Ana Sayfa > Özəl > Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir!

Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir!


Bu gün, 12:26. Yazar: sevinc1
Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir!

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü ildə Xankəndi şəhərində çıxışı zamanı demişdir: “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Həmçinin şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı dəstələr vardı. Bütün bunlara yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra — 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.
2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına — Vətən müharibəsinə başladı.
Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuşdur.
44 gün davam edən müharibə dövründə "Dəmir yumruq" əməliyyatı həyata keçirən ölkəmiz erməni işğalçılarını diz çökdürdü. Nəticədə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın qəhrəman oğulları otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan xalqına böyük qələbə yaşatdı.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatlarında əldə edilən möhtəşəm qələbələr dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etmişdir.
Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çxış edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışı zamanı demişdir: “Ona görə bu gün bu fürsətdən istifadə edərək ölkə qarşısında duran bəzi vəzifələr haqqında öz fikirlərimi sizinlə və Azərbaycan xalqı ilə bölüşmək istərdim.
Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər. Bizim isə siyasətimiz, əslində, uzun illər ərzində bu istiqamətdə aparılırdı. İşğal dövründə, ilk növbədə, hərbi gücümüzün artırılması daim bizim əsas vəzifəmiz idi və hər il Milli Məclisdə dövlət büdcəmiz təsdiq olunanda artıq hər kəs görürdü ki, birinci xərclər hərbi xərclərdir. Bu gün də belə olmalıdır”.
Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir.
Biz hər zaman Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir!

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Geri dön