Ana Sayfa > Özəl > Çoxtərəfli əməkdaşlıq görüşü

Çoxtərəfli əməkdaşlıq görüşü


Bu gün, 10:11. Yazar: sevinc1
Çoxtərəfli əməkdaşlıq görüşü

Oktyabrın 7-də Azərbaycan Prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşlər keçirib, iki dövlət arasında əlaqələrin daha da möhkəmlənməsi, həmçinin bir sıra beynəlxalq məsələlər müzakirə edilib.
MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Prezident İlham Əliyev bir daha bildirib ki, möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcək. Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir. Hər iki tərəf siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirlər. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Münasibətlər çoxşaxəlidir.
Dövlətimizin başçısı İlham Əliyev möhkəm təmələ söykənən münasibətlərimizdən geniş bəhs edərək bu fikri xüsusi qeyd etdi ki, biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Putin və Heydər Əliyev qoyublar. Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Birgə böyük nəqliyyat layihələri həyata keçiririk. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir, iqtisadi, siyasi, enerji, humanitar və bir çox digər sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir.
Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin mart ayında Prezident seçildikdən sonra ilk dəfə ölkəmizə dövlət səfəri oldu. Bu səfər də mühüm məqamları ilə diqqətdə olmaqla yanaşı, əlaqələrimizn gələcək inkişafı üçün yol xəritəsinin təqdimatında öz sözünü dedi. Hər bir səfər imzalanan sənədlər, həmçinin müzakirə edilən məsələlər baxımından münasibətlərdə yeni səhifənin açılması ilə tarixə yazılır.
Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Prezident İlham Əliyevin iştirakı və çıxışı münasibətlərimizin təqdimatında əhəmiyyətli rol oynadı. Rusiya Federasiyasının Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdiyini önə çəkən cənab İlham Əliyev bildirdi ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.
Ölkə Prezdienti bu mühüm məqamı xüsusi qeyd etdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib.
Cari ildə dövlət başçısı İlham Əliyevin qarşılıqlı səfərlərdə, iştirak etdiyi beynəlxalq tədbirlərdə diqqət göstərdiyi əsas məsələ Azərbaycanın noyabr ayında mötəbər tədbirə – COP29-a ev sahibliyi olur. Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatıdır. Hər zaman belə bir əminlik də ifadə edilir ki, Azərbaycan digər beynəlxalq tədbirlər kimi, COP29-un da yüksək səviyyədə təşkilinə nail olacaq. Bu tədbir yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açacaq. Azərbaycan malik olduğu imkanları bu tribunadan dünyaya təqdim edəcək. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında da bildirdi ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.
Göründüyü kimi, ikitərəfli əlaqələrin inkişafında maraqlı olan Azərbaycan bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir. Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafı üçün möhkəm baza mövcuddur.

Səmədzadə Şamil,
Nəsimi rayon sakini, ADNSU III kurs tələbəsi

Geri dön