ki, ermənilər bu rayonu özlərində saxlamaq üçün işğal dövründə məhz bu istiqamətdə güclü müdafiə istehkamları yaratmışdılar: “Əslində erməni qəsbkarları Azərbaycan xalqının öz torpaqlarının itirilməsi ilə, işğal faktı ilə heç zaman barışmayacağını həmişə biliblər. Onlar bunu da bilirdilər ki, Azərbaycan bu əraziləri geri qaytarmaq üçün hər an hərbi əməliyyatlara başlaya bilər. Buna görə də ermənilər 30 illik işğal dövründə Azərbaycan ordusu ilə bütün təmas xətti boyunca güclü müdafiə istehkamları yaratmışdılar. Həmçinin düşmən muharibə başlayacağı təqdirdə məhz Füzulinin coğrafi yerləşməsi baxımından strateji əhəmiyyət kəsb edəcəyini bilərək bu istiqamətdə daha çox xüsusilə möhkmləndirilmiş istehkamlar yaratmışdılar. Lakin onların gördükləri bütün tədbirlər heç bir nəticə vermədi. 2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə bütün cəbhə boyunca əks-hücuma keçən Şanlı Ordumuzun qəhrəman döyüşçüləri istehkamları öz canları və qanları bahasına keçərək oktyabr ayının 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etdilər. Bununla da Silahlı Qüvvələrimizin həmin istiqamətdə döyüşən hissələri bütün sonrakı hərbi əməliyyatların gedişinə təsir göstərən vacib strateji üstünlüklər əldə etmiş oldular. O cümlədən, Füzulini aldıqdan sonra artıq Şuşa istiqamətinə getmək üçün Azərbaycan Ordusunun qarşısında daha geniş imkanlar açıldı.”

Fikirlərini davam etdirən A.İ.Bakuvi daha sonra Füzulinin işğaldan azad olunması ilə bağlı əldə olunmuş tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə atılan addımlardan, eləcə də bu gün həmin ərazilərdə aparılan möhtəşəm quruculuq işlərindən bəhs edib: “Vətən müharibəsinin gedişində əldə olunmuş parlaq qələbələrin əbədiləşdirilməsi məqsədilə dövlətimiz tərəfindən görülən tədbirlər böyük mənəvi və siyasi əhəmiyyət kəsb edir. O cümlədən 2020-ci ilin noyabr ayının 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Lakin Azərbaycan xalqı ruhən dağıdıcı yox, yaradıcı xalqdır. II Qarabağ savaşının tarixi Qələbə ilə başa çatmasından dərhal sonra Azərbaycanın işğaldan azad etdiyi bütün ərazilərdə misli görünməmiş bərpa-quruculuq işlərinə başlaması da bunu sübut edir. Ölkə Prezidenti cənab İlham Əliyevin bu rayon və bölgələrə etdiyi səfərlər isə görülən işlərin daim diqqət mərkəzində saxlandığını təsdiq edir və bu işlərin aparılmasına ən güclü stimul kimi təsir göstərir. Dövlət başçısının hər belə səfəri növbəti açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olur. O cümlədən Füzuli rayonunda bu gün möhtəşəm quruculuq işləri böyük vüsətlə həyata keçirilməkdədir. Sözsüz ki, Azərbaycanın iqtisadi qüdrətini və yaradıcı ruhunu nümayiş etdirən ən bariz nümunələrdən biri də cəmi 8 ay ərzində inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanıdır. Dövlət başçımızın 2021-ci ildə Füzuli ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxışında qeyd olunduğu kimi, bəlkə də dünya praktikasında, dünya tarixində belə qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycanın yaradıcı və sülhsevər ruha sahib olduğunun bariz nümayişidir. Lakin Azərbaycan dövləti sülhsevərliyi ilə yanaşı ölkənin və xalqın təhlükəsizliyini təmin etmək üçün, sülhə təhdid törədən bütün qüvvələri dəf etmək üçün müharibəyə də hər an hazır olduğunu dəfələrlə sübut etmişdir. O cümlədən bu ilin sentyabr ayının 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirinin nəticəsi olaraq Azərbaycan öz suverenliyini tam təmin etdi. Artıq bütün dünya Azərbaycan dövlətinin gücünə bələddir və ölkəmizlə təhdid dili ilə danışmağın yolverilməz olduğunu da hər kəs bilməlidir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini sona çatdırıb.
Geri dön