Ana Sayfa > Manşet / Ölkə > AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb12-10-2024, 09:38. Yazar: sevinc1 |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Mediasiya Şurasının nümayəndələri ilə görüş olub. aia.az xəbər verir ki, görüşdə AHİK və Mediasiya Şurasının vəzifələri və funksiyaları, hər iki qurumun reallaşdırdığı layihələr barədə danışılıb, həmçinin birgə əməkdaşlığın perspektivləri müzakirə olunub. Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsi naminə AHİK-in fəaliyyətinin davamlı olaraq təkmilləşdirildiyini qeyd edib. Bildirib ki, əmək şəraitinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəmizdə həmkarlar ittifaqlarının dinamik inkişafı və nüfuzunun artırılması, əmək hüquqlarının etibarlı müdafiəsi və üzvlərin məmnunluğunun təmin edilməsi üçün sistemli iş aparıldığı da nəzərə çatdırılıb. Həmçinin sosial-iqtisadi münasibətlərin tərəfdaşlıq prinsipləri üzərində qurulması, mürəkkəb məsələlərin həllində sosial dialoqa üstünlük verilməsinin diqqətdə saxlanıldığı qeyd olunub. AHİK sədri işəgötürənlə işçi, habelə əmək qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan fərdi və kollektiv əmək mübahisələrinin müsbət həllində həmkarlar ittifaqları ilə mediasiya nümayəndələrinin birgə əməkdaşlığının səmərəli ola biləcəyini vurğulayıb. Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə söz açıb, mediasiya sahəsindəki uğurlu nəticələri qeyd edib. Həmçinin o, məhkəməyə qədər əmək mübahisələrinin həllində birgə fəaliyyətin perspektivlərini müsbət dəyərləndirib və bunun işçi hüquqlarının qorunmasına etibarlı zəmin yaradacağına əminliyini ifadə edib. Görüşdə tərəfləri maraqlandıran istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb, bir daha birgə əməkdaşlığın formalaşdırılması və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, əmək müfəttişləri üçün təlimlərin təşkili və digər müvafiq təkliflər səsləndirilib. Sonda AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Geri dön |