Ana Sayfa > Manşet / Siyasət > İstedadlı alim, görkəmli ictimai xadim, fədakar insan...
İstedadlı alim, görkəmli ictimai xadim, fədakar insan...10-10-2024, 12:13. Yazar: sevinc1 |
XX əsrdə Azərbaycan dünya elminə dəyərli tədqiqatlarla bərabər, görkəmli dövlət xadimləri, böyük şəxsiyyətlər bəxş etmişdir. Bu sırada elm dünyasının görkəmli simalarından biri - şərqşünas-alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın adını xüsusi qeyd etmək lazımdır. Çünki bu istedadlı ərəbşünas alim bütün ömrünü elmi yaradıcılığa həsr edərək şərqşünaslığın inkişafına öz layiqli töhfələrini vermişdir. Aida xanım elə ziyalılardandır ki, öz fəaliyyəti ilə təkcə ölkə, region çərçivəsinə sığmamış, dünya miqyasında şöhrət qazanmışdır. Zəngin yaradıcılığında Şərq-Qərb ədəbi və fəlsəfi cərəyanlarını birləşdirən, ingilis romantizmi ilə rus realizmini bacarıqla müqayisə edən alimin tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin dəyərli sərvətləridir. Qələmindən çıxan hər bir söz onun kamil bir şəxsiyyət olduğunu bir daha sübut edirdi. Müasir dövrdə qloballaşma şəraitində dünyanı düşündürən məsələlərdən biri də ortaq mənəvi dəyərlərin yaranmasıdır. Aida İmanquliyevanın yaradıcılığında Şərq-Qərb mədəniyyətlərinin qarşılıqlı təsiri və əlaqələri əsas yer tutmuşdur. Onun fəaliyyətində sivilizasiyaların yeni inkişaf mərhələsinin mədəni təməlini formalaşdıran amillər hazırda müasir dünya elmini düşündürən problemlərdəndir. Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Bu gün ölkəmizdə mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Məhz bu baxımdan Aida İmanquliyevanın yaradıcılığı çox dəyərlidir. Digər tərəfdən A.İmanquliyevanın araşdırmaları gender stereotiplərinin, qadına qarşı diskriminasiya hallarının qarşısının alınması, ailədə və cəmiyyətdə qadın hüquqlarının qorunması istiqamətində tədqiqatlar aparmaq üçün qiymətli bir vəsaitdir. O, qadın hüququ, qadın azadlığı, cəmiyyətdə kişi-qadın bərabərliyi məsələlərinə toxunur, Şərq və Qərb mətnində paralellər aparmaqla qadının məruz qaldığı mənəvi-ideoloji problemlərin həllini təhlil edirdi. Elmin çətin yollarını əzab-əziyyətlə, pillə-pillə keçib Moskvada aspiranturanı bitirəndən sonra öz zəhməti, istedadı ilə Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlmişdi. O, keçmiş SSRİ-də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur. Azərbaycan Şərqşünaslar Məktəbinin nümayəndəsi kimi Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzə etmişdir. Aida xanımın yaradıcılığı Şərq xalqları arasında mədəni ənənələrin elmi-bədii sintezini, yeni ədəbi cərəyanların bir-birinə qovuşmasını özündə əks etdirir. Onun tədqiqatlarında ziyalı bir xanımın Vətənə təəssübkeşliyi hiss olunur. Aida xanım hər bir məqaləsində, hər bir tərcüməsində əsl vətənpərvərlik nümunəsi ortaya qoyub. Onun əsərlərində həyatın gerçəkliyi, cəmiyyətin, insanların real vəziyyəti, mənəvi zənginlik həmişə ön plandadır. Alimin nəzəri tədqiqat dairəsini ümumiləşdirən “Ərəb filologiyası məsələləri”, “Şərq filologiyası məsələləri”, “Şərqin problemləri: tarix və müasirlik” və onlarla digər məqalə və elmi əsərləri müəllifin maraq və tədqiqat əhatəsinin olduqca geniş sahələrə nüfuz etdiyinin göstəricisidir. Onun çoxsaylı elmi əsərləri - 3 monoqrafiya, “Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”, 70-dən artıq elmi məqaləsi ədəbiyyatımızın inciləridir. Aida İmanquliyevanın elmi yaradıcılığı ilə yaxından tanış olduqda, onun Şərq-Qərb mədəniyyətlərini, ümumiyyətlə, dünyada mövcüd olan ədəbi-fəlsəfi, ictimai-siyasi fikir sistemlərini, ideya axınlarını, onların mənşə və mahiyyətini, tətbiq səviyyələrini çox dərindən bildiyi məlum olur. Onun Şərq-Qərb elmi əlaqələrinin genişlənməsi, həmçinin digər mədəni əlaqələrin inkişafı yolundakı fəaliyyətinə dövrünün ən məşhur alimləri Ziya Bünyadov, İosif Bradinski, Anna Dolinina, Valeriya Kripçenko, Rüstəm Əliyev kimi şərqşünaslar yüksək qiymət vermişlər. Göründüyü kimi, Aida İmanquliyeva elmin zirvəsini fəth edincə uzun və şərəfli bir yol keçmişdir. Mənsub olduğu nəslin nüfuzundan əsla istifadə etməyərək bu yolu öz əməyi ilə qət etmişdi. Bu gün onun şərqşünaslıq elmi üçün yetişdirdiyi onlarla tələbəsi və saysız-hesabsız xeyirxah əməlləri yadigar qalır. Aida İmanquliyeva çox zərif, kövrək bir insan, sədaqətli dost, həddindən artıq nəvazişkar və diqqətli bir xanım idi. O, yaxınlarından tez-tez xəbər tutar, onların işi ilə maraqlanar, problemlərini həll etməyə çalışardı. Zəngin yaradıcılığı, ictimai fəaliyyəti, insanlarla ünsiyyəti xarakterindəki tamlığın, bütövlüyün ifadəsi idi. Azərbaycanın böyük ziyalılarından biri, ölkəmizdə ilk Milli Aviasiya Akademiyasının yaradıcısı, akademik, hörmətli Arif Paşayevlə bərabər böyütdüyü qızları – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva və M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA-nın həqiqi üzvü Nərgiz xanım Paşayeva vətənpərvər və xeyirxah ziyalılar kimi mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənirlər. Aida xanım sevimli nəvələrinə də vaxt tapar, onların qayğısını, nazını çəkərdi. Bu ailənin gözəl xüsusiyyətlərindən biri də onların özlərinə və ətrafdakı insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları, hər bir işdə peşəkarlıq nümunəsi göstərmələri, mənəvi harmoniyaya nail olmalarıdır. Aida İmanquliyevanın ailə ənənələri bu gün onun nəcabətli övladlarının timsalında yaşayır və nəsildən-nəsilə keçərək əbədilik qazanır. Əgər insan xatırlanırsa, deməli, yaşayır, xeyirxah əməlləri ilə onu sevənlərin qəlbində əbədi iz qoyur. Bu əbədiyyəti Aida xanım hələ sağlığında qazanmışdı. Hicran Hüseynova Milli Məclisin Komitə sədri, professor Geri dön |