Ana Sayfa > Ölkə > AQTA saxta qida ekspertləri ilə bağlı xəbərdarlıq edib

AQTA saxta qida ekspertləri ilə bağlı xəbərdarlıq edib


11-10-2024, 17:00. Yazar: sevinc1
AQTA saxta qida ekspertləri ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi məqsədilə ölkədə emal olunan qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən aia.az-a verilən məlumata görə, monitorinqlər zamanı ticarət obyektlərində satışı həyata keçirilən müxtəlif adda emal edilən qablaşdırılmış sulardan nümunələr götürülərək sınaqların aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunur. Sınaq nəticələri uyğun olan, qida sahəsində normativ sənədlərin tələblərinə cavab verən suların dövriyyəsinə icazə verilir.

“Təəssüflə qeyd etmək lazımdır ki, bəzi özünü qida mütəxəssisi və ya qida mühəndisi adlandıran “ekspertlər” əhali arasında çaşqınlıq yaradaraq içməli suların tərkibi ilə bağlı heç bir elmə əsaslanmayan reallıqdan uzaq məlumatlar yayırlar. Həmçinin bəzi suların əsasən mədə-bağırsaq, həzm problemi, qaraciyər xəstəlikləri, öd kisəsi və digər daxili orqanlar üçün zərərli, yaxud müalicəvi olması ilə bağlı yanlış məlumatlar verirlər. Bununla yanaşı, həmin “ekspertlər” 30 ildən sonra yenidən istehlakçılara təqdim edilən Kəlbəcər rayonunun “İstisu” mineral suyunun insan orqanizmində bəzi problemlər yarada biləcəyi və ya xəstəlik törətməsi ilə bağlı həqiqətdən uzaq məlumatlar tirajlamaqdan çəkinmirlər. Onlar heç bir tibb təhsili və qida sahəsində peşəkar fəaliyyətləri olmamasına baxmayaraq, həmin suyun bir sıra xəstəliklər yarada biləcəyinə, həmçinin bir çox xəstəliklərin müalicəsinə dair absurd fikirlər səsləndirirlər”, deyə AQTA-nın məlumatında bildirilib.

Qeyd edilib ki, təbii mineral suların qeydiyyatı prosesi zamanı “Qida təhlükəsizliyi haqqında” Qanununa əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal və emal edilməmişdən, dövriyyəyə buraxılmazdan əvvəl məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsi üçün Agentlik tərəfindən tədqiqi (sınağı) aparılır və məhsulların xüsusiyyətlərindən asılı olaraq həmin Qanunun 25-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır: “Bildiririk ki, “İstisu” mineral su zavodunun AQTA-ya müraciəti əsasında Qanuna müvafiq olaraq, 2024-cü il avqustun 30-da “İstisu” təbii mineral qazlı su kimi qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Qeydiyyat proseduru zamanı “İstisu” əmtəə nişanlı məhsulun əldə olunduğu mənbədən götürülən su nümunələrinin laborator müayinə nəticələri məhsulun təhlükəsizlik (o cümlədən, mikrobioloji və toksikoloji göstəriciləri) və minimum keyfiyyət göstəricilərinin təbii mineral sular üçün qida təhlükəsizliyi sahəsi üzrə normativ sənədlərdə göstərilən normalara, insan istehlakına uyğun olduğu, insan həyat və sağlamlığı üçün zərərli olmadığı müəyyənləşdirilib və məhsul qeydiyyata alınaraq Reyestrə daxil edilib. Reyestr məlumatlarına əsasən, qablaşdırılmış təbii mineral su Kəlbəcər rayonu, “Aşağı İstisu” termal mineral su yatağından əldə olunur. Məhsulun etiketində təbii mineral suyun tərkibi barədə məlumatlar bəyan edilib. Saxlama şəraiti ilə bağlı qeyd edirik ki, həmin sular birbaşa günəş şüalarından qorunan yerdə +5°C-dən +28°C-dək temperaturda, nisbi rütubətlilik 75 faizdən çox olmamaq şərti ilə saxlanılmalıdır. Açılmış qablaşdırma 3 gündən artıq olmamaq şərti ilə 0°C-dən +6°C-dək temperaturda saxlanılmalıdır.

Eyni zamanda müvafiq Qanuna əsasən, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməməlidir”.

AQTA vətəndaşları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməyə çağırır.

aia.az
Geri dön